Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Bizim qürur yerimiz

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin şəhid tələbələri 

"Torpaq - uğrunda ölən varsa, Vətəndir!". Böyük türk şairi  və mütəfəkkiri Tofiq Fikrətin bütün türk dünyası üçün aforizmə çevrilmiş bu misrası Yer üzündə yaşayan 200 milyondan çox türk övladlarına hərbi çağırışdır, vətənpərvərlik marşıdır. Doğma Azərbaycanımızın zorla Qarabağ müharibəsinə cəlb edildiyi gündən elə bu marşın qəhrəmanlığa çağırış sədaları Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai hərbi hazırlıq və fiziki təlim (indiki coğrafiya və çağırışaqədər hazırlıq) fakültəsini bitirib zabit rütbəsi alan məzunlarını və  eləcə də tələbələrini Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə səfərbər etdi.

ADPU-nun coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin məzun və tələbələrindən Qarabağ müharibəsində həlak olanların sayı 30 nəfərdir. 1995-ci ildə adıçəkilən fakültənin fəaliyyət göstərdiyi 3 saylı tədris binasının həyətində şəhidlərin adını əbədiləşdirən lövhə vurulub. Ancaq təəssüf ki, abidə - kompleksdə onlardan ancaq 16 nəfərinin fotosurətini əks etdirmək mümkün olub. Səbəb də budur ki, onların əksəriyyəti işğal olunmuş rayonlardan olduğuna görə hamısı haqqında ətraflı məlumat toplamaq, abidə - kompleks üçün fotolarını əldə etmək mümkün olmayıb. Yeri gəlmişkən, qeyd edək ki, ADPU-nun şəhid olmuş məzun və  tələbələrindən iki nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, daha iki  nəfəri isə "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.

Onlarla siz də tanış olun:

İbrahimov M.M. (1959-1992-ci il). Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Quliyev M. (1952-1992). Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Rzayev A.M. (1968-1993). Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür.

Bayramov M.Y. (1964-1990). Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür.

Məmmədov M.A.(1959-1994). Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür.

Ələkbərov H.H. (1968-1992)

Salıfov İ.N.(1967-1992)

Qasımov N.T.(1961-1992)   

Abbasov S.S. (1966-1992)

İsmayılov V.M.(1968-1993)

Əsədov İ.M.(1967-1992)

Qədirov E.Ə.(1961-1994)

Hüseynov E.A.(1972-1992)

İsmayılov İ.D. (1967-1995)

Bünyadov V.F.

Kərimov M.

 Həmin çətin, qanlı-qadalı günlərdə bu yazının müəllifi, eyni zamanda baş müəllim R.Rəsulov, A.Əmiraslanov, Ə.Mehdiyev, Ş.Allahquliyev, Y.İsmayılov, F.Fərzəliyev və başqaları tələbələrlə birlikdə tərbiyəçi-müəllim kimi döyüş bölgələrinə ezam olunmuşduq. 

1992-ci ilin fevralında tələbələrimizlə təlim-məşqlərdə olduğumuz dövrü yaxşı xatırlayıram. Tələbələrimiz Qəbələ rayonundakı turizm bazasında yerləşdirildi. Ayxan adlı türk zabitinin bilavasitə rəhbərliyi ilə ciddi hərbi təlim-məşqlər keçirilirdi. Müxtəlif hərbi döyüş xarakterli manevrlərin icrası, silahla rəftar, onu işlətmək qaydaları, atıcılıq, səhər saat 6-da dağlara qalxmaq, qalın meşələri yarıb keçmək, meşə və dağlarda hücumetmə və müdafiə şərti manevrləri, müxtəlif relyeflərdə güllə atıcılığı, şərti nişanalmalar, müxtəlif idman yarışları bu təlim-məşqlərə daxil idi.

Biz müəllimlər də tələbələr kimi hərbi geyimdə idik. Hərbin qayda-qanunlarına, əsasnamələrinə ciddi riayət edirdik. Bir sözlə, tələbə-müəllim münasibətləri ciddi tənzimlənir, eyni bir istiqamətə yönəldilirdi.

Hərbi-fiziki hazırlıq məşqləri hərbçilərin və müəllimlərin diqqət mərkəzində və daimi nəzarətində olurdu. 60-80 sm qalınlıqda qar düşməsinə baxmayaraq, hər gecə saat 2-3 radələrində yataq otaqlarında yoxlamalar aparır, tələbələrlə söhbət edir, zəruri tövsiyələrimizi verirdik. Tələbələr də öz növbəsində bizi diqqətlə dinləyir, arzu və təkliflərini bildirirdilər. Təlim-məşqlər 3 aya yaxın davam etdi. Sonra tələbələrimizdən bir qismi təhsil almaq üçün universitetə döndü, bir qismi isə Vətən torpaqlarını qorumaq üçün döyüş bölgələrinə yollandı. Təhsillərini davam etdirmək üçün universitetə dönən tələbələr də təhsillərini başa çatdırandan sonra Laçın, Şuşa, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərə qatıldılar.

1992-ci ilin may ayında Füzuli, Cəbrayıl, Şuşa, Laçın rayonlarının cəbhə bölgələrində cəmləşən məzunlarımızla iş aparmaq, onların vəziyyətini öyrənmək məqsədilə bir qrup müəllim könüllü olaraq həmin rayonlara ezam olunduq. Onların arasında yenə bu yazının müəllifi, eyni zamanda A.Əmiraslanov, Ə.Mehdiyev və başqaları da var idi. A.Əmiraslanov Laçın, R.Rəsulovla mən isə Füzuli və Cəbrayılın cəbhə bölgələrinə getdik. Biz məzunlarımızın böyük ruh yüksəkliyi ilə şəhər və kəndlərimizi müdafiə etdiklərinin, düşmənin hücumlarına mətinliklə sinə gərdiklərinin canlı şahidi olduq.

Coğrafiya və çağırışaqədər hazırlıq fakültəsində təhsil alan tələbələrin hər yeni dərs ilinin ilk saatı yuxarıda qeyd etdiyimiz xatirə-kompleksin önündə keçirilir. Xatirə-kompleksin önündə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş ADPU məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbçi-müəllim ixtisasına yiyələnmək arzusunda olanlar ilk olaraq burada hərbçi-tələbə andı içir, sələflərinin adına layiq olacaqlarına söz verirlər.  

Baloğlan QULİYEV,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman fənləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov