Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

"Azərbaycan dili və ədəbiyyatı tədrisi  metodikası: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Azərbaycan dili və ədəbiyyatı tədrisi   metodikası: reallıqlar və perspektivlər" mövzusunda  elmi-praktik konfrans keçirilmişdir.

BPKİYİ-nin rektoru, professor  Asəf Zamanov konfransı giriş sözü ilə açaraq qeyd etmişdir ki,  Azərbaycan təhsil  sisteminin  dünya təhsil sisteminə  inteqrasiya etdiyi bir zamanda ümumtəhsil  məktəblərində tədris olunan bütün fənlərin, o cümlədən "Azərbaycan  dili və ədəbiyyatı" fənlərinin məzmununda  və onun tədrisi metodikasında  da böyük  yeniliklər həyata keçirilir. Biz mütəmadi olaraq  dərslik  müəllifləri ilə   müəllimlərin  görüşünü  təşkil edir, onların  canlı dialoquna şərait  yaradırıq.

Professor Asəf Zamanov onu da qeyd etmişdir ki, ixtisasartırma və yenidənhazırlanma təhsilində  müxtəlif  fənlərin tədrisi ilə əlaqədar müəllim  və tələbələrin  metodik  biliklərini inkişaf etdirmək  məqsədilə professor-müəllim  heyətinin, o cümlədən ixtisaslarını artıran müəllimlərin  də "açıq dərs"lərinin keçirilməsinə xüsusi  diqqət  yetirilir.

Sonra professor Aydın Paşayev "Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikasının bəzi məsələləri" adlı məruzəsində  bildirmişdir ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin  ixtisasartırma kurslarına respublikamızın müxtəlif  elm ocaqlarında  fəaliyyət göstərən  tanınmış alimlərin mühazirəçi kimi cəlb olunması ixtisasartırma təhsilinin keyfiyyətcə dəyişməsinə müsbət təsir göstərmişdir. Hazırda müəllimlərin yay ixtisasartırma kurslarında  AMEA Nizami  adına  Ədəbiyyat İnstitutunun professoru Nizaməddin Şəmsizadə, AMEA Nəsimi adına  Dilçilik İnstitutunun professoru Qəzənfər Kazımov, Bakı Şəhəri üzrə  Təhsil  İdarəsinin müdir  müavini, professor  Hüseyn Əsgərov, Bağça-Məktəb-Lisey Kompleksinin direktoru, professor Qafar Hüseynov, V sinif  "Ədəbiyyat" dərsliyinin müəllifi, dosent  Soltan Hüseynoğlu  və başqalarının mühazirələri müəllimlər  tərəfindən  böyük  rəğbətlə qarşılanır.

Elmi-praktik konfransda professor Hüseyn Əsgərov   "Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin  qarşısında  duran əsas vəzifələr" adlı  məruzəsində  qeyd etmişdir ki,  Bakı şəhərinin ümumtəhsil məktəblərində  keçirilən buraxılış imtahanlarının nəticələrinə görə şagirdlərin "Azərbaycan dili" və "Ədəbiyyat" fənlərindən ümumi bilik səviyyələri digər fənlərlə müqayisədə  çox aşağıdır.  Bu vəziyyət hamımızı dərindən  düşündürməlidir və mövcud problem müəllimlərdən öz vəzifə  borclarına daha məsuliyyətli yanaşmağı tələb edir.

V sinif "Azərbaycan dili" dərsliyinin  müəllifi  Rafiq İsmayılovun "Azərbaycan dili dərslərinin qiymətləndirilməsində  müasir yanaşmalar", V sinif  "Ədəbiyyat" dərsliyinin müəllifi dosent  Soltan Hüseynoğlunun  "Ədəbiyyat" dərsliyi: problemlər və  vəzifələr" adlı  məruzələri dinlənildikdən sonra onlar müəllimlərin çoxsaylı suallarını cavablandırmışlar.

Dərslik  müəllifi Rafiq İsmayılov qeyd etmişdir ki, dərsliyi yazmazdan əvvəl  Türkiyə, o cümlədən bir çox  Avropa ölkələrində  dərsliklərlə bağlı proqram və təlimatları öyrənmişdir və bu dərslik kurikulum çərçivəsində beynəlxalq  standartlara tam uyğun gəlir.

Konfransda institutun  Azərbaycan dili və ədəbiyyatı  kafedrasının  dosenti Şəmil Sadıqovun "V sinif Azərbaycan dili dərsliyi  haqqında" ,  baş müəllim Esmira Cəfərovanın "Məktəbdaxili qiymətləndirmə qaydaları", Bakı şəhər 150 nömrəli tam orta məktəbin  müəllimi Məlahət Babakişiyevanın "İ.Əfəndiyevin "Xəncər" hekayəsinin təhlili zamanı interaktiv metodlardan  istifadə", Bakı şəhər 150 nömrəli tam orta məktəbin  müəllimi Samid Aydəmirovun "Təlim prosesində ünsiyyət problemi" adlı məruzələri də maraqla qarşılanmışdır.

Sonda BPKİYİ-nin rektoru, professor Asəf Zamanov konfrans iştirakçılarına bir daha təşəkkür etmiş və ümidvar olduğunu bildirmişdir ki, konfrans gələcəkdə "Azərbaycan dili" və "Ədəbiyyat"  dərsliklərinin, onların tədrisi metodikasının daha da təkmilləşdirilməsində mühüm  rol oynayacaqdır. 

BPKİYİ-nin mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov