Rusiyanın Təhsil və Elm Nazirliyi ali məktəb
müəllimlərinin əməkhaqqının yüksəldilməsi üçün ayrılmış
vəsaitin daha səmərəli bölüşdürülməsi məqsədi ilə
sentyabrın 1-dən ali təhsil müəssisələrinin kadr
strukturunda ciddi dəyişikliklər həyata keçirəcəkdir. Bu
barədə qurumun rəhbəri Dimitri Livanov prezidentin
fərmanının reallaşdırılmasına həsr olunmuş müşavirədə
məlumat vermişdir. Nazirin sözlərinə görə, ötən il
Rusiya Federasiyasının 75 subyektində ali təhsil
müəssisələri işçilərinin orta əməkhaqqı region üzrə orta
əməkhaqqına çatdırılmışdır.
2013-2015-ci illərdə ali məktəb müəllimlərinin
əməkhaqqının artırılmasına müvafiq olaraq 24, 38 və 62
milyard rubl əlavə vəsait nəzərdə tutulmuşdur. Bu
vəsaitdən səmərəli istifadə, Təhsil və Elm Nazirliyi
rəhbərinin fikrincə, ancaq struktur dəyişikliklərinin
aparılması ilə mümkündür.
"Hazırda ali təhsil müəssisələrində müəllimlərin faktiki
sayı müvafiq normativdən 30 faiz yüksəkdir, - deyə
Dmitri Livanov qeyd etmişdir. - Bu şəraitdə bütün
əməkhaqlarını artırmaqla biz sadəcə olaraq ştatların
şişirdilməsini stimullaşdıracağıq. Yeni dərs ilinin
başlanmasına qalan aylar ərzində ali təhsil
müəssisələrinin kadr sistemində kifayət qədər ciddi
dəyişikliklər həyata keçirilməlidir.
Biz bunu edəcəyik və artıq 2013-cü il sentyabrın 1-dən
bütün dövlət ali məktəbləri ciddi artırılmış yeni
əməkhaqqı sisteminə keçəcəklər".
"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV |