Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

"Elektron təhsil" Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilmişdir

 

Qalib olmaq  uğrunda 194 nominant mübarizə aparacaq

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsinin növbəti mərhələsində 194 layihə qalib statusu uğrunda mübarizəni davam etdirəcək. Ekspert Komissiyası tərəfindən hər bir nominasiya üzrə 16 meyar əsasında 0-10 bal arasında qiymətləndirmə aparılmaqla "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə 162, "Müəllimlərin bloqları" nominasiyası üzrə  16 və "Təhsildə İnternet resursları" nominasiyası üzrə 16 layihə növbəti mərhələyə keçmək hüququ qazanmışdır.

Ümumiyyətlə, müsabiqəyə 890 layihə təqdim olunmuş, onlardan yalnız 781-i meyarlara uyğun olaraq qəbul olunmuşdur.

Müsabiqə Dr. Web, İntel korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, "Ultra", "Mədəd-Azərbaycan" və "Nar Mobile" tərəfindən dəstəklənir.  

Hazırda müsabiqəyə təqdim olunmuş layihələr ictimaiyyət tərəfindən geniş müzakirə olunmaqdadır. Layihələrin onlayn müzakirəsində  müsabiqənin rəsmi internet-səhifəsində (musabiqe.edu.az) qeydiyyatdan keçmiş 4646 müəllim, 1488 tələbə, 4144 şagird, 538 valideyn iştirak edir.

Xatırladaq ki, müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə İnternet texnologiyaları" istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli" nominasiyası üzrə müəyyən olunacaqlar.  

"Təhsildə  İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu  İnternet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar.

Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd etmək lazımdır ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq layihə təqdim edilmişdir.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov