Orta
məktəblərdə tədris olunan elmlər içərisində coğrafiya
fənninin öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin
dünyagörüşünün formalaşmasında, onların vətənpərvərlik
ruhunda tərbiyə olunmalarında bu fənnin rolu çox
böyükdür.
Belə ki, hələ XX əsrin əvvəllərində Azərbaycanda
coğrafiya fənninə aid ilk dərsliklərin müəllifi kimi
tanınmış Qafur Rəşad Mirzəzadə coğrafiyanı öyrənməyin
həyati əhəmiyyəti olduğunu qeyd edərək yazırdı:
"Coğrafiyanı öyrənməyin faydası böyükdür. Yer insanın
məskəni olduğuna görə coğrafiyanı öyrənmək Yeri öyrənmək
deməkdir".
Vətənimizin müharibə şəraitində olduğu bir vaxtda
şagirdlərin ölkəmizin yaşayış məntəqələrini, dağlarını,
düzənliklərini, çaylarını, göllərini daha yaxşı
tanımalarına böyük ehtiyac var. Şagirdlər nəinki coğrafi
adları bilməli, həmçinin bu adların yaranma tarixini,
mənşəyini öyrənməli, adları dəyişdirilmiş yurd
yerlərimiz haqqında məlumata malik olmalıdırlar.
Şagirdləri Vətənimizin füsunkar təbiəti ilə yaxından
tanış etmək üçün bu fənnin çox böyük imkanları var.
Xüsusilə VIII sinif "Azərbaycanın fiziki coğrafiyası",
"Azərbaycanın iqtisadi və sosial coğrafiyası"
dərsliklərinin rolu böyükdür. Bu kitabların yenidən
(əlavələrlə, yeni məlumatlarla) nəşri, atlasların
yenidən işlənilməsi (VI-VIII siniflər üçün) biz
coğrafiya müəllimlərini çox sevindirir. Bu dərs
vəsaitləri ölkəmizin təbiəti və iqtisadiyyatında baş
vermiş yeniliklərlə şagirdləri tanış edir, işğal edilmiş
ərazilərdə dağıdılmış yaşayış məntəqələri (890-dan çox),
məktəb, tarixi abidələr, meşə sahələri (280 min hektar)
və s. haqqında məlumat verir. Ona görə də bu
dərsliklərdəki mövzuların tədrisinə xüsusi diqqətlə
yanaşılmalıdır.
Müasir dövrümüzdə şagirdlərin idrak fəallığını artırmaq
üçün interaktiv təlim metodlarından istifadə edilir. Bu
isə şagirdlərdə müstəqil düşünmək, nəticələr çıxarmaq,
yeni fikirlər söyləmək vərdişləri yaradır. Bu
metodlardan istifadə edərək (əsasən beyin həmləsi, Venn
diaqramı, diskussiya və s.) coğrafiyanın başlanğıc
kursunda (VI sinif fiziki coğrafiya) ölkəmiz haqqında
(çayları, gölləri, iqlimi) təsəvvür yaradıram. VI
sinifdə keçilən mövzuları izah edərkən çalışıram ki,
Azərbaycan Respublikasının xəritəsi üzərində iş aparım.
Atlasın (VI sinif) ilk səhifəsində verilmiş xəritə
dərslərimizdə mühüm yer tutur. Ümumiyyətlə, coğrafiya
dərslərində bütün mövzuların şərhi xəritələr üzərində
qurulmalıdır. Xəritə üzərində çalışma həlli, hər hansı
bir coğrafi obyektin təyini, müqayisəsi şagirdlərdə
dərsə maraq yaradır.
Şagirdləri xəritə üzərində işlədərkən Azərbaycan
Respublikasının xəritələri əsas götürülməlidir. Mən
çalışıram ki, şagirdlərim ölkəmizin xəritəsini daha
mükəmməl bilsinlər, işğal altında olan torpaqlarımız,
adları dəyişdirilmiş yurd yerlərimiz haqqında məlumatlar
onların yaddaşına həkk olunsun. Şagirdlər öz Vətənlərini
yaxşı tanısınlar, onu sevsinlər. VI sinifdə çaylar,
göllər, dağlar və düzənliklər haqqında mövzuların
tədrisi zamanı şagirdlərə Azərbaycanda olan bu təbii
obyektlərin adlarını həm xəritədən, həm də
valideynlərinin köməyi ilə yazmalarını tapşırıram, özüm
isə eyni zamanda həmin mövzular əsasında şagirdlər üçün
suallar və tapşırıqlar hazırlayıram. Bu tapşırıqlar həm
əyləncəli, həm də maraqlı olmalıdır. Məsələn, sual və
tapşırıqlardan bir neçəsini nəzərdən keçirək:
- Azərbaycanın hansı rayonlarının adları çay adları ilə
eynidir?
- Azərbaycanda adları rəng adları ilə bağlı olan
çayların, dağların, göllərin adlarını deyin.
- Azərbaycanın hansı şairləri çay adlarını özləri üçün
ləqəb götürmüşlər?
- Xəritədə sərhədlərimizdə yerləşən təbii obyektlərin
(çayların, dağ silsilələrinin və s.) təyin edilməsi.
Murov, Qarabağ dağ silsilələrinin və Qarabag Vulkan
yaylasının ən hündür zirvələrinin təyini və s.
Bu tapşırıqlar şagirdlərdə xəritə üzərində müstəqil
işləmək bacarığı yaradır. VI sinifdə artıq şagirdlər
ölkəmizin coğrafi mövqeyi, təbii ehtiyatları, relyefi,
iqlimi, bitki və heyvanlar aləmi ilə tanış olurlar. VII
sinifdə isə eyni ilə hər bir mövzunu ölkəmizin
coğrafiyası ilə əlaqələndirməyə çalışıram. Məsələn,
"Dünya okeanı", "İqlim əmələ gətirən amillər", "Afrika
materiki" mövzuları üzrə belə suallar verirəm:
- Hansı okeanlar Azərbaycanın iqliminə təsir edir
(etmir)?
- Relyefin ölkəmizin iqliminə təsirini nə ilə izah etmək
olar?
- Azərbaycan hansı iqlim qurşaqlarında və iqlim
tiplərində yerləşir?
- Hansı hava kütlələri Azərbaycanın iqliminə təsir edir
(etmir)?
- Afrikada Asuan su anbarını hansı azərbaycanlı mühəndis
inşa etmişdir?
Belə sualları başqa mövzular üzərində də qurmaq olar.
Bütün bu səylərimiz ona gətirib çıxarır ki, VIII sinifdə
artıq şagirdlərimiz vətənimiz haqqında çoxlu məlumatlara
malik olurlar. Dərsin daha maraqlı keçməsi üçün
şagirdlərimə sərhəd rayonlarımız, təbii sərvətlərimiz,
qoruqlarımız, coğrafi toponimlərimiz (yer adlarımızın
mənası) və s. haqqında məlumat toplamağı tapşırıram. Bu
məlumatlar əsasında qurulan dərslər şagirdlərin ölkəmiz
haqqında biliklərini daha da genişləndirir.
Güldəstə ƏHMƏDOVA,
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya
müəllimi |