Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

ADPU-da elmi-praktik konfrans keçirilmişdir

 

Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayan ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq bütün təhsil-tərbiyə müəssisələrində silsilə tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qərb Universiteti ilə birlikdə "Ekoloji problemlər və ekoloji təhsil", Türkiyənin Hacəttəpə Universiteti və Qafqaz Universiteti ilə birlikdə "Müəllim hazırlama siyasəti və problemləri" mövzusunda keçirdiyi konfranslar, bədii yaradıcılıq festivalları, spartakiadalar ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.  Bu ali məktəbin pedaqoji fakültəsinin professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. 

Konfransı giriş sözü ilə açan pedaqoji fakültənin dekanı, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov müasir Azərbaycan dövlətinin banisi və qurucusu, böyük şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən söz açmışdır. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğu, müdrik rəhbər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrdə ciddi dönüşün yarandığı qeyd edilmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Ümummilli liderin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyən natiq hazırda bu siyasətin ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.

Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev "Heydər Əliyev irsində vətəndaşlıq konsepsiyası" mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzədə dahi şəxsiyyət Heydər Əliyev fenomeni, ulu öndər irsinin istiqamətləri və bu irsdə vətəndaşlıq konsepsiyasının mahiyyəti, məzmunu və elmi-nəzəri əsasları, Heydər Əliyevin vətəndaşlıq konsepsiyasının milli tərbiyənin metodoloji əsası kimi əhəmiyyətindən danışılmışdır. Qeyd edilmişdir ki, mükəmməl elmi-nəzəri və faydalı praktik əhəmiyyət kəsb edən ümummilli lider Heydər Əliyevin irsi zəngin mənbədir.

Konfransın plenar iclasında çıxış  edən digər natiqlər - professor S.Həmidov, professor S.Quliyev ümummilli liderin müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsindəki tarixi xidmətlərini bir daha xatırlatmış və Heydər Əliyev şəxsiyyətinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulamışlar.

Konfransda "Heydər Əliyevin irsində təhsil-tərbiyə məsələləri", "Heydər Əliyev və milli mədəniyyətin inkişafı", "İbtidai siniflərdə riyaziyyat təliminin müasir problemləri", "İbtidai siniflərdə rus dilinin tədrisinin müasir problemləri", "Musiqi təhsilinin müasir problemləri" bölmələrində müzakirə edilən 150-yə yaxın məruzə mətni kitab şəklində nəşr olunaraq tədbir iştirakçılarına çatdırılmışdır.   

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov