Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru,
professor Timuçin Əfəndiyev "Eurovision-2013"
müsabiqəsinin qalibi, universitetin musiqi sənəti
fakültəsinin IV kurs tələbəsi Fərid Məmmədovu qəbul
etmişdir. Rektor Fərid Məmmədovu qazandığı yüksək
qələbə münasibətilə təbrik etmiş, ona uğurlar
arzulamışdır.
Söhbət zamanı professor Timuçin Əfəndiyev 90 yaşlı bu
unikal təhsil ocağının keçdiyi şərəfli yoldan,
incəsənətin müxtəlif sahələrindəki uğurlarından,
xüsusən musiqi sahəsində əldə edilmiş nailiyyətlərdən
söz açmış, ADMİU-da vaxtilə dərs demiş maestro Niyazi,
bəstəkarlar Şəfiqə Axundova, Hacı Xanməmmədov,
Lütfiyar İmanov kimi korifeylərin əməyini xüsusilə
qeyd etmiş, bu universitetin məzunları olan xalq
artistləri Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov,
Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Brilliant
Dadaşova, Faiq Ağayev və başqaları haqqında iftixarla
danışmışdır. Rektor xüsusilə qeyd etmişdir ki, bu gün
dünya miqyasında uğur qazanan gənc istedadlar eyforiyaya
uğramamalı, öz üzərlərində daha ciddi və məsuliyyətlə
çalışmalı, respublikamızın beynəlxalq aləmdə daha geniş
miqyasda tanınması üçün əllərindən gələni
əsirgəməməlidirlər.
Görüşün sonunda Fərid Məmmədov universitetin rektoru,
professor Timuçin Əfəndiyevə dərin təşəkkürünü
bildirmiş, onun üzərində zəhməti olan universitet
müəllimlərinin əməyini yüksək qiymətləndirmişdir. |