Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

AMEA-da gənc alimlərin elmi nailiyyətləri və problemləri müzakirə olunmuşdur

 

Böyütmək üçün şəkili seçinİyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc Alimlər Şurasının ümumi yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, AMEA-nın elmi müəssisələrinin direktorları, gənc alimlər şuralarının sədrləri, KİV nümayəndələri iştirak etmişlər.

AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov akademiyanın gənc alimlərinin 5 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi ilə çıxış etmişdir. Gənc alimlərin uğur və nailiyyətləri barədə məlumatlar dinlənilmiş, problemlər diqqətə çatdırılmışdır.

Gənc alimlərə göstərilən dövlət qayğısından danışan İ.Orucov Prezident İlham Əliyevin gənclərin inkişafına yönəlmiş fərman və sərəncamlarının əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və Gənclər üçün Prezident Mükafatının təsis edilməsi dövlətimizin başçısının müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında həyatın bütün sahələrində aparılan islahatların elmə və elmi biliklərə söykənməsi, gənclərin potensialının səfərbər edilməsi, rəqabətədavamlı kadr potensialının formalaşdırılması, təbii resursların insan resursları ilə əvəzlənməsi dayanır. Ölkəmizdə həyata keçirilən elm və gənclər siyasəti elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə münbit şərait yaradılmasına yönəlmişdir. Getdikcə genişlənən bu imkanlar fonunda elmi gəncliyin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. AMEA-da gənclərlə iş mühüm prioritetlərdən biri kimi daim akademiya rəhbərliyinin diqqət mərkəzindədir və bu iş əsasən GİİM tərəfindən həyata keçirilir.

Mərkəzin rəhbəri demişdir ki, gənc alimlər respublikamızda və xarici ölkələrdə keçirilən mötəbər beynəlxalq konfrans, seminar və layihələrdə fəal iştirak edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirirlər.

İ.Orucov gənc alimlərin sosial problemlərindən də söz açmış, "Elm haqqında" qanunun qəbul olunmasının, Elm Gününün təsis edilməsinin əhəmiyyətini vurğulamışdır.

Daha sonra AMEA-nın müxtəlif institutlarında fəaliyyət göstərən gənc alimlər şuralarının sədrləri ölkəmizdə və təmsil etdikləri qurumlarda gənclərin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, akademiyada elmin bütün istiqamətləri üzrə çalışan gənclərin son beş ildə qazandıqları uğurlardan, onlar üçün yaradılmış geniş imkanlardan söz açmışlar.

Natiqlər akademiyanın gənc alimlərinin 5 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat məruzəsini yığıncağın qərar layihəsinə daxil olunmasını təklif etmişlər.

Tədbirdə AMEA-nın prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, akademik Akif Əlizadə çıxış edərək bildirmişdir ki, ölkəmizdə modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə çatmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində gəncliyin üzərinə böyük vəzifələr qoyulur. Bu vəzifələrin həyata keçirilməsi gənclərin innovativ fəallığının yüksəldilməsini tələb edir.

AMEA-nın prezidenti Azərbaycan elminin inkişafında və dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan, akademiyada onlar üçün yaradılmış şəraitdən, gənc alimlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində görülən və görüləcək işlərdən danışmışdır.

Gənc alimlərlə yaşlı nəsil arasında münasibətləri dərinləşdirməyin vacibliyini qeyd edən A.Əlizadə demişdir ki, gənclər beynəlxalq elmi əməkdaşlığı genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün informasiya-kommunikasiya texnologiyaları sahəsindəki biliklərini artırmaq, eləcə də xarici dilləri daha mükəmməl öyrənmək qayğısına qalmalıdırlar. Onlar dünyanın qabaqcıl elmi mərkəzlərinə ezamiyyəyə göndərilməli, dünyanın qabaqcıl biliklərini Azərbaycana gətirməlidirlər. Gənc və perspektivli alimlər akademiyada idarəetməyə daha fəal cəlb olunmalıdır.

Akademik A.Əlizadə respublikanın bütün gənc alimlərini qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağıraraq demişdir: "Biz əminik ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir".

Daha sonra A.Əlizadə gənc alimlərə elmi fəaliyyətlərini genişləndirməyi, bütün sahələrdə fəal olmağı, intellektlərini, innovativ təfəkkürlərini, dövlətçilik şüurunu və mənəvi keyfiyyətlərini daim xalqın və dövlətin inkişafına yönəltməyi tövsiyə etmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov görüşə yekun vuraraq bildirmişdir ki, Azərbaycan gəncliyinin inkişafı ilə bağlı dövlət siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin gənclər siyasəti, ölkənin gəncliyinə münasibəti dayanır. Hələ sovet hakimiyyəti illərində - 1969-cu ildə ulu öndərin respublikaya rəhbərlik etməyə başladığı dövrdən etibarən gənclərimizin xaricdə təhsili sahəsində, sözün əsl mənasında, dirçəliş başlamışdır. Qətiyyətlə demək olar ki, Azərbaycan gəncliyinin keçmiş SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində təhsil alaraq yüksək ixtisaslı milli kadrlar kimi yetişməsi ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən biridir. 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfərə, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfərə çatırdı. Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc sovetlər birliyinin 175 nüfuzlu ali məktəbində 250-dək ixtisasa yiyələndikdən sonra Vətənə qayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə layiqli töhfələrini vermişlər.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyi məsələsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Ulu öndərin fərmanı ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi də məhz gəncliklə bağlı olan mühüm dövlət qurumudur. Azərbaycan gənclərinin problemlərini müəyyənləşdirmək, bu problemlərin həlli yollarını araşdırmaq və dövlətin, cəmiyyətin səylərini buna istiqamətləndirmək nazirliyin fəaliyyətinin əsasını təşkil etmişdir.

Bildirilmişdir ki, 1994-cü ildən ömrünün sonunadək ulu öndərin fəaliyyətinin çox böyük bir hissəsini Azərbaycan gəncliyi, ordu quruculuğu, dövlətimizin və millətimizin gələcəyinin təmin olunması təşkil etmişdir. Ona görə də, bu gün Prezident İlham Əliyev üçün təməli düzgün qoyulmuş, ölkənin avanqard qüvvəsi olan gəncliyi idarə etmək, onların problemlərini həll etmək olduqca asan və rahatdır.

Gənc alimlərin sosial problemlərindən danışan professor Əli Həsənov demişdir ki, bu məsələ dövlət rəhbərliyinin diqqət mərkəzindədir və onların aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcəkdir. Bu ilin əvvəlində Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev ipoteka vəsaitlərindən istifadənin yeni konsepsiyasını irəli sürmüşdür. Həmin konsepsiya gənc alimlərin, eləcə də gənc nəslin ipoteka kreditlərindən ən güzəştli şərtlərlə, ən asan yollarla istifadə edə bilməsini nəzərdə tutur. Həmçinin ipotekanın alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Dövlətimizin başçısının həmin iclasda verdiyi tövsiyə və tapşırıqlar hazırda həm bank sektorunda, həm İqtisadi İnkişaf Nazirliyində, həm də elmin və gənclərin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərə alınır.

Gənclərin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən danışan Prezident Administrasiyasının rəsmisi əminliklə vurğulamışdır ki, dövlətin Azərbaycan gəncliyinə qayğısı, intellektual gəncliyin inkişafı siyasəti gələcəkdə də uğurla davam etdiriləcəkdir.

Qeyd olunmuşdur ki, hər bir fəaliyyətin meyarı onun ictimai əhəmiyyəti ilə ölçülür. Bu baxımdan gənc alimlər Azərbaycan cəmiyyətinin ən şüurlu, intellektual hissəsini təşkil edir. Onlar Azərbaycanın gənclər siyasətinin önündə getməli, bu siyasəti müəyyən edən strukturların tərkibində gənc alimlərin fəaliyyəti nəzərə çarpmalıdır. Ona nail olmaq lazımdır ki, dövlət siyasətini müəyyən edən nazirliklərin ictimai şurasında intellektual gəncliyin nümayəndələri təmsil olunsunlar.

Ə.Həsənov çıxışına davam edərək demişdir ki, akademiyanın gəncləri bu gün, sözün əsl mənasında, cəmiyyətdə fəallıq nümayiş etdirməlidirlər. Dövlətimizin başçısı AMEA-da çalışan gənclərdən məhz bunu gözləyir. O cəmiyyətlərin gələcəyi daha etibarlı olur ki, orada hazırkı nəsil özündən sonrakı nəslin daha qabiliyyətli və bacarıqlı yetişməsi üçün səy göstərir və buna nail olur.

Prezident Administrasiyasının rəsmisi demişdir ki, bugünkü gənclik daha rəqabətədavamlıdır, müxtəlif xarici dilləri, yeni texnologiyaları və innovativ yenilikləri daha yaxşı mənimsəmişdir. Ona görə də potensiallarını, bilik və bacarıqlarını göstərə bilmək üçün gənc alimlərə geniş meydan verilməlidir. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinin mahiyyəti həm də ondan ibarətdir ki, biz rəqabətədavamlı gənclər yetişdirək, onların imkan və potensialından dövlətimizin, millətimizin inkişafı üçün istifadə edək. Bu, ümummilli lider Heydər Əliyevin də arzusu idi. Ulu öndər bu istəyini hələ 1999-cu ilin martında Azərbaycan gənclərinin ikinci forumunda ifadə etmişdir.

Qeyd olunmuşdur ki, bu gün neftdən gələn kapital və ölkənin digər gəlirlərinin böyük hissəsi insan potensialının yetişməsinə, o cümlədən dünyanın ən qabaqcıl elm və texnologiyalarının mənimsənilməsinə və tətbiqinə yönəlmişdir. Dövlət proqramları çərçivəsində yüzlərlə gənc hazırda dünyanın nüfuzlu ali məktəblərində təhsil alır. Bununla yanaşı, həmin proqramlar çərçivəsində dünya elminin müxtəlif sahələrindəki yeniliklər, xarici ölkələrdən qabaqcıl texnologiyalar gətirilərək respublikada tətbiq olunur.

AMEA-nın cəmiyyətdə mövqeyindən danışan Ə.Həsənov demişdir: Akademiya bütün dövrlərdə xalqın beyin mərkəzi, idarəçilik, düşüncə mərkəzi olmuşdur. Təəssüf ki, vaxtilə bu elm məbədindən çıxan insanlar akademiyanı ləğv etmək istəyirdilər. Yalnız ulu öndərin əzmi və iradəsi sayəsində AMEA qorunub saxlanmış, yenidən qurulmuş və fəaliyyətini genişləndirmişdir. Bu gün biz Azərbaycanın gələcəyini aydın görürük. Prezident İlham Əliyevin siyasəti, sözün həqiqi mənasında, milli əhvali-ruhiyyə, milli tələbat və milli maraqlar üzərində qurulmuşdur. Bu gün dövlətimizin başçısı seçki kampaniyası aparmır, çünki o, seçkilərin sabahını deyil, nəsillərin sabahını düşünür. Ona Azərbaycan gəncliyinin sabahı, xoş gələcəyi hər şeydən daha çox lazımdır.

Natiq vurğulamışdır ki, bugünkü yığıncaqda gənc alimlər tərəfindən növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi cəmiyyətə verilən çox ciddi bir mesajdir. Əgər Azərbaycan gəncliyinin elitası və avanqardı növbəti dövrdə də Prezident İlham Əliyevi bu vəzifədə görmək istəyirsə, deməli, dövlətimizin başçısının yürütdüyü siyasət doğru siyasətdir, bu siyasət xalqa söykənmişdir və onun ehtiyaclarının həllinə istiqamətlənmişdir.

Prezident Administrasiyasının rəsmisi doğru seçim etdiklərinə görə akademiyanın gənclərinə təşəkkürünü bildirmiş, onlara böyük uğurlar arzulamışdır.

Sonda bu il keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin yekdilliklə dəstəklənməsi ilə bağlı AMEA-nın gənc alimləri adından bəyanat qəbul olunmuşdur.

Gənclərin İntellektual İnkişaf Mərkəzinin beşillik hesabatı qənaətbəxş hesab edilmişdir.

Bununla da AMEA-nın gənc alimlərinin ümumi yığıncağı öz işini başa çatdırmışdır.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov