Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Elektron təhsil" respublika müsabiqəsinə 230 layihə təqdim edilmişdir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən "Elektron təhsil" respublika müsabiqəsinə bu günədək 230 layihə təqdim olunmuşdur. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, "Ultra", "Mədəd-Azərbaycan", "Nar Mobile" və "Dr.Web" şirkətləri tərəfindən dəstəklənir. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu 24 may 2013-cü il tarixinədək davam edəcəkdir.

Müsabiqənin rəsmi İnternet səhifəsində (www.musabiqe.edu.az) bu günədək 3812 müəllim, 1233 tələbə, 3155 şagird və 400 valideyn qeydiyyatdan keçmişdir. Qeyd etmək lazımdır ki, bu müsabiqə artıq dördüncü ildir ki, keçirilir. 2010-2012-ci illərdə təşkil edilən müsabiqələrdə ümumi olaraq 2 mindən artıq elektron resurs təqdim edilmiş və təhsil portalında yerləşdirilmişdir. Müsabiqə ətrafında müzakirələrə isə orta hesabla 11,5 mindən artıq müəllim, şagird, tələbə və valideyn cəlb olunmuşdur.

Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur.

Ölkədə ən çox pedaqoli işçini əhatə edən "Elektron təhsil" müsabiqəsinin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar.

"Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar. Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. 

Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər iştirak edə bilərlər. Müsabiqədə həmçinin pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantlar da iştirak edirlər.

"Elektron təhsil" respublika müsabiqəsinin keçirilməsi nəticəsində təhsildə İKT-nin tətbiqi sahəsində pedaqoji təcrübənin yayılması üçün effektiv mexanizmlər yaradılmış, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarının axtarışı stimullaşdırılmış və sərbəst giriş üçün açıq olan 3000-dən çox elektron resurs bazasının arxivi formalaşmışdır. Eyni zamanda təhsil ictimaiyyətinin İKT-nin tədris prosesinə inteqrasiyası haqqında məlumat almaq imkanları genişlənmiş və elektron tədris resurslarının yaradılması sahəsində müəllimlər arasında rəqabətyönümlü bir mühit formalaşmışdır.

Qeyd etmək lazımdır ki, bu istiqamətdə tədbirlər pedaqoji heyətin İKT savadlılığının artırılması məqsədi ilə qiymətləndirmə və motivasiya sisteminin yaradılması çərçivəsində həyata keçirilir. Bu məqsədlə "Elektron təhsil"  müsabiqəsindən əlavə, "İnnovativ Müəllimlər Forumu", "Gənc kompüter istedadları", "Gənc informatik" və s. müsabiqələr keçirilmiş və hazırda keçirilməkdədir.

Bu sahədə təşkil edilən ən əhatəli müsabiqələrdən biri də "İnnovativ Müəllimlər Forumu"dur. Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Microsoft- Azərbaycan" tərəfindən birgə həyata keçirilən "Təhsildə Əməkdaşlıq Proqramı"nın tərkib hissəsidir və dünya "İnnovativ Müəllimlər Forumu"na hazırlığın  Azərbaycan mərhələsidir.

Müsabiqənin əsas məqsədi Azərbaycan təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdlərin XXl əsr biliklərinə yiyələnməsinə şərait yaratmaqdır. Müsabiqə "Məzmunda innovasiya" nominasiyası üzrə keçirilir. Bu nominasiya informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənmişdir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov