Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Arzular aparır bizləri, hara?

 

Mayın 31-də Bakıdakı 108 nömrəli orta məktəbdə "son zəng" münasibətilə tədbir keçirilmişdir. Mərasim  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Məktəbin direktoru Narınc Mehdiyeva orta təhsillərini uğurla başa vurduqları üçün onbirinciləri təbrik edərək, yeni müstəqil həyata atılan gənclərə uğurlar arzulamış,  təhsil aldıqları məktəbin şərəfini həmişə uca tutmağı tövsiyə etmişdir. Bildirilmişdir ki, məktəbin şagirdləri respublika səviyyəli müxtəlif müsabiqələrdə qalib olmuş, pedaqoji kollektivin başını uca tutmuşlar. X sinif  şagirdi Dünya İbrahimova ana dili və ədəbiyyat fənni üzrə respublika olimpiadasında IV yeri tutmuşdur. Bir neçə şagird isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı keçirilən şeir müsabiqəsində, rəsm sərgilərində müvəffəqiyyətlə iştirak etmişlər.

Aparıcılar - onbirinci sinif şagirdləri Samirə, Kəmalə və Elmir orta təhsillərini bu il başa vuran şagirdləri  təbrik etdilər, bu gün onların həm də qürurverici bir gün kimi qeyd edərək  artıq yeni, müstəqil həyata qədəm atdıqlarını bildirdilər. Çıxış edən şagirdlər məktəbə gəldikləri ilk günlərdən onların əllərindən tutan, Ana, Vətən sözlərini yazmağı öyrədən, elmin sirlərinə bələd olmaqda həmişə yardım göstərən sevimli müəllimlərinə təşəkkür etmişlər.

Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov, H.Abbasov adına Maştağa Mədəniyyət evinin metodisti Salman Bağırov, Sabunçu rayon MKS-nin 6 nömrəli filialının müdiri Ramilə Mehdiyeva və başqaları çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışlar.

Məktəbin ictimai işlərində fəal iştirak edən şagirdlərə fəxri fərmanlar təqdim olunmuşdur.

Sonra məktəbin direktor müavinləri Umxanım Qasımova, Rəhilə Hüseynova, ibtidai sinif müəllimləri, sinif rəhbərləri və artıq tələbə adını qazanmış məktəbin ötənilki məzunları onbirinciləri təbrik etmişlər, onlara qayğı və sevinc dolu tələbəlik illəri arzulamışlar.

Kiçikyaşlı məktəblilər də hazırladıqları ədəbi-bədii nümunələrlə tədbiri rövnəqləndirmişlər.

Nəhayət, onbirincilər üçün "son zəng" çalınmışdır. Samirə məktəbin rəmzi bilik açarını X  sinif şagirdi Bəhmənə təqdim edərək estafeti onlara təhvil verdiklərini, həmişə elmi bilikləri əldə rəhbər tutaraq elmin qapılarını öz bacarıq, gərgin zəhmət və savadları ilə açmalarını tövsiyə etmişdir.

 XI sinif şagirdi Elmir Heydərov öz gözəl ifası ilə "Dayanın, çalmayın sonuncu zəngi..."  şeirini söyləyərək bütün iştirakçıları kövrəltmişdir.

Sonda məzunlar bir daha əmin etdilər ki, müəllimlərin onlara öyrətdikləri, yorulmadan çəkdikləri əmək, zəhmət hədər getməyəcək, həyatın hansı sahəsində olursa-olsun məktəbin adını, şərəfini hər yerdə uca tutacaqlar.  

Samirə DADAŞOVA,
Bakıdakı 108 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov