Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Naxçıvan Özəl Universitetində məzun gecəsi

 

Naxçıvan Özəl Universitetinin 2013-cü il məzunlarının buraxılış gecəsi keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlanmışdır. Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək gənclərə tələbə adını daim uca tutmağı tövsiyə etmiş, məzunlarla bağlı ürək sözlərini çatdırmışdır.

Universitetin fəaliyyəti ilə bağlı məlumat verən rektor məzunlara bu bilik xəzinəsindən yiyələndikləri sərvəti daim qoruyub saxlamağı və gələcəkdə elmin, təhsilin dövlətçilik və azərbaycançılıq ideyalarının inkişafına layiqli töhfələr vermələrini arzulamışdır. Qeyd olunmuşdur ki, bu il universitetdə bakalavr pilləsi üzrə 171, magistratura pilləsi üzr 7 nəfər tələbə məzun olur. Muxtar respublika rəhbərliyi tərəfindən onların ixtisaslı kadr kimi işlə təmin olunmasına xüsusi qayğı göstərilir. İsmayıl Əliyev məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını ləyaqətlə, daim uca tutmağı arzulamış, təhsil aldıqları ali məktəbin adını doğruldacaqlarına inamını ifadə etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Gənclər və İdman nazirliklərinin, Milli Bankın, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun  nümayəndələri və Heydər Əliyev adına tam orta məktəbin direktoru iştirak etmişlər. Çıxış edənlər ulu öndər Heydər Əliyevin daim təhsilə böyük önəm verdiyini vurğulamışlar. Dövlət başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini bildirən natiqlər məzunlara arzularını çatdırmışlar.

Tədris və elmi işlər üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli, humanitar məsələlər üzrə prorektor Əli Yusifov, iqtisadiyyat fakültəsinin dekanı, dosent Ceyhun Mahmudov, pedaqoji fakültənin dekanı Məftun İsmayılov çıxışlarında məzunlara universitetdə qazandıqları bilikləri, dəyərləri gələcək həyatlarında tətbiq etməyi, qoruyub saxlamağı tövsiyə etmişlər.

Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Sonda universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzuna təşəkkürnamələr, bir qrup əlaçı tələbəyə diplom əvəzi sənəd və döş nişanı təqdim olunmuşdur. Sonra universitetin həyatından bəhs edən film nümayiş etdirilmişdir. "Dəniz" vokal instrumental ansamblının ifasında səslənən bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov