Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 May 2013 - №19

 

Qafqaz Universitetində görüş

 

Ölkəmizdə səfərdə olan Türkiyənin milli təhsil naziri Nabi Avçının başçılıq etdiyi nümayəndə heyəti mayın 22-də Qafqaz Universitetində olmuşdur.

Professor-müəllim və tələbə heyəti ilə keçirilən görüşdə universitetin rektoru, professor Ahmet Saniç  Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmış, ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik", böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamlarını xatırlatmışdır. Rektor habelə türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat vermiş, qazanılan uğurları diqqətə çatdırmışdır.  A.Saniç bildirmişdir ki, rəhbərlik etdiyi universitet Avropa Birliyi ölkələrinin ali məktəbləri ilə "Erasmus Mundus" proqramı çərçivəsində tələbə mübadiləsi həyata keçirir. Türkiyənin Mövlana təhsil proqramı isə bu ölkənin universitetləri ilə də geniş tələbə mübadiləsi aparmağa imkan verəcəkdir. 

Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.

Görüşdə çıxış edən Türkiyənin milli təhsil naziri Nabi Avçı müasir dünyada təhsilin mühüm rolundan danışmış, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirmişdir. Qafqaz Universitetinin fəaliyyətini yüksək qiymətləndirən nazir onun uğurlarını həmişə izlədiyini söyləmiş, tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışdır.

 Qafqaz Universitetinin Azərbaycan xalqı qarşısındakı xidmətlərini xüsusi qeyd edən türkiyəli qonaq burada yetişən gənclərin dünyanın hər yerində tələb olunan mütəxəssislər kimi qarşılanacağına əminliyini ifadə etmişdir. Bu il Türkiyədə Seyid Yəhya Şirvaniyə həsr olunmuş simpoziumun keçiriləcəyini diqqətə çatdıran Nabi Avçı tədbirdə Qafqaz Universitetinin də təşkilatçı qismində iştirakının nəzərdə tutulduğunu söyləmişdir.

Qonağa xatirə hədiyyələri və "Çağ" Öyrətim Şirkətinin Azərbaycandakı 20 illik fəaliyyətindən bəhs edən kitab təqdim edilmişdir.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iştirak etmişdir. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov