Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

"Yerin daxili quruluşu" mövzusunda dərs nümunəsi

 

 Fənn: Coğrafiya

Sinif: 6 "k"

Dərsin mövzusu: Yerin daxili quruluşu

Məqsəd:

1. Yerin daxili təbəqələri haqqında məlumat vermək.

2. Şagirdlərdə əməkdaşlıq vərdişlərini və düşüncələrini müstəqil şəkildə düzgün ifadə etmək bacarıqlarını inkişaf etdirmək.

İş forması: Cütlərlə, qruplarla və fərdi iş.

Metod: Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması.

Təchizat:

1. "Coğrafiya" dərsliyi, 6-cı sinif

2. Yerin daxili quruluşu ilə bağlı şəkillər.

3. İşçi vərəqləri.

4. Qiymətləndirmə vərəqi.

Dərsin gedişi:

Sinfin təşkili: Şagirdlər qrup şəklində əyləşir və hər qrupun qarşısına kompüter qoyulur. Davamiyyəti yoxlayır və dərsə başlayıram. 

 

Motivasiya: Problemin qoyuluşu.

"Lövhədə aşağıdakı şəkli nümayiş etdirir və sinfə müraciət edirəm".

Müəllim: - Gördüyünüz şəkil nədən bəhs edir?

Şagirdlər müxtəlif fikirlər söyləyirlər. Mən onları dinləyir və heç bir fikir söyləmədən növbəti suala keçirəm:

Yerin daxili quruluşu haqqında nə bilirsiniz?

Şagirdlər bu sualı da cavablandırdıqdan sonra mən əvvəlcədən işə salınmış kompüterə yaxınlaşır və proyektorda ağ lövhədə hər bir qrup üçün mövzu ilə bağlı hazırlanmış dörd sualı canlandırıram.

1. Nüvə haqqında nə bilirsiniz?

2. Mantiya haqqında nə bilirsiniz?

3. Yer qabığı haqqında məlumat verin.

4. Materik ətəyi haqqında məlumat verin.

Bu suallardan sonra şagirdlərə vaxt verirəm və onlar qarşılarındakı İnternetə qoşulmuş kompüterlərdən istifadə edərək verilən suallara cavab hazırlayırlar. Vaxt bitdikdən sonra hər bir qrupun cavabını dinləyirəm.

I qrup

Nüvə yerin mərkəzində radiusu təqribən 3500 km-ə yaxın olan çox yüksək temperatur və təzyiqə malik təbəqədir. Nüvə ağır metalların ərimiş qarışığından təşkil olunmuşdur. Nüvə 2 hissəyə ayrılır:

1. Daxili nüvə

2. Xarici nüvə

Daxili nüvə xarici nüvəyə nəzərən daha istidir və burada təzyiq daha çoxdur. Nüvə, əsasən, dəmir və nikel ərintisindən ibarət olsa da, çox böyük təzyiq altında olduğu üçün böyük sıxlığa malikdir. Daxili nüvədə temperatur 500000 C-yə çatır.

II qrup

Mantiya yer qabığının alt hissəsindən 2800-2900 km dərinliyə qədər uzanır. Mantiya 2 hissəyə bölünür:

1. Üst mantiya (1000 km-ə qədər)

2. Alt mantiya (1000-2900 km-ə qədər)

Üst (yuxarı) mantiyada maddələr ərinti halındadır. Alt mantiyada temperaturun daha yüksək olmasına baxmayaraq, maddələr böyük təzyiq altında olduğuna görə onlar nisbətən bərk-plastik vəziyyətdədir və axıcılıq qabilliyyətinə malik deyil. Mantiyada maddələrin ağırlığına görə diferensiyası baş verir. Ağır ərimiş maddələr yuxarı mantiyadan aşağı mantiyaya və nüvəyə çökür, yüngül maddələr isə böyük təzyiq altında yuxarı, Yer qabığına tərəf qalxır. Yer qabığına və Yer səthinə çox böyük təsir göstərən bir çox proseslərin kökü yuxarı mantiyadadır. Burada ən dərin fokuslu zəlzələlərin və bütün vulkanların ocaqları yerləşir.

 III qrup

Yer qabığı üst mantiya ilə Yer səthi arasında qalan bərk hissədir. Yer qabığı ilə mantiya arasındakı sərhədi ilk dəfə Moxoroviç tapmışdır. Üst mantiyanın üst 100-150 km-lik hissəsi astenosfer adlanır.

Yer qabığı 2 hissəyə bölünür:

1. Okean yer qabığı: 2 qatdan ibarətdir (çökmə və bazalt). Bu qatın qalınlığı azdır. Minimum 5 km (Mariana çuxurunda və bəzi novlarda), maksimum 15 km-dir. Okean yer qabığı ən qədim yer qabığıdır.

2. Materik yer qabığı: Qalınlığı düzənliklərdə 30-40 km, dağlarda isə 70-80 km-dir. Maksimum qalınlıq 90 km-dir (Hindiquş, Tyan-Şan dağlarında). Materik yer qabığının tərkibi 3 cür suxurdan təşkil edilmişdir.

a) Çöküntü

b) Qranit

c) Bazalt

Materik yer qabığı dedikdə yalnız materiklərin, adaların görünən hissəsi deyil, həm də altında qalmış hissələri nəzərdə tutulur. Bu hissələr aşağıdakılardır:

1. Materik dayazlığı (şelf)

2. Materik yamacı

3. Materik ətəyi

 IV qrup

Materik ətəyi materik yer qabığının okean yer qabığı ilə əvəz olunduğu sərhəddir. Qranit qat böyük qalınlığa malik çöküntü suxurlarının altında odlu maqmanın tədricən soyumasından əmələ gəlir. Ona görə ağır, bərk və məsaməsiz olur. Okean yer qabığında qranit qatının əmələ gələ bilməməsinin səbəbi çöküntü qatının nazik olmasıdır. Ona görə də Yerin dərinliklərindən çöküntü qatının altına qalxan maqma sürətlə soyuyur. Tərkibindəki su və qazları itirərək, məsaməli bazalta çevrilir. Materik yer qabığının sahəsi təxminən okean yer qabığının sahəsinə bərabərdir (255 mln. km2). Qranit və bazalt qatları arasındakı  sərhədə konrad sərhədi deyilir. Üst mantiyanın üst bərk hissəsi ilə astonosfer arasında qalan sərhəd Benyof sərhəddidir. Yer qabığı ilə mantiyanın üst hissəsi birlikdə litosfer adlanır.

Sonuncu qrupun cavabını dinlədikdən  sonra ağ lövhədə şəkli canlandırıram və biz mövzu haqqında bütün qruplarla birlikdə işləyirik.

Bundan sonra şagirdlərə işçi vərəqləri paylayıram. Bu işçi vərəqlərini öyrəndiyimiz mövzunun məzmunu və təhlili ilə bağlı bir sual və beş test tapşırığı təşkil edir:

I qrup

1. Yer qabığının ən qalın və ən nazik yerləri harada yerləşir?

2. Testlər.

II qrup

1. Yerin daxili quruluşunu hansı elm öyrənir?

2. Testlər.

III qrup

1. Materik yer qabığı hansı qatlardan ibarətdir?

2.Testlər.

IV qrup

1. Yer qabığı və mantiyanın üst bərk hissəsi necə adlanır?

2. Testlər.

Sonda dərsin əvvəlində şagirdlərə ünvanladığım birinci sualı bir də onların diqqətinə çatdırıram:

Yerin daxili quruluşu haqqında nə bilirsiniz?

Şagirdlər fikirlərini söyləyərək qeyd edirlər ki, Yerin daxili quruluşu 3 təbəqədən ibarətdir:

1. Nüvə

2. Mantiya

3. Yer qabığı

Sonra şagirdlər dərsdə fəal iştirak edən yoldaşlarını qiymətləndirirlər və mən qiymətləri yekunlaşdıraraq son nəticəni şagirdlərə elan edirəm.

Dərsin sonunda şagirdlərə evdə "Marian çökəkliyi" mövzusunda kiçik esse yazmalarını tapşırıram. 

Gülnar ƏLƏKBƏROVA,
Tovuz rayonu Qovlar şəhər qarışıq tipli tam orta internat-məktəbin coğrafiya müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov