Mayın
16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş
Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Azərbaycan dövləti gələcək nəslin sağlam və Vətənə
sədaqət ruhunda böyüməsi, savadlı və yüksək intellekt
sahibi olması qayğısını da öz üzərinə götürmüşdür. Hələ
uşaq yaşlarından hər bir vətəndaşın ilkin peşə və sənət
vərdişlərinə yiyələnməsi üçün müxtəlif tədbirlər
görülür. Son illər paytaxtda və regionlarda Heydər
Əliyev Fondu tərəfindən çoxlu sayda uşaq incəsənət
məktəbləri və yaradıcılıq mərkəzləri istifadəyə verilir.
Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan
insanlara Heydər Əliyev Fondu tərəfindən göstərilən
diqqət və qayğı, mədəniyyət ocaqlarının əsaslı təmiri,
müasir tipli yeni infrastrukturun yaradılması bu sahənin
hərtərəfli inkişafına stimul verir.
Şamaxı Uşaq Yaradıcılıq Mərkəzində tanınmış mədəniyyət
xadimlərimizə həsr olunan guşə onların həyatına və sənət
fəaliyyətinə
aid eksponatlarla zəngindir. Mərkəzin yerləşdiyi ərazidə
genişmiqyaslı abadlıq işləri görülmüş, xeyli ağac və gül
kolları əkilmiş, bütün zəruri infrastruktur
yaradılmışdır.
Prezident İlham Əliyevə məlumat verildi ki, bu incəsənət
ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət
göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq
İncəsənət Məktəbi yaradılmışdır. Məktəb 1984-cü ildən
yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən
ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi
təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına
görə tam yararsız vəziyyətə düşmüş və sökülmüşdü.
Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun
təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq Yaradıcılıq
Mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa
edilmişdir.
Dövlətimizin başçısı Heydər Əliyev Fondunun fəaliyyətinə
həsr olunmuş fotoguşəyə baxdı. Burada "Azərbaycan keçmiş
əsrlərdə və bu gün" mövzusunda təqdim olunan
sərgi-kompozisiyada qədim və müasir memarlıq nümunələri,
həmçinin milli mədəniyyət və məişət ənənələri nümayiş
etdirilir.
Qeyd olundu ki, mərkəzdə ümumilikdə 54 tədris, iki qrim,
iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı,
sərgi salonu yaradılmışdır. Burada tar, kamança, piano
və digər musiqi fənləri tədris olunacaqdır. Tədris
sinifləri və digər yardımçı otaqlar ən müasir
avadanlıqla təchiz edilmişdir. Binada müasir elektrik və
istilik sistemləri quraşdırılmışdır. Mərkəzin akt
zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür
şərait vardır.
Prezident İlham Əliyev Uşaq Yaradıcılıq Mərkəzinin xalq
çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin
"Koroğlu" operasından uvertüranı dinlədi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |