Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Qafqaz Universiteti on altıncı buraxılışını qeyd etmişdir

 

Böyütmək üçün şəkili seçinİyunun 13-də Qafqaz Universitetində bu ali təhsil ocağının 16-cı buraxılışına həsr olunmuş "Məzun gecəsi" keçirilmişdir. "İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri, tələbələr iştirak etmişlər.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək müasir dünyada təhsilin mühüm rolundan danışmışdır.

Ölkəmizdə təhsilə böyük önəm verildiyini, ulu öndər Heydər Əliyevin bu sahənin inkişafına daim diqqət və qayğı göstərdiyini, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini söyləyən nazir ali təhsil müəssisələrində müasir tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır.

Məzunları təbrik edən M.Cabbarov onları vətənpərvərliyə çağırmış, hər birinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ölkəmizdə təhsil üzrə əhəmiyyətli tədbirlərin, proqramların reallaşdırıldığını qeyd etmiş, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində çoxlu sayda azərbaycanlı gəncin dünyanın ayrı-ayrı ölkələrinin ən nüfuzlu universitetlərində oxuduqlarını diqqətə çatdırmışdır.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermişdir. Universitetdə təhsilin inkişafı üçün uğurlu tədbirlər həyata keçirildiyini söyləyən professor A.Saniç təhsildə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu il Qafqaz Universitetini 530 məzun bitirir. Onlardan 370-i bakalavriatura, 160-ı isə magistratura pillələrinin məzunlarıdır.

Mərasimdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və b. da çıxış edərək ulu öndər Heydər Əliyevin təhsilə daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.

Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini bildirən natiqlər, məzunlara xoş arzularını çatdırmışlar.

Tədbirdə təhsil dövründə fərqlənən məzunlar mükafatlandırılmışlar. Ənənəvi olaraq Qafqaz Universitetinin bölmə birincilərinə xatirə hədiyyəsi və təşəkkürnamə, fakültə və universitet birincilərinə xatirə plaketi təqdim olunmuşdur. Eyni zamanda 2012-2013-cü tədris ilində beynəlxalq və respublika olimpiadalarında fərqlənən tələbələrə xatirə hədiyyələri verilmişdir.

Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov