Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

"Uçitelskaya qazeta"dan

İnsan mikrob və bakteriyaların yaşayış məskəni kimi

 

İnsan hüceyrələrinin 90 faizinin bizə deyil, bakteriya  və viruslara məxsus olduğunu bilirsinizmi? Bununla belə, onlar hər zaman açıq surətdə zərərli bakteriyalar hesab edilsələr də, orqanizmdə heç də "nəqliyyat sərnişinləri" kimi passiv rol oynamır, həm də insanın immun və həzm sisteminə kömək edirlər. Bakteriyalarla birgə yaşayış bizim sağlamlığımıza çox böyük təsir göstərir. Hələ 2007-ci ildə Amerikada başlamış olan "İnsan mikrobiomu" layihəsi ötən ilin ən parlaq kəşflərindən biri olmuşdur və bu proqram gələcəyə hədəflənmişdir. Onlar haqqında bilgi əldə etmək bizim hər birimiz üçün faydalı olardı.

Mikrobiom əvvəllər bağırsaq mikroflorası adlandırılırdı, indi isə bu anlayış altında hətta təkcə mikroorqanizmlər deyil, həm də yaşadıqları mühitə təsir göstərən mikrob genlərinin məcmusu nəzərdə tutulur. Əvvəllər alimlər əsasən xəstəlikləri törədən mikrobları öyrənirdilər.  Lakin sağlam insan orqanizmində yaşayan mikrobların bütün tipləri, onların harada yaşaması və nə ilə məşğul olması heç kimə tanış deyildi.    Bütün bu məsələlər üzərində 5 il ərzində tam 80-ə yaxın elmi-tədqiqat institutlarında 200 alim çalışmışdır. Onlar insan genetikasında tətbiq olunan metodlardan istifadə etməklə mikrobların DNT şifrəsini oxumuşlar. Amerikada yaşayan 242  nəfər yaşlı kişi və qadın  tədqiq olunmuşdur. Onların dəri, burun,  boğaz, mədə-həzm traktı və s. nahiyyələrdən nümunələr götürülmüşdür. Sonradan alimlər  götürülmüş 5 min RNT molekulunun strukturunu analiz etmişlər ki, bu da  orqanizmlər arasında genetik münasibətləri açıb göstərməli idi. Bundan əlavə, onlar mikrobların genomunu oxumuşlar.

Əldə olunan genetik sıralı  genomları məlum olan  mikroorqanizmlərlə müqayisə ediblər. Nəticədə, layihə iştirakçılarının dedikləri kimi, onlar hazırda insan orqanizmində yaşayan bütün növ mikroorqanizmlər barədə bütün məlumatları əldə edə bilmişlər.

Mikroblar yaşadıqları orqanizmdə müxtəlif funksiyalar yerinə yetirirlər. Bəzi bakterial  genlər müəyyən fayda verən maddələr istehsal edirlər, digərləri isə insan sağlamlığında kritik rol oynayırlar. Qida-həzm traktında olan genlər, məsələn, müəyyən zülalların, yağların, karbohidratların mənimsənilməsində iştirak edirlər. Bundan əlavə, onların iştirakı olmadan biz meyvə və tərəvəzlərdən faydalı olan maddələri mənimsəyə bilmərik. Məsələn, Bacteroides thexaaiotaomicron geni 260-dan çox fermentin genlərini daşıyır ki, bu fermentlər bizim orqanizm üçün çox zəruri olan qlükoza və digər asan mənimsənilə bilən saxarozanın yaranmasında iştirak edir. İnsan genomunda isə əksər genləri kodlaşdıran (yaradan) zəruri fermentlər yoxdur. Hər bir insan fərqli mikrob toplusuna malikdir, onlar isə insanın harada yaşamasından,  dietadan və digər faktorlardan asılıdır. "Bizim hamımızda standart bakteriya toplusu yoxdur, baxmayaraq ki, onlar elə təşkil olunmuşdur ki, eyni bir funksiyanı yerinə yetirsinlər. Ola bilər ki, bizim həyat tərzimiz və ətraf mühit bizim hər birimizi elə bir həll tapmağa sövq edir ki, bizim  xeyrimizə işləsin", - deyə layihənin iştirakçısı Broad İnstite Massaçusets Texnoloji İnstitutundan doktor Bryüs Birren bildirir.

Maraqlıdır ki, insan mikroflora ilə həyata göz açdığı ilk günlərdən (bakteriyalar ona ana orqanizmindən keçir) təmin olunur. Sonra mikroblar hava, su, bədən əlaqəsi, ana südü ilə digər qohum bakteriyaları orqanizmə daşıyırlar. Və beləcə, həyatımızın sonuna kimi bütöv mikroorqanizmlər koloniyası bizlə birləşir, sonda onların sayı təxminən yüz trilyonlara çatır. Yalnız mikrobiomların növ tərkibi dəyişir.

İnfeksiya törədən mikrobları və onlarla birlikdə digər bağırsaq bakteriyalarını öldürən antibiotiklər qəbul olunarsa, mikroblar toplusu da dəyişə bilər.

Yeri gəlmişkən, mikrobiomların rolu müxtəlif faktorlardan asılı olaraq qəddarlıqdan mərhəmətlisinə qədər dəyişə bilər. Belə ki, bəzi insanlarda mədə xorasını yaradan və  çox zərərli Helicobacter pylori mikrobu məlum olub ki, çox yeməyi əngəlləyir. Bu bakteriyanın genomu aclıq hissinə cavabdeh olan qrelin hormonunun səviyyəsini nizamlayır. Əgər yarım əsr bundan əvvəl Helicobacter pylori Amerikanın əksər sakininin mədəsində məskunlaşırdısa, indi onlara uşaqların cəmi 6 faizində, antibiotiklərlə  intensiv müalicə almış yeni nəsildə  müşahidə olunur.  Həkimlər bütün sivil dünyanı bürümüş kütləvi piylənmənin mikrofloranın məhv edilməsi ilə bağlı olduğunu istisna etmirlər. Orqanizm üçün daha vacib olan və insanların 70-80 faizinin mədəsində yaşayan Bacteroides fragilis bakteriyası da yox olmaqdadır. Bu bakteriyalar immun sistemində tarazlığı qoruyub saxlamağa  kömək edir.

Mikrobiom tarazlığın dağılmasının digər bir səbəbi dünyaya qeysəriyyə əməliyyatları ilə doğulan uşaqların sayının (Çində yeni doğulanların 75 faizi, Amerikada isə körpələrin üçdə biri) artmasıdır. Bu cür uşaqlar ana orqanizmindən həyati əhəmiyyətli bir sıra vacib mikroblar ala bilmirlər. Məlum olub ki, steril olmaq sağlamlıq üçün o qədər də yaxşı deyil. Lakin Stenford Universitetinin professoru Devid Relmanın sözlərinə görə, bu tədqiqatlar hələ işin yarısıdır, bizə  mikrobiomların insan hüceyrələri ilə qarşılıqlı təsirinə dair daha çox məlumat öyrənmək lazımdır. Bakteriyalara münasibətdə normanın nə olduğuna dair ilkin  təsəvvürlər əldə edildikdən sonra artıq  müəyyən xəstəlikləri olan insanların fərqli mikroblarının öyrənilməsi, xəstəliklərin müalicəsi barədə daha çox məlumat əldə etmək və onların qarşısını almaq ümidi ilə tədqiqatlar bütün vüsəti ilə davam edir. Məsələn, heç olmasa, C.difficile  adı altında dərmanlara davamlı və diarez yaradan  bağırsaq infeksiyasını  misal göstərək. Bu mikroba çox vaxt xəstəxanada tutulmaq olar, bəzən o, ölümlə nəticələnir. Alimlər müəyyən etmək istəyirlər ki, qida-həzm sisteminin hansı faydalı bakteriya toplusu bu mikrobun qarşısını ala bilər.    Beləliklə də  mikrobiom sahəsində kəşflər fərdi tibb əsrini yaxınlaşdırır.  

Səhifəni hazırladılar: Yusif ƏLİYEV, Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov