Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılmışlar

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına uyğun olaraq 2013-cü ilin aprel ayında ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival zamanı 15 iştirakçı ali məktəbin bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş, kollektiv və tək ifaçılar arasından qaliblər müəyyənləşdirilmişdir. İyunun 28-də Təhsil  Nazirliyində festival qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. 

Tədbiri Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov açmışdır. Mərasimdə iştirak edən Təhsil Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov festival haqqında məlumat verərək onun Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən 2007-ci ildən etibarən keçirildiyini və artıq ənənə halını aldığını bildirmişdir. Qeyd etmişdir ki, festivalın məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimiz, incəsənətimiz, milli adət və ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşması işinə kömək göstərmək, eləcə də incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılması, qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Sayca yeddinci olan builki festivalın Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğu üçün xüsusi önəm kəsb etdiyini söyləyən C.Bayramov əsasən dövlət ali təhsil müəssisələrinin, özəl ali məktəblərdən isə yalnız Odlar Yurdu Universitetinin iştirak etdiyi bu mədəniyyət və incəsənət yarışmasının xalq çalğı alətləri ansamblı, xor kollektivləri, rəqslər (milli rəqslər, müasir rəqslər, solo rəqslər), bədii qiraət, muğam ifası, mahnılar (vokal bəstəkar mahnıları, xalq mahnıları, müasir mahnılar) və aşıq musiqisi nominasiyaları üzrə keçirildiyini bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, yalnız final mərhələsinə 650 tələbənin qatıldığı festival ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Gənc Tamaşaçılar Teatrında 70 tələbənin iştirakı ilə keçirilmiş qala konserti ilə yekunlaşmışdır.

C.Bayramov bildirmişdir ki, münsiflər heyəti tərəfindən aparılan seçim əsasında müsabiqə iştirakçılarının 13-ü I, 12-si II, 12-si III yerə, 25 nəfər isə həvəsləndirici yerə layiq görülmüşdür. Festivalda Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin kollektivlərinin yüksək nəticələr əldə etdiyini söyləyən Aparat rəhbəri eyni zamanda Odlar Yurdu Universiteti tələbələrinin də fərqləndiyini diqqətə çatdırmış, növbəti illərdə bu sahədə işləri daha da genişləndirməyin, özəl ali məktəblərin də bu işə yaxından qoşulmasının vacibliyini vurğulamışdır.

C.Bayramov çıxışının sonunda qalibləri təbrik etmiş, festivalın keçirilməsində əməyi olanlara minnətdarlığını bildirmişdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov da mərasim iştirakçılarını salamlayaraq festivalın, xüsusən də onun yekun tədbirinin yüksək səviyyədə keçirildiyini bildirmiş, bu işlərdə zəhmət payı olanlara təşəkkür etmişdir.

O, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin festivalın təşkili və keçirilməsinə verdiyi dəstəyi xüsusilə yüksək dəyərləndirmişdir.

Sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. I, II və III yerlərin sahiblərinə diplomlar və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə diplomlar təqdim edilmişdir. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov