Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

AMİ-nin Şamaxı filialında "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan filialın direktoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qeyd etmişdir ki, milli dilə malik olmaq hər bir xalqın özünəməxsusluğunu təsdiqləyən ən mühüm cəhətlərdəndir. Dil bir növ onu daşıyan xalqın tarixinin, ənənələrinin, həyat tərzinin, dünyaya baxışının, toplum kimi ümumi məfkurəsinin aynasıdır. Hazırda Azərbaycan dili müstəqil respublikamızın dövlət dili statusunu daşıyır. Azərbaycan dilinin dövlət dili statusuna yüksəldilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndər hələ sovet dönəmində Azərbaycan dilinin respublikanın Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur. Bu, o dövrün sərt ideologiyasının tələbləri baxımından respublikanın rəhbəri tərəfindən atılan çox cəsarətli bir addım idi. Ulu öndər 1995-ci ildə qəbul olunan Konstitusiyada müstəqil respublikamızın dövlət dili kimi təsbit olunan Azərbaycan dilinin  inkişafına və təkmilləşdirilməsinə həmişə böyük qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyev 18 iyun 2001-ci il tarixdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", 9 avqust 2001-ci il tarixdə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar imzalamışdır. Bu sənədlər bir tərəfdən ulu öndərin xalqın milli mənəvi dəyərlərinə böyük məhəbbətini, həssas münasibətini ifadə edirdisə, digər tərəfdən də dilçilik tariximizin zənginləşməsinə və Azərbaycan dilinin daha yüksək nüfuz qazanmasına sanballı töhfələr vermişdir.

Bildirilmişdir ki, ümummilli  lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasətini onun layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncamları Azərbaycan dilinə göstərilən dövlət qayğısının ifadəsidir.

Sonra ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti illərində Azərbaycan dilinin işləkliyinin təmin olunması ilə bağlı çıxışlarını, yazıçılar, sənət və elm adamları ilə görüşlərini, ana dilinin qorunması, inkişafı ilə bağlı tövsiyələrini, tarixi nitqlərini əks etdirən film nümayiş etdirilmişdir.

 Elmi-praktik konfransda  dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının əməkdaşlarından Rima Quliyeva "Ana dili müstəqil Azərbaycanın milli sərvətidir", Məhəmməd Maqsudov "Azərbaycan dilinin Heydər Əliyev mərhələsi", Bəhram Bağıyev "Heydər Əliyev və Azərbaycan dili", təbiət və pedaqoji elmlər kafedrasının müəllimi Çingiz  Dadaşov "Azərbaycan dilinin qorunub saxlanmasında Heydər Əliyevin xidmətləri" mövzularında məruzə etmişlər.

Tələbələrdən Ramin Musayev və Cəvahir Sübhanzadə ulu öndərin nəsillərə nümunə olacaq heyrətamiz nitq mədəniyyətindən, natiqlik sənətindən danışmışlar.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin  nümayəndəsi İsmayıl Manafov iştirak etmişdir.

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov