Milli
Qurtuluş Günü ərəfəsində Şəki rayonunun Əlyar və Aşağı
Layısqı kəndlərinin sakinləri dəyərli bayram hədiyyəsi
almışlar. İyunun 12-də bu kəndlərdə dövlət vəsaiti
hesabına inşa edilmiş 80 və 360 şagird yerlik yeni
məktəb binalarının açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, şəhər rəhbərliyinin, ictimaiyyət
nümayəndələrinin, müəllim və şagirdlərin, kənd
sakinlərinin iştirakı ilə keçirilən açılış
mərasimlərində ölkəmizdə təhsil sahəsinin inkişafına
göstərilən yüksək dövlət qayğısından danışılmış,
məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi
vurğulanmışdır. Bildirilmişdir ki, təkcə son bir ildə
Şəkidə dövlət vəsaiti və digər maliyyə mənbələri
hesabına 8 yeni məktəb binası tikilib istifadəyə
verilmiş, bir neçə məktəb binası əsaslı təmir
edilmişdir.
Mərasimlərdə çıxış edən kənd sakinləri, ziyalılar müasir
tariximizin ən şanlı səhifələrindən olan 15 iyun - Milli
Qurtuluş Günü ərəfəsində belə dəyərli hədiyyəyə, habelə
təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə, eləcə də Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya
dərin minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb
binalarına baxış keçirilmişdir. Məlumat verilmişdir ki,
Şəki şəhərindən 35 kilometr aralıda yerləşən Əlyar
kəndindəki 80 şagird yerlik yeni məktəb binasında
tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait
yaradılmışdır. Aşağı Layısqı kəndindəki 360 şagird
yerlik ikimərtəbəli yeni məktəb binasında 18 sinif
otağı, laboratoriya və fənn kabinetləri, kitabxana,
yeməkxana, akt və idman zalları var. Hər iki məktəb
binasında müasir istilik sistemi quraşdırılmış, binalar
yeni inventar və avadanlıqla təchiz olunmuşdur. |