Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdir

 

  Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları iyulun 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Daha sonra qurultay iştirakçıları "Əkinçi" qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoymuş, böyük mütəfəkkirin xatirəsini anmışlar.

Həmin gün Bakıda Azərbaycan jurnalistlərinin VI qurultayı öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, qurultayın əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq qurultayın sədarətinin, katibliyinin, say və mandat komissiyalarının yaradılması barədə təklif irəli sürmüş və müvafiq komissiyaların üzvləri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbriklərini çatdırmışdır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Nicat Dağların müalicəsi ilə bağlı göstəriş verdiyi üçün qurultay iştirakçıları adından dövlətimizin başçısına təşəkkür məktubunun ünvanlandığını da demişdir.

Sonra Ə.Amaşov V qurultaydan ötən dövrdə Mətbuat Şurası tərəfindən görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, bu qurultay jurnalistlərin peşəkarlığının artırılması, mənfi proseslərin jurnalistikamızdan tədricən sıxışdırılıb çıxarılması və mətbuatın demokratik prinsiplər əsasında inkişafı dövrünə təsadüf edir.

Daha sonra Əli Həsənov demişdir: "Qurultayda səslənən fikirlər, təkliflər, aparılan müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, mətbuat-dövlət münasibətlərinin sivil qaydada tənzimlənməsinə rəvac verəcəkdir. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaqdır".

Qurultayda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na və "Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi"nə dəyişiklik edilmişdir.

Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilmişdir.

Azərbaycan Jurnalistlərinin VI qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov