Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 May 2013 - №18

 

Birincilərin bayram sevinci

 

Bakıdakı 8 nömrəli tam orta məktəbdə I "c" sinif şagirdlərinin sevincinin həddi-hüdudu yox idi. Çünki onlar ilk dəfə idi ki, yaddaşlarından silinməyəcək  bir  tədbirdə - "Əlifba" bayramında iştirak edəcəkdilər.  Nəhayət, mehriban, gülərüz çiçək balalar  "Koroğlu" operasının uvertürasının  sədaları altında zövqlə, bayramsayağı bəzədilmiş  salona daxil oldular. Bayram şənliyinə toplaşan müəllimlər, qonaqlar, valideynlər balaca fidanları səmimiyyətlə qarşıladılar. Birincilər öncə Dövlət himnini ifa etdilər.

Onlar ümummilli lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi xoş sözləri  səsləndirdilər. Ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  şeirlər, bayatılar söylədilər, mahnılar ifa etdilər.

Sonra şagirdlərdən Ülvi, Leyla, Fərhad, Fidan, Nihad, Yusif, Nuray, Ənvər, Sərxan, Rəsul, Ruslana, Cavid, Gülbəyaz və başqaları gözəl intonasiya ilə   əlifba, müəllim, ana dili, Vətən, sülh, qəhrəmanlıq barədə şeirlər söylədilər,  həvəslə hazırladıqları  nağıllardan parçaları, ata-ana, müəllim-şagird münasibətlərindən bəhs edən maraqlı səhnəcikləri nümayiş etdirdilər.  "Cırtdan və tənbəl", "Turp" adlı yumoristik səhnəciklər  bütün iştirakçılarda xoş ovqat  yaratdı, milli və dünya xalqlarının rəqsləri məharətlə ifa olundu və alqışlarla qarşılandı. Balaca idmançıların rəngarəng çıxışları da  bayram tədbirinə xüsusi  rövnəq bəxş etdi. Birincilər  elmlərin açarı olan "Əlifba" barədə öz ürək sözlərini belə ifadə etdilər: "Biz ömrümüz boyu sənə- əziz dostumuza borcluyuq. Biz sənin köməyinlə 32 hərfi mükəmməl mənimsəmiş, sərbəst yazmağı və oxumağı öyrənmişik. Biz balacalar üçün bundan böyük xeyirxahlıq olarmı?".

Şənliyi həvəslə seyr edən məktəbin direktoru Aytən Baxşıyeva  balaca fidanlara  və tədbirin hazırlanmasında  əməyi olan bütün müəllimlərə təşəkkürünü bildirdi və onlara elm, sənət, həyat yollarında uğurlar arzuladı. Sinif müəllimi Ofelya Babayeva "Əlifba" bayramının önəmli tədbir olduğunu vurğuladı. Qeyd olundu ki, bu gün uşaqlar öz nümunəvi çıxışları ilə sübut etdilər ki, onlar bu mərhələni məharətlə dəf etdilər. O, yetirmələri ilə fəxr etdiyini bildirdi.

Sonda   birincilər  fəxri fərman və diplomlarla  mükafatlandırıldılar. 

S.SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov