Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Kimya üzrə iki dəfə Nobel mükafatı laureatı

 

İngiltərəli 95 yaşlı alimin kəşfi 60 ildir ki, insanlara xidmət edir

 Dünya elmi tarixində yalnız 4 alim parlaq elmi kəşflərinə görə iki dəfə Nobel mükafatına layiq görülmüşdür.  Fransalı Mariya Skladovskaya Küri 1903-cü ildə fizika, 1911-ci ildə kimya, amerikalı Laynus Polinq 1954-cü ildə kimya, 1962-ci ildə sülh, amerikalı Con Bardin  1956-cı və 1972-ci illərdə fizika, britaniyalı Frederik Senger isə 1958-ci və 1980-ci illərdə kimya üzrə ali elm mükafatları almışlar. Onların arasında hazırda yaşayan yeganə alim, ingilis biokimyaçısı 95 yaşlı Frederik Senger yeni elmi istiqamətin əsasını  qoymaqla  kimya elmində etdiyi  kəşfləri ilə təbabət sahəsində  bir sıra xəstəliklərin müayinə və müalicəsini aparmağa imkan verən metodların işlənib hazırlanmasında xidmət göstərmişdir. Onun elmi kəşfləri arasında təkcə insulinin adını çəkmək kifayətdir ki, bu alimin bəşəriyyət üçün etdiyi xidmətlərin  miqyasını qiymətləndimək mümkün olsun. 60 ilə  yaxın bir müddət ərzində məhz insulin şəkər və şəkərli diabet xəstələrinin müalicəsində geniş tətbiq olunmaqdadır. 

Uşaqlıq və ilk təhsil illəri

 Frederik Senger 1918-ci  il avqustun 13-də İngiltərənin Qlosterşin qraflığındakı Rendkombe şəhərində təminatlı ailədə  doğulmuşdur.  Onun anası Sesili Krusd varlı tekstil  maqnatının qızı idi. Atası Frederik Senger (o, oğluna öz adını vermişdi) həkim işləyirdi.  Ailədə üç uşaq böyüyürdü,  Frederik ortancıl idi. O, atasının və böyük qardaşı Teodorun təsiri altında  biologiya ilə maraqlanmağa başlamışdı. Onun biologiya elminə və onun tədqiqat metodlarına marağı hədsiz idi.  Frederik  ilk təhsilini  1932-1936-cı illər ərzində Dorsetşir qraflığındakı Braynston məktəbində almışdır. 1936-cı ildə Kembric Universitetinin müqəddəs İoahan  Kollecinə daxil olmuşdur. İlk vaxtlarda Senger    atasının yolu ilə getmək və təbabətlə məşğul olmağı düşünürdü. Ailə də onun gələcəkdə həkim olmasını arzu edirdi.  Lakin onu daha çox biokimya maraqlandırırdı.

"Mənə elə gəlirdi ki, seçdiyim yol  canlı materiyanın həqiqətən dərk olunması və təbabət  qarşısında duran bir çox problemlərin həlli üçün daha elmi əsasların işlənib hazırlanması yoludur", - deyə Frederik Senger sonralar  öz xatirələrində yazmışdır.     Nobel Mükafatları Komitəsinin saytında dərc olunmuş tərcümeyi-halında alim özünü sinifdə "ortadan yuxarı, lakin ən yüksək səviyyədə olmayan şagird" səviyyəsində qiymətləndirmişdir.  Kollecdə oxuduğu illərdə Frederik özünü bütünlüklə  tibb elminə  həsr etməyə qərar vermişdir. Lakin universitetə qəbul olunandan sonra öz diqqətini daha geniş məzmunlu sahəyə yönəltməyə qərar vermişdir. Kembric Universitetində oxuduğu illərdə Frederik biologiya elminə sonsuz marağını büruzə vermişdir. Onun   universitetin biologiya professoru Ernes Boldvin və biokimya şöbəsinin digər əməkdaşlarının mühazirələrindən sonra elmi tədqiqatlara  marağı daha da güclənmişdir.  F.Senger Kembricdə oxuduğu illərdə bütün zəruri fundamental bilikləri əldə etməyə ümid edirdi.  

Nobel mükafatına aparan yol 

Frederik Senger 1939-cu ildə  Kembric Universitetində təhsilini başa vuraraq  təbiət elmləri üzrə bakalavr elmi dərəcəsi almışdır. İlk elmi dərəcə  aldıqdan sonra Frederik biokimya  üzrə daha bir il  dərinləşdirilmiş kurs keçmişdir.  O, öz bilik və istedadı ilə müəllimlərini (həm də özünü) heyrətləndirmişdir. Frederik imtahanlarda ən yüksək ballar toplamışdır.

İkinci Dünya müharibəsi dövründə Frederik Albert Nübergerlə birlikdə lizin metabolizmi və daha praktik problemlərlə məşğul olmuşdur. Sonralar alim qeyd etmişdir ki, məhz A.Nüberger onu tədqiqatçılıq fəaliyyətinə yönəltmiş, eyni zamanda həyat yolunu müəyyənləşdirən ilk müəllimi olmuşdur.  Frederik öz müəlliminin adını həmişə minnətdarlıq hissi ilə çəkmişdir. 

1943-cü ildə doktorluq elmi dərəcəsi alan F.Senger Kembric Universitetində professor E.Çibnallın tədqiqat qrupuna daxil olmuşdur. E.Çibnall həmin dövrdə zülallar  kimyasının tədqiqi ilə məşğul olmuşdur.

1902-ci ildə bioloq Emil Fişer belə bir fərziyyə irəli sürmüşdür ki, zülallar  öz aralarında peptid rabitə ilə bağlı olan aminturşularından ibarətdir.  Ötən əsrin  40-cı illərinin əvvəllərində E.Fişerin bu nəzəriyyəsi çox geniş yayılsa da  elmi dairələrdə o qədər də qəbul olunmamışdır. Fişer fərziyyəsinə görə, ikidən artıq aminturşusu birlikdə polipeptid zənciri əmələ gətirir.   Aminturşularının ikidən artıq olmayan  peptid rabitə əsasında yaranmasını əsas götürən Fişer əvvəlcədən xəbər vermişdir ki, zülallar sərbəst karboksil qruplarına  (karbon, oksigen və hidrogendən ibarət) malik olan aminturşularının xətti zəncirlərindən təşkil olunmalıdır. Çibnall Sengerə kimyəvi yolla peptid zəncirinin son qruplaşmasını müəyyən etməyi təklif  etmişdi. Əgər bu məsələni həll etmək mümkün olardısa, onda zülalların doğrudan da aminturşularının xətti zəncirindən ibarət olmasını,  eyni zamanda  hər hansı bir zülalın birdən artıq peptid zəncirinə daxil olub-olmadığını tam dəqiqliklə söyləməyə imkan verərdi.

Frederik Senger bu vəzifənin öhdəsindən çox məharətlə gəlmişdir. 1945-ci ildə F.Senger xəbər vermişdir ki, yumşaq qələvi mühitlərdə müəyyən reagent (dinitrofenol) peptid rabitəsindən daha güclü rabitə əsasında aminturşularının azot atomuna birləşə bilər. Buna müvafiq olaraq isə  zülal peptid rabitənin dağılması hesabına onu təşkil edən aminturşularına parçalana bilər. Aminturşularını isə xromotoqrafiyanın köməyi ilə müəyyən  etmək olar. Bundan bir qədər əvvəl tədqiqatçılar Arçer Martin və Riçard Sinq tərəfindən təkmilləşdirilmiş xromotoqrafiya metodu  komponentləri onların xüsusi filtr tərəfindən xarakterik udulma sürətindən asılı olaraq bölməyə imkan verirdi.

Çibnallın laboratoriyasında aparılmış tədqiqatların  böyük qismi, o vaxtlar təmiz halda və böyük miqdarda əlçatan olan zülallardan biri -  insulinlə bağlı olmuşdur. İlk vaxtlarda insulinin Senger tərəfindən öyrənilməsi göstərmişdir ki, bu maddə iki müxtəlif N-sonluqlu aminturşularından ibarətdir. Buna müvafiq olaraq isə hər bir insulin molekulu  polipeptid  zəncirinin iki növündən ibarətdir.  Sistein aminturşusu kükürd molekulundan təşkil olunmuşdur; iki sistein molekulu isə birləşərək  sistin aminturşusunu əmələ gətirə bilər. İki polipeptid zəncir arasında və ya yeni bir zəncirin müxtəlif sahələri arasında disulfid körpücüyü vardır. 1949-cu ildə F.Senger disulfid körpülərin dağıdılması və müvafiq olaraq da iki zəncirin bölünməsi  üsulunu kəşf etdiyini xəbər vermişdir. 

F.Senger və Vyanadan gəlmiş tədqiqatçı alim Hans Tuppi insulin molekulunun hər bir polipeptid zəncirdə aminturşularının əvəzlənməsi ardıcıllığını müəyyən etmək üçün plan işləyib hazırlamışdılar.  Zəncirləri yarımşöbələrə bölən bu alimlər hər bir yarımşöbədə aminturşularının ardıcıllığını və buna müvafiq olaraq da onların bütün polipeptid zəncirdə növbələnməsi ardıcıllığını  müəyyən etməyə ümid edirdilər. F. Senger əvvəlcə polipeptid zənciri qırmaq üçün aminturşularından istifadə etmişdir, lakin sonralar məlum olmuşdur ki, fermentlər daha dəqiq təsir göstərirlər.

Beləliklə də Senger və Tuppi  bütün zəncirdə aminturşularının növbələnməsi ardıcıllığını başa düşmək üçün müxtəlif fermentlərin təsiri nəticəsində əldə olunmuş zəncir nümunələrini müqayisə etmişdir. İki insulin zənciri üçün növbələnmə ardıcıllığını müəyyən etmək alimlər üçün heç bir çətinlik törətməmişdir. Lakin çox uzunluğa malik olan insulin zənciri kimyəvi analizə tabe olmurdu  və buna görə də insulin maddəsində  aminturşularının növbələnməsi ardıcıllığını müəyyən etmək yalnız 1953-cü ildə mümkün olmuşdur. 1950-ci ildə Tuppinin Kembrici tərk etməsindən sonra Senger iki polipeptid zənciri arasında disulfid körpülərinin yerinin müəyyənləşdirilməsi üzrə tədqiqatlarını davam etdirmişdir.  1955-ci ildə alim insulin molekulunun son tamamlanmış strukturunu  elmi ictimaiyyətə təqdim etmişdir. Bu, tam ətraflı öyrənilmiş ilk zülal molekulu idi.  Qeyd etmək yerinə düşər ki, Frederik Senger insulini davamlı surətdə tədqiq etmiş ilk alimdir.    

"Ümid etmək olar ki, səylərimiz  bəşəriyyətə böyük praktik xeyir verəcək"  

Frederik Sengerin kəşfi şəkərli diabetdən əziyyət çəkən milyonlarla insanın əzablarını yüngülləşdirmiş, eyni zamanda digər birləşmələrin öyrənilməsinə də təkan vermişdir. Sengerə qədər bir sıra alimlər elə bir üsul axtarıb tapmağa çalışmışlar ki, zülalların hansı qruplardan əmələ gəldiyini səhvsiz olaraq müəyyən etmək mümkün olsun. Lakin hər bir cəhd xırda nüanslara görə uğursuzluğa düçar olmuşdur.   Sadə və anlaşılan təyinetmə metodunun tapılması heç cür mümkün deyildir. Problemin həlli az qala əl altında idi. Məlumdur ki, zülal bir sıra aminturşularından ibarətdir. Bütün tapmaca isə onların birləşməsi üsulu ilə bağlı idi. Senger əyani  olaraq bu prosesin necə baş verdiyini nümayiş etdirmişdir. O, zülal molekulunun daxili tərkibini göstərə bilmişdir.        

Frederik Sengerin tədqiqatları elmi ictimaiyyətin və Nobel Mükafatları Komitəsinin diqqətindən yayınmadı. Biokimya elminə yenilik gətirmiş  F.Senger 1958-ci ildə kimya üzrə "zülalların, xüsusən insulinin strukturunun öyrənilməsi sahəsində xidmətlərinə görə" Nobel mükafatına layiq görülmüşdür. Özünün Nobel məruzəsində Senger elmi kəşfinin böyük praktik əhəmiyyət daşıdığını  demişdir:  "İnsulinin strukturunun kəşfi  şübhəsiz ki, digər zülalların tədqiq  olunmasına yol açır. Ümid etmək olar ki, zülalların öyrənilməsi xəstəliklər zamanı insan orqanizmində baş  verən dəyişiklikləri ayırd etməyə kömək edəcək və bizim səylərimiz  bəşəriyyətə böyük praktik xeyir verəcək".

F.Sengerin elmi tədqiqatları biokimya və yaranmaqda olan yeni elm sahəsi - molekulyar biologiya üçün çox mühüm nəticələr vermişdir. Onun apardığı elmi tədqiqatlar tamamilə sübut etmişdir ki, zülallar peptid rabitəli zəncirdə  birləşmiş aminturşularından təşkil olunmuşdur. XX əsrin əvvəllərində kimyaçıların çoxu hesab edirdi  ki, zülallar qohum birləşmələrin qarışığıdır. F.Senger bunun tam ziddinə olaraq müəyyən etmişdir ki, zülal - unikal struktura malik olan xüsusi kimyəvi maddədir. Və onun zəncirində hər bir yer aminturşular tərəfindən tutulmuşdur. O, eyni zamanda sübut etmişdir ki, fermentlər    əvvəlcədən müəyyən olunmuş yerlərdə peptid zəncirləri  qıra bilərlər. Bu metodun tətbiqi biokimyaçılara  bir sıra digər zülalların strukturunu öyrənməyə imkan vermişdir.  

"Mən zövq aldığım elmi həyatımı davam etdirməyə başladım" 

"Bu mükafat mənim sonrakı karyeramda çox mühüm və stimullaşdırıcı effekt təsiri buraxmışdı. Mən mümkün qədər inzibati və təhsil idarəçiliyi səlahiyyətlərindən qaçmaqla bütün diqqətimi yalnız fundamental tədqiqatlara yönəltməklə Kemricdə qaldım. Tədqiqatlarımın nəticələrinin hamı tərəfindən qəbul olunması məndə özünəinamı və təşəbbüskarlığı daha da gücləndirdi və mən zövq aldığım elmi həyatımı  davam etdirməyə başladım". Bu sözləri dahi alim birinci Nobel mükafatını aldıqdan sonra bildirmişdir. Frederik Sengerin elmi nailiyyətlərinin birmənalı qəbul olunması  ona bu sahədə  apardığı eksperimentləri davam  etdirməyə və tədqiqatlar üçün zəruri olan ən  yaxşı avadanlıqları əldə etməyə və həm də öz ətrafında istedadlı gənc alimləri toplamağa imkan verdi.

Frederik Senger tezliklə Londondakı məşhur Kavendiş laboratoriyasının biologiya şöbəsində genetika sahəsində aparılan tədqiqatlara diqqət yönəltmişdir.  Birinci Nobel mükafatını alana qədər də alim  bu sahə ilə maraqlanırdı. Bu, bir tərəfdən də onun  DNT-nin struktur quruluşunu kəşf etmiş alimlərdən Frensis Kriklə dostluğunun təsiri altında baş vermişdir. 

1962-ci ildə Kembric Tibbi Tədqiqatlar Şurası tərəfindən yeni molekulyar biologiya laboratoriyası yaradılmışdır. Gələcəyin nobelçi alimləri Maks Peruts, Con Kendrevu, Frensis Krik bu laboratoriyada işləyirdi. F. Senger də zülal molekulunun tədqiqatları sahəsində işlərini burada davam etdirmişdir. 

Tezliklə Frederik Senger DNT və RNT  molekullarında aminturşuları ardıcıllığının müəyyən olunması tədqiqatlarına başlamışdır. F.Senger üçün insulin molekulunda ayrı-ayrı qrupların növbələnməsinə dair heyrətləndirici fakt aminturşularının yerləşməsinin unikal prinsipinin mövcud olmaması ilə bağlı idi. Əslində aminturşularının fizioloji fəaliyyəti bundan asılı idi. F.Senger başa düşə bilmirdi ki, zülal  hansı ardıcıllıqla birləşə bilər, lakin bir şey məlum idi ki, bu sıralamanın müəyyən mənbəyi olmalıdır.   50-ci illərin ortalarında amerikalı bioloq Frensis Krik F.Sengerin kəşfinə əsaslanaraq bəyan etmişdir ki, zülallarda aminturşuları ardıcıllığını müəyyən edən informasiyaları genlər daşıyır. 1958-ci ildə amerikalı bioloq Robert Xoll nəqliyyat funksiyası daşıyan RNT zəncirinin ardıcıllığını müəyyən etməyə cəhd etmişdir. Bu iş olduqca çətin olduğundan tədqiqatlar 1965-ci ilə kimi davam etmişdir. Xollun işləri Sengerdə dərin təəssürat buraxmışdır.   Lakin Senger ardıcıllığın müəyyən olunması üçün daha işlək metod axtarırdı. 60-cı illərin ortalarında Senger və onun həmkarları belə bir texnologiya işləyib hazırlamışdılar.  Fermentlərdən istifadə edən tədqiqatçılar matrik RNT molekulunu daha kiçik zəncirlərə bölərək onların  hər birinin ardıcıllığını   ayrılıqda  izləmişdilər. Daha sonra fraqmentlər arasında qarşılıqlı münasibətin nəticələrinə  əsasən bütün zəncir üzrə ardıcıllıq müəyyən olunmuşdur. Lakin bu cür yanaşma olduqca çox vaxt və səbir tələb edirdi. Buna görə də Senger DNT-də ardıcıllığın analitik müəyyən olunması metodunu hazırlamağa qərar vermişdir. Senger öz metodunu yalnız 1973-cü ildə hazırlaya bilmişdir.

Sengerlə yanaşı amerikalı alimlər Uolter Gilbert və Alan Meksam da nukleotid ardıcıllığının müəyyən olunması üzrə digər prosedur işləyib hazırlamışdılar. İstər Senger texnologiyası,  istərsə də Gilbert metodu gen mühəndisliyi sahəsində çox mühüm alətə çevrilmişdir. Baxmayaraq ki, Senger metodu uzun nukleotid ardıcıllıqlarında daha effektli hesab olunur.  1978-ci ildə Senger və onun həmkarları öz metodunu  nümayiş etdirərək DNT bakterial virusu zəncirində 5375 əsasın ardıcıllığını müəyyən etmişdilər. Bu DNT zəncirinin ilk ətraflı  oxunması idi.  Zülallarda aminqruplarını müəyyən edən Senger ilk dəfə zülal molekulunun nizamlı struktura malik olmasını xəbər vermişdir. O, ilk tədqiqatçı alim idi ki, zülalın ilkin aminturşu ardıcıllığını müəyyən edə bilmişdir. Eyni zamanda Senger sübut etmişdir ki, zülalın nizamlı strukturu DNT-də genlərin ardıcıllığı ilə oxşardır. Buna görə də onlar eyni qanunauyğunluqlara tabe  olmalıdır.

1980-ci ildə Frederik Senger və Alan Gilbert, Pol Berq  nuklein turşularında əsas ardıcıllığın müəyyən olunması sahəsində xidmətlərinə görə Nobel mükafatına layiq görülmüşlər. İsveç  Kral Akademiyasının üzvü, professor  B.Malstrem mükafatın təqdimolunma mərasimində bildirmişdir ki, alimlər genetik materialın biokimyəvi funksiyası və kimyəvi strukturu arasında qarşılıqlı əlaqəyə dair  bizim biliklərimizin daha da  dərinləşməsinə yol açan elmi kəşfə imza atmışlar.

Frederik Sengerə ikinci Nobel mükafatını qazandırmış bu kəşf "İnsan genomu" layihəsinin həyata keçirilməsində başlıca  rol oynamışdır.  

Alimin gənc tədqiqatçılara nəsihəti

 1980-ci ildə Stokholmda ikinci Nobel mükafatını alarkən alim ziyafət süfrəsində etdiyi çıxışında üzünü  elm yolunu seçmiş tədqiqatçılara və tələbələrə tutmuşdur: "22 il əvvəl mən burada olarkən 1958-ci ilin məzunlarına üz tutaraq dedim ki, baxmayaraq ki,  onda mənim 40 yaşım var idi, -  mən hələ də özümü onlar kimi tələbə hiss edirəm. Bu gün də həmin hisslərlə yaşayıram. Mən və həmkarlarım bilik axtarışı ilə məşğul olmuşdur. Biz müəllimlərimizdən öyrənmişik, indi də öyrənirik və yenə də öyrənməkdə davam edəcəyik. Biz elmi kəşflərimizi heç də maddi sərvət və ya varlanmaq üçün etməmişik. Məhz ona görə  etmişik ki,  biz bu işə maraq göstərmişik, biz bu işə qəlbən bağlı olmuşuq və bu işi sevmişik. Bu işin nəticələrindən çox güclü həyəcan keçirmişik.   Çəkdiyimiz əmək buna dəyərdi".

Alim gəncləri elm,  bilik əldə etməyə səsləmişdir. "Elmi tədqiqatlar ən cəlbedici, ən maraqlı və faydalı məşğuliyyətlərdən biridir. Bu, naməlum  torpaqların kəşf olunmasına bənzəyir, elm yolu  yeni ərazi tapmaq deyil, yeni biliklər əldə etmək üçün səfərdir. Mən hələ gənc idim, atam  mənə əvvəllər deyərdi ki, həyatda təqib etdiyi iki gözəl şey var - gözəllik və həqiqət. Mən hesab edirəm ki, Alfred Nobel elm və ədəbiyyat üzrə ali mükafatları təsis edəndə özünü məhz bu cür hiss etməliydi.  Sözün geniş mənasında  yalnız incəsənət və elm yolu ilə insan həyatını  zənginləşdirmək və gözəlləşdirmək mümkündür ki, biz alimlər də tələbələrə məhz bu yolu tövsiyə  edirik. Mən bu gün tələbələri təbrik etmək istəyirəm, çünki gələcək onların əllərindədir".   

"Sevgi və qarşılıqlı anlaşma"nın hökm sürdüyü ailə  

Frederik Senger 1983-cü ildə rəhbərlik etdiyi Tibbi Elmi Tədqiqatlar Şurasından isfefa vermişdir. Olduqca təvazökar, tənhalığı sevən alim hazırda həyat yoldaşı ilə birlikdə Kembricdə yaşayır. O, vaxtının çoxunu 1940-cı ildə ailə qurduğu  Marqaret Con Qau ilə birlikdə öz  bağında keçirir.  Həyat yoldaşı elmi fəaliyyətlə məşğul olmasa da, ona  tədqiqatçılıq işlərində çox kömək etmişdir. F.Sengerin öz sözləri ilə desək,  M.Qau "ailədə sevgi və qarşılıqlı anlaşmanı"   qoruyub saxlamışdır. 1943 və 1946-cı illərdə onların iki oğlu, Robin və Piter, 1960-cı ildə  Salli Van adlı qızları doğulmuşdur. Frederik Senger əsas fəaliyyət sahəsi ilə yanaşı, bağbanlığa və sakit su hövzəsində qayıqçəkməyə də böyük maraq göstərir. 

1992-ci ildə "Wellcome Trust" təşkilatı  dahi alimin şərəfinə Senger Mərkəzi (Sanger Center) yaratmışdır. Bu hazırda dünyanın ən böyük elm mərkəzlərindən hesab olunur. Burada insan genomu üzrə elmi layihələr həyata keçirilir. Frederik Sengerlə şəxsən tanış olanlar onu alicənab, hədsiz dərəcədə səmimi, xoşsifətli, mehriban və məftunedici, nəzakətli insan kimi xarakterizə etmişlər. 

Frederik Senger Amerika Biokimyaçılar Cəmiyyətinin və Amerika Milli Elmlər Akademiyasının fəxri üzvü, Lester, Strasburq, Kembric, Oksford kimi universitetlərin fəxri professorudur. 1951-ci ildə Britaniya Kimya Cəmiyyətinin Kordye-Morqan medalına, 1966-cı ildə Alfred Benzons Fondunun Alfred Benzons mükafatına, 1969-cu ildə  London Kral Cəmiyyətinin kral medalına, 1971-1979-cu illərdə Qardner Fondunun xatirə medalına, 1976-cı ildə Böyük Britaniya Xeyberi Farmasevt Cəmiyyətinin xatirə medalına, 1977-ci ildə London Kral Cəmiyyətinin Kopli medalına, 1979-cu ildə fundamental tibbi tədqiqatlara görə nüfuzlu Albert Lasker mükafatına layiq görülmüşdür.

Nüfuzlu "Science" jurnalının versiyasına görə, Frederik Senger "görməyə ümid etdiyiniz ən təvazökar insandır". Doğrudan da olduqca sakit alim ömrü yaşayan Senger  onun üçün təsis olunmuş "cəngavər"  ordenindən imtina etmiş, ona "ser"  deyə müraciət olunması ilə razılaşmamışdır. Təqaüdə çıxdıqdan sonra da F.Senger DNT sahəsində özünün ən dərin biliklərini  alimlərə və müəllimlərə çatdırmağı unutmamışdır.

Dünya elminə verdiyi töhfələrə  görə hamı tərəfindən qəbul edilməsinə  və nüfuzuna baxmayaraq Frederik Senger hədsiz  sadəliyi və nəzakəti ilə seçilmişdir. O, 65 yaşı tamam olanda gözlənilmədən istefa vermiş, lakin tədqiqatlara ara verməmişdir. Senger işlədiyi dövrdə kabinetinin önündə onun şərəfinə xatirə lövhəsinin asılmasına və dünya şöhrətli alim kimi  fərdi kabinet-muzeyinin yaradılmasına etirazını bildirmişdir. O, çox vaxt yazdığı məktubları "Təvazökar" təxəllüsü ilə imzalayır. Tələbələri və həmkarları, tanışları ilə ünsiyyətdə alim təmkinliyini və dost münasibətini həmişə qoruyub saxlamışdır. Əsl alim öz əlləri ilə qayğı göstərdiyi ağaclar və güllərlə fəxr edir və bu günə qədər onun elmi kəşflərindən danışılanda, o, sadəcə sıxılır.        

Hazırladı: Oruc MUSTAFAYEV 

Yazıda Frederik Sengerin adını daşıyan Sanger Centr Molekulyar Biologiya İnstitutunun və Nobel Mükafatları Komitəsinin materiallarından istifadə olunmuşdur.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov