Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır" mövzusunda konfrans

 

15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar ölkənin bütün müəssisələrində olduğu kimi, Astara Pedaqoji Kollecində də silsilə tədbirlər keçirilir.  Kollecdə Qurtuluş Gününün yüksək səviyyədə qeyd edilməsi üçün təşkilat komitəsi yaradılmış və tədbirlər planı təsdiq edilmişdir. Tələbələr arasında inşa və rəsm müsabiqələri keçirilmişdir.

Musiqi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bayram konserti təşkil edilmişdir. Kollecin fiziki tərbiyə müəllimliyi və bədən tərbiyəsi və idman ixtisasları üzrə təhsil alan tələbələr arasında futbol və voleybol yarışları keçirilmiş, qaliblər müəyyənləşmişdir.  

Tədris korpusunun birinci mərtəbəsindəki foyedə 20 il əvvəl baş vermiş tarixi hadisələrin xronikasını əks etdirən fotoguşə və stendlər yaradılmışdır. Tədbirlər planına əsasən tədris qruplarında 11-14 iyun tarixlərində ilk dərslər Qurtuluş Gününə həsr edilmişdir.

Qurtuluş Günü ərəfəsində Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının üzvləri və müəllimlərdən bir qrupu Osman Mirzəyev adına Lənkəran şəhər Qarışıq tipli Uşaq Evində "Biz onlara təbəssüm bəxş etmək istəyirik" adlı xeyriyyə aksiyası keçirmişlər. Uşaq Evinin direktoru Ofeliya Qafarova gələn qonaqları salamlamış, öz təşəkkürünü bildirmişdir. Sonra tələbə və müəllimlər tərəfindən gətirilən hədiyyələr (paltarlar, oyuncaqlar, yeyinti məhsulları) uşaqlara təqdim olunmuşdur. Tədbirdə 50 nəfər uşaq (1 yaşından 21 yaşa qədər) iştirak etmişdir. Kollecin istedadlı tələbələri konsert proqramı ilə uşaqlar qarşısında çıxış etmişlər.

Silsilə tədbirlərin davamı olaraq iyunun 12-də kollecin akt zalında "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır" mövzusunda konfrans keçirilmişdir.    

Konfransı giriş sözü ilə kollecin direktoru, respublikanın əməkdar müəllimi Əlihəsən Həmzəyev açaraq qeyd etmişdir ki, 15 iyun 1993-cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Həmin günlərdə xalqımız dövlətçiliyini, müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qalmışdı. Belə bir məqamda xalqımız Heydər Əliyevə üz tutdu. Xalq öz böyük oğlunu, Azərbaycanı canından daha çox sevdiyini dəfələrlə sübut edən Heydər Əliyevi təkidlə çağırdı və bütün ümidlərini ona bağladı. "Heydər baba, xalqı bu bəladan qurtar" sözləri yazılmış plakatlar xalqın öz oğluna və liderinə bəslədiyi böyük inamdan xəbər verirdi. Xalq onu 2 dəfə yekdilliklə Prezident seçdi. O xalqla əl-ələ verərək Azərbaycanda demokratik, hüquqi, ümumbəşəri dövlət qurmaq, millətin azadlığını və müstəqilliyini daha da dönməz etmək məqsədilə çox iş gördü. 

Əlihəsən Həmzəyev həmin dövrdə baş verən hadisələrin fəal iştirakçısı kimi qeyd etdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi. Onun uzaqgörən, müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan Respublikası azad, suveren dövlət quruculuğunda inamlı, qətiyyətli addımlar atdı. Natiq xüsusilə vurğuladı ki, Heydər Əliyev xalqı milli fəlakətdən, qardaş qırğınından kənarlaşdırmağa nail oldu və böyük bəladan insanları xilas etdi. Ölkədə elə bir demokratik siyasi sistem təşəkkül tapıb ki, burada istənilən problemin konkret həlli mexanizmi mövcuddur. Bu sistem 15 oktyabr 2003-cü il prezident seçkisindən sonra daha da möhkəmləndi. Xalqımız ulu öndər Heydər Əliyevin dövlətçilik varisliyini təmin etmək üçün öz qəti və prinsipial mövqeyini ortaya qoydu. Ümummilli liderimizin siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan və dünya siyasətində bütün siyasi qüvvələrin hesablaşmalı olduğu siyasi liderə çevrilməsi də bu obyektiv proseslərin məntiqi sonluğudur. Onun siyasi və dövlətçilik fəaliyyəti, istər daxili, istərsə də xarici siyasət məsələləri ilə bağlı hadisələrə münasibəti məntiqi ardıcıllıqla bir-birini tamamlayır.

Sonra kollecin tarix müəllimi Amal Rzayev "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının xilaskarıdır" mövzusunda məruzə etdi. Məruzədən sonra "Əbədiyyətə gedən yol" videoçarxına baxış oldu.

Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Şahrza Ağayev, Lənkəran Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mirnamiq Bəşirov, kollecin müəllimlərindən Nuranə Fərəcova, Möhübbət Eyvazov, Aygün Abbasova, Arzu Hüseynova, tələbələrdən Abbas İbrahimli, Gülnar Mirzəyeva və Rufanə Rəsulova çıxış edərək ümummilli lider Heydər Əliyevin qurtuluşa gedən yolda və hakimiyyətə qayıtdıqdan sonra Vətənimizin müstəqilliyi, azadlığı uğrunda, beynəlxalq aləmdə dövlətimizin böyük nüfuz qazanmasında, iqtisadi cəhətdən inkişaf istiqamətində titanik fəaliyyətindən, gənclərə göstərdiyi misilsiz qayğıdan ətraflı söhbət açmış, tələbə-gənclərin onun yaratdığı müstəqil Azərbaycanı göz bəbəyi kimi qoruyacaqlarını qeyd etmişlər.

Çıxış edənlər bu il keçiriləcək prezident seçkisində ölkə Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəklərinə söz vermişlər.

Kollecin direktoru Əlihəsən Həmzəyev konfransı yekunlaşdıraraq demişdir ki, 1993-cü ilin 15 iyun günü milli varlığımızın təvəllüd günüdür. Zaman keçdikcə, müstəqilliyimiz möhkəmlənib, dövlətimiz inkişaf etdikcə Qurtuluş Gününün mənası və dəyəri də artır. 20 il əvvəl öz nicatını tapan, müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsindən qurtulan xalqımız bu gün hörmətli Prezident cənab İlham Əliyevin rəhbərliyi altında hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Sonda musiqi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə bayram konserti olmuşdur.    

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov