Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyunl 2013 - №28

 

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə
mənzillərin paylanması mərasimində iştirak etmişdir

 

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxdı.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 2 blokdan və 17 mərtəbədən ibarət binanın ümumi yaşayış sahəsi 17 min 600 kvadratmetrdir. Qeyd edildi ki, bina qısa müddətə və yüksək keyfiyyətlə inşa olunmuşdur. Ümumi sahəsi 22 min kvadratmetrə yaxın olan binanın həyətində geniş abadlıq-quruculuq işləri görülmüşdür. Həyətdə uşaq meydançası quraşdırılmış, müxtəlif attraksionlar qoyulmuşdur. Binanın 354 nömrəli elektron ATS-i, iki su anbarı vardır.

Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.


Prezident İlham Əliyevin nitqi 

Böyütmək üçün şəkili seçin- Əziz dostlar, hörmətli jurnalistlər, mətbuat işçiləri!

İlk növbədə, sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bu bayram günündə biz gözəl binanın açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu gün istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bakı Art City, yəni, incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik.

Böyütmək üçün şəkili seçinBildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir.

Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir. Bildiyiniz kimi, bu gün İnternet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda İnternet tam azaddır.

Böyütmək üçün şəkili seçinİnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı İnternet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.

Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.

Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar. Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır.

Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, İnternet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.

Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın. Azərbaycanda gənc peşəkar jurnalist kadrların hazırlanması daha da sürətlə getsin. Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm.

Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır.

Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir.

Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır. Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik.

  Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ölkənin strateji xətti - istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda əlbəttə ki, daxili problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur.

Ona görə vətənpərvərlik mövzuları hesab edirəm ki, bizim mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.

Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki, daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq.

Son illər ərzində dövlət və ictimai qurumlar tərəfindən bu istiqamətdə önəmli addımlar atılmışdır, qeyri-hökumət təşkilatları da bu sahədə fəaldır. Mətbuat işçiləri də artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq.

Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada reallıqları əks etdirir.

Danışmağa da sözümüz vardır. Çünki Azərbaycan qısa müddət ərzində istənilən sahədə böyük, bir çox hallarda analoqu olmayan inkişafa imza atmışdır. Bu inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha da çox tanınır. Yəni, bunu inkar etmək olmaz. Bəzi antiazərbaycan qüvvələri buna nə qədər çalışsalar da, bunu inkar etmək, bunu görməmək mümkün deyildir. Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki, sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar, uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına buna nail olurlar.

Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə İnternet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur.

Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa müddət ərzində müstəqil dövlət kimi formalaşdı, gücləndi. Bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir. Beynəlxalq aləmdə böyük nüfuza malikdir. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. İqtisadi və sosial məsələlərin həllində bir çox ölkələr üçün nümunə ola bilər. İnkişaf etmiş ölkələrin meyarlarının bir çoxu artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi sahədə. Yəni, deməyə sözümüz çoxdur. Sadəcə olaraq biz bu işləri daha çox əlaqəli şəkildə aparmalıyıq. Yenə də qayıdıram əvvəlki mövzuya, vətənpərvərlik, dövlətçilik duyğuları bütün başqa məsələlərdən üstün olmalıdır.

Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik, bir daha demək istəyirəm ki, ən böyük sərvətdir, ən böyük dəyərdir. Biz bundan sonra da müstəqilliyi qorumalıyıq. Bundan sonra da çalışmalıyıq ki, müstəqillik, dövlətçilik, azadlıq prinsipləri Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə indiki dünyada. Biz görürük ki, müxtəlif yerlərdə proseslər çox mənfi istiqamətdə gedir, qarşıdurmalar, böhran, kütləvi etirazlar. Yəni, bizim maraqlarımızı bizdən çox güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə hesab edirəm ki, bax biz gələcəkdə bu məsələlər ətrafında daha da ciddi fikirləşməliyik. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır.

Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə təbik etmək istəyirəm. Qeyd etmək istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə "Jurnalistlər şəhərciyi" deyəcəklər. Sağ olun. 

*** 

Mətbuat Şurasının sədri Əflatun AMAŞOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, Sizi jurnalistlərimiz adından salamlamaqdan məmnunluq duyuram. Bu, Sizinlə dördüncü görüşümüzdür. İndiyədək gerçəkləşən təmaslarımızın hər biri spesifik xüsusiyyətləri ilə yadda qalıb. Lakin mahiyyətcə hamısının qayəsində eyni məram, eyni məqsəd dayanır. Bu, mediamızın dünya standartlarına uyğun inkişafı prosesinin jurnalistlərimizin həyat səviyyəsinin yaxşılaşdırılması ilə vəhdətdə götürülməsinə əsaslanır.

Düz 8 il əvvəl - 2005-ci ildə bizim arzu və təkliflərimizi nəzərə alaraq "Əməkdar jurnalist" adını bərpa etdiniz. Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalistimiz orden, medal, "Əməkdar mədəniyyət işçisi" fəxri adı və Prezident təqaüdü ilə təltif olundu. Bu təltiflər milli mətbuatımızın cəmiyyətdəki yerinə, jurnalist peşəsinə verilən son dərəcə böyük dəyər idi.

Hörmətli cənab Prezident! Ölkəmizdə medianın inkişafı həmişə diqqət mərkəzində olub. 1998-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülüb. Bu tarixi addım ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Düz 10 il sonra - 2008-ci ildə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və fond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrilib. Bu proses isə cənab Prezident, Sizin adınızla bağlıdır və mediamız üçün böyük tarixi xidmət nümunəsidir.

Azərbaycan dövləti mediamızın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Mediamız dövlətimizin dəstəyini hər zaman hiss edir. Ölkəmizin iqtisadi cəhətdən möhkəmlənməsi əməli nəticələrini KİV-lərimizin inkişafında və jurnalistlərimizin rifah halının yaxşılaşmasında göstərir. KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonrakı vəziyyətlə əvvəlki illərin durumunun müqayisəsi bu baxımdan kifayət qədər dolğun mənzərə formalaşdırır. Əlbəttə, inkişaf göz önündədir və bunlar gələcək üçün böyük bir nikbinlik yaradır.

Möhtərəm cənab Prezident, bizim ikinci görüşümüz 2010-cu ilin Milli Mətbuat Günündə baş tutdu. Həmin gün Mətbuat Şurasının yeni binasının açılışını etdiniz. Bu gün biz heç bir ölkənin nəinki Mətbuat Şurasının, hətta hansısa media qurumunun belə sahib olmadığı şəraitə malikik. Həmin gün, eyni zamanda, jurnalistlərimizin böyük qrupu da tərəfinizdən mükafatlandırıldı. İdarə heyəti üzvləri ilə görüşdə mediamızın mövcud durumunun konseptual təhlilini verdiniz. Jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərə həssas yanaşaraq onlara mənzil tikintisini nəzərdə tutan sərəncam imzaladınız. Bu gün biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik edirik. Biz artıq jurnalistlər üçün tikilmiş bu möhtəşəm binanın önündəyik. Tam əksəriyyəti kirayələrdə, yataqxanalarda yaşayan 156 həmkarımız tezliklə öz mənzillərinin işığını yandıracaqlar.

Çox hörmətli cənab Prezident, Azərbaycan jurnalistlərinin Sizinlə üçüncü görüşü 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının təqdimatı mərasiminə təsadüf etdi. Siz həmin görüşdə jurnalistlərin dostu olmağın böyük şərəf olduğunu bildirdiniz. Biz Azərbaycan jurnalistləri Sizin sayənizdə Azərbaycan dövlətinin media siyasətinin, mövcud istiqamətdə başlanmış proseslərin bundan sonra da davamlı xarakter alacağına əminik. Bu dostluq, cənab Prezident, bizim üçün daha böyük şərəfdir və daha böyük məsuliyyətdir!

Hörmətli cənab Prezident, uzun illər ötəcək, Sizin bu gün - Milli Mətbuat Günündə 156 jurnalist ailəsinə bəxş etdiyiniz bu sevinc Azərbaycan ictimaiyyətinin, xüsusən bu sevinci yaşayan jurnalistlərin yaddaşında əbədi həkk olunacaqdır. Mənzil alanlar içərisində mərhum jurnalistlərdən Alı Mustafayevin, Mirzə Əsgərovun, Vahid İmanovun, bu günlərdə müalicəsi üçün şəxsən tapşırıq verərək Almaniyaya yola salacağınız Nicat Dağların ailəsi də vardır. Azərbaycan Jurnalistlərinin VI qurultayında Sizə qəbul etdiyimiz müraciətdə bu haqda jurnalist ictimaiyyətinin xüsusi təşəkkürünü bildirmişik. Bu gün mən bu kürsüdən bir daha jurnalistlərimizin xüsusi təşəkkürünü və minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Düşünürəm ki, Sizin bu xeyirxah addımınız dövlətimizin, şəxsən, cənab Prezident, Sizin azad sözə, siyasi plüralizmə, jurnalist peşəsinə və əməyinə verdiyiniz böyük dəyərin bir nümunəsidir. Siz bu gün həm milli mətbuatımızın banisi, maarifçi alim Həsən Bəy Zərdabinin, həm də müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ruhunu şad etdiniz.

Hər şeyə görə bir daha təşəkkür edirik!

***

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) bölmə müdiri Bətul AYVAZLI çıxış edərək dedi:

- Çox hörmətli cənab Prezident!

Sizin mətbuat işçiləri ilə hər

bir görüşünüz jurnalistlərə yeni ruh yüksəkliyi, yeni qüvvə verir, daha yaxşı işləmək əzmimizi artırır. Bu gün milli mətbuatımızın bayramıdır. Amma sıradan olan bayram deyildir, ikiqat bayramdır. Çünki bu bayram mərasimində, cənab Prezident, Siz iştirak edirsiniz, jurnalistləri yeni mənzillərlə təbrik edirsiniz. Bu gün Sizin tərəfinizdən 156 jurnalistə bayram münasibətilə belə gözəl mənzillər hədiyyə olunur. Cənab Prezident, bu, dünyada analoqu olmayan bir nümunədir. Bu, gənc müstəqil Azərbaycanda Sizin həyata keçirdiyiniz siyasətin göstəricisidir.

Müasir müstəqil Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir. Son on ildə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada Sizin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamınıza əsasən jurnalistlər üçün belə gözəl yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir.

Möhtərəm Prezident, Sizin müdrik, uzaqgörən siyasətiniz, xalqımızın rifahı naminə gördüyünüz misilsiz işlər nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik.

Yeni minillikdə Azərbaycan tarixinin quruculuq salnaməsinə Sizin qüdrətli zəkanızla möhtəşəm zəfər səhifələri yazılır. İndi Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan dünyada söz və nüfuz sahibidir. Sizin dünya müstəvisində yüksəklərə qaldırdığınız Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Dünyada bu təşkilatdan yuxarı qurum yoxdur.

Cənab Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə kosmik ailənin üzvü olmuşdur. Azərbaycan çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu, Sizin yorulmaz fəaliyyətiniz sayəsində dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilmiş Azərbaycana dərin inamın göstəricisidir.

Bu uğurlardan ruhlanan AzərTAc-ın kollektivi Azərbaycan həqiqətlərini daha geniş coğrafiyada yaymağı özləri üçün şərəfli vəzifə, eyni zamanda, Vətən, xalq qarşısında, cənab Prezident, Sizin qarşınızda borc hesab edir. Ulu öndərimiz Heydər Əliyevin ideallarına sadiq olan agentliyimizin jurnalistləri bu şərəfli missiyanı yüksək səviyyədə yerinə yetirəcək, etimadınızı bundan sonra da layiqincə doğruldacaqlar.

Çox hörmətli cənab Prezident! Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Sizinlə birlikdə xalqımızın rifahı naminə yorulmadan çalışır, qədim mədəniyyətimizin dünyada təbliği işinə böyük töhfələr verir. Bu möhtəşəm işlər Azərbaycanın birinci xanımına təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və dərin ehtiram qazandırmışdır.

Bu gün jurnalistlərə çox dəyərli hədiyyə təqdim olunubdur. Bu hədiyyənin Sizin tərəfinizdən təqdim olunması onun dəyərini qat-qat artırır. Buna görə Sizə "Çox sağ olun!" deyirik. İnşallah, Sizin sayənizdə o mənzillərdə ailələrimizlə birlikdə xoş günlər keçirəcəyik. Əminik ki, öz vətəndaşının xoşbəxtliyini, sevincini görmək Prezidentimiz üçün də gözəl hədiyyədir.

Cənab Prezident, bu evləri jurnalistlərə bəxş etməklə Siz birbaşa tarixə düşürsünüz. Bu, Sizin Prezident olaraq azad sözə, siyasi plüralizmə, fərqli düşüncəyə olan münasibətinizin göstəricisidir. Mən bu mərasimimizi siyasiləşdirmək istəmirəm. Lakin ağlıma bir fikir gəlib, onu ürəyimdə saxlamaq da istəmirəm. İndi bizə demokratiya dərsi keçmək istəyənlər bir vaxtlar fərqli düşüncəyə görə jurnalisti döyüb avtomaşının yük yerinə basırdılar. İndi prezident kürsüsünə iddialı olanlardan biri isə fərqli düşünənlərin ağzından özü vuracağını bəyan edir. Cənab Prezident, Sizin qiymətiniz məhz burada bilinir ki, sözün həqiqi mənasında, əsl demokrat da, mediaya, fərqli düşüncəyə kifayət qədər plüralist yanaşan dövlət başçısı da Sizsiniz. Buna görə mən bütün kollektivimiz adından Sizə təşəkkür edirəm.

Möhtərəm Prezident! Bir daha Sizə bütün mətbuat işçiləri adından, çalışdığım AzərTAc-ın kollektivi, mənzil alan jurnalistlər və ailə üzvlərimin adından dərin minnətdarlığımı bildirirəm. Sizə, Mehriban xanıma, ailənizə cansağlığı, uzun ömür, ulu öndərimizin şah əsəri olan müasir müstəqil Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımız Sizin yenilməz iradənizə, başladığınız hər bir işi uğurla sona çatdırmaq qətiyyətinizə, ölkəmizi daha böyük qələbələrə qovuşdurmaq əzminizə inanır, xoşbəxt gələcəyini Sizin adınızla bağlayır. Əminik ki, müdrik Azərbaycan xalqı öz müstəqil dövlətinin sükanını növbəti prezident seçkilərində də Sizə etibar edəcəkdir, Sizi dəstəkləyəcəkdir.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!

***

"525-ci qəzet"in baş redaktoru Rəşad MƏCİD çıxış edərək dedi:

- Hörmətli cənab Prezident, bu gün elə bir gündür ki, hissiz, həyəcansız, emosiyalardan uzaq danışmaq çətindir. Bəlkə 138 il öncə mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin ilk nüsxələrini alanda kövrəlmişdi, kövrək duyğular keçirmişdi, onun bir neçə həmfikirinin gözləri yaşarmışdı. Amma heç vaxt bütün mətbuatımızın tarixində belə bir hadisə olmayıb ki, bu qədər qələm adamı, onların yaxınları, doğmaları bu cür sevinc içərisində olsunlar. Bəlkə bu gün burada əyləşən insanlar arasında elələri vardır ki, sevincdən kövrəlir, göz yaşlarını, qəhərini boğur, amma təkliyə çəkilən kimi öz minnətdarlıqlarını, alqış və dualarını bildirirlər. Bütün bu alqış və duaların tək ünvanı Sizsiniz cənab Prezident! Bu xoş anları bəxş etdiyinizə, böyük ürəyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Əlbəttə ki, bu həyəcanlı dəqiqələrdə biz Sizin atanızı, bizim jurnalistlərin dostu ümummilli lider Heydər Əliyevi xatırlamasaq günah olar. Ümummilli lider jurnalistlərin böyük dostu idi. 1998-ci ildə 100 ildən artıq Azərbaycanda mövcud olan senzuranı ləğv etdi və bundan sonra da məmur-mətbuat qarşıdurmasında həmişə mətbuatın tərəfində oldu. Mətbuatın inkişafı üçün bir neçə sərəncam imzaladı. Daha sonra bizimlə tez-tez görüşürdü və mənim yadımdadır ki, 2002-ci il iyulun 22-də aparıcı qəzet redaktorlarına üç saat yarımdan artıq müsahibə verdi. Mənim Qarabağla bağlı sualıma təxminən 45 dəqiqə cavab verdi və özü də dedi ki, indiyədək heç kimə demədiyim məsələləri sizə açıram. Ürəyində Qarabağla bağlı ən dəruni fikirləri bizə bildirdi. Axşam da tədbirimizə qatıldı, yenə bir saatdan artıq bizimlə bir yerdə oldu. O günü heç zaman unutmuruq. Ondan sonrakı, əvvəlki görüşlərdə də həmişə mətbuata həssas münasibətinin şahidi olmuşuq.

Yadımdadır ki, mən 2001-ci ilin dekabr ayında çıxış edəndə bəzi jurnalistlərimizin mənzil probleminin, Bakı şəhərində jurnalistlərin ev almasının bir xəyal olduğunu söyləmişdim. O vaxt tale və vaxt imkan vermədi, bir sıra xəyallar gerçəkləşmədi. Amma ümummilli lider Heydər Əliyevin qurduğu, möhkəm əsaslarını yaratdığı dövlətdə xəyalların gerçəkləşməsi Sizə nəsib oldu. Siz mətbuat sahəsində böyük ilklərə imza atdınız. Həm 2005-ci ildə "Əməkdar jurnalist" adını bərpa etdiniz, Azərbaycanın çoxlu jurnalistlərinə fəxri adlar verdiniz. 2008-ci ildə Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını imzaladınız və daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratdınız. Siyasi baxışlarına, dünyagörüşlərinə heç bir fərq qoymadan bütün KİV-lərə eyni şəkildə, eyni qaydada dövlət tərəfindən şəffaf maliyyələşmə prosesi başladı. Hər il fond tərəfindən yüzlərlə jurnalist müxtəlif mövzularda məqalələrinə görə mükafatlandırılır. 2010-cu ildə Siz Mətbuat Şurasının binasının açılışına gəldiniz, müstəqil mətbuat barəsində dərin fikirlərinizi bildirdiniz. Yenə Azərbaycan mətbuatı tarixində möhtəşəm, unudulmaz bir hadisə olan jurnalistlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzaladınız. Bütün bunlarla Siz Azərbaycan mətbuat tarixinə öz adınızı böyük hərflərlə yazdınız.

Amma Sizin gördüyünüz böyük işlər, gerçəkləşdirdiyiniz xəyallar təkcə mətbuatla bağlı deyildir, Siz Azərbaycanı dəyişdiniz, qüdrətli bir dövlətə çevirdiniz. Siz Bakımızın simasını dəyişdiniz, onu regionun iqtisadi, mədəni, siyasi paytaxtına çevirdiniz. İndi biz Bakıya gələn qonaqları gecə vaxtı Xəzərdə gəmi ilə gəzdirərkən onların paytaxtın işıqlarına, gözəlliyinə heyranlıqla baxmasından, gecə işığında dalğalanan bayrağımızı necə heyranlıqla seyr etməsindən zövq alırıq.

Siz Azərbaycanın regionlarını, bölgələrini dəyişdiniz. Əvvəllər Strasburqa gedirdik, orada mətbuatla bağlı tədbirlərdə olurduq. İndi mətbuatla bağlı tədbirlərimizi Yevlaxda, Zərdabda, Gəncədə, Ağcabədidə, Lənkəranda keçiririk. Elə həmin yerlərdə də özümüzü Strasburqda olduğu kimi rahat hiss edirik. Bütün bu gerçəkləşdirdiyiniz xəyallara, bu dəyişən Azərbaycana görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. İndi Sizin də, bizim də, xalqımızın da bir reallaşmayan arzusu, bir gerçəkləşməyən xəyalı var. O da torpaqlarımızın işğaldan azad olunması məsələsidir. Ötən ay Bakıda möhtəşəm hərbi parad keçirildi. Bu günlərdə isə Siz həmin hərbi paradla bağlı fikirlərinizi bildirdiniz. Ermənistan xalqına bu paradla bağlı fikirlərinizi bəyan etdiniz. Ondan daha əvvəl isə Siz 50 yaşınızı Ağcabədidə - laçınlı məcburi köçkünlərlə bir yerdə keçirmişdiniz. Bu, qüdrətli bir dövlətin başçısı tərəfindən böyük jest idi. Bu, torpağını itirmiş insanlara böyük inam və güvən yaratmaq idi. Eyni zamanda, həmin yerdən bir az aralıda düşmənə, istilaçı dövlətə qarşı ünvanlanmış bir mesaj idi. Ad gününüzü keçirdiyiniz həmin torpaqlardan bir az o tərəfdə bizim işğal olunmuş torpaqlarımız, yolunu, cığırlarını ot basmış, sökülmüş evlərimiz, kəndlərimiz, şəhərlərimiz vardır. Bir az daha yuxarıda şair Məmməd Arazın təbirincə desək, uzaqdan bir gecə lampası kimi göy üzündə, yaxından bir ulduz topası kimi yer üzündə olan Şuşa - Azərbaycan musiqisinin, mədəniyyətinin beşiyi olan bir şəhər vardır. Anar müəllimin ümummilli lider Heydər Əliyevlə bağlı xatirələri haqqında "Unudulmaz görüşlər" əsərində bir məqam vardır. 1970-ci illərdə Siz öz valideynlərinizlə birlikdə Şuşada olmusunuz, Şuşanı gəzmisiniz, Cıdır düzünü gəzmisiniz. Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir gün bizim yazarların, jurnalistlərin yazılarından nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində Siz yaradıcı insanlar, jurnalistlər üçün bir yaradıcılıq evinin təməlini qoyacaqsınız. Biz buna inanırıq.

Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır. Bu yolda bütün Azərbaycan xalqı, bütün jurnalistlər ordusu Sizinlədir.

Gördüyünüz böyük işlərə, bu ağayana təmkinli görünüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə, bəxş etdiyiniz bu xoşbəxt anlara, bu savab və yaxşılıqlara görə Sizə bütün həmkarlarım adından bir daha dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun.

***

Sonra Prezident İlham Əliyev binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsdi.

Dövlətimizin başçısı binada "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin mənzilində oldu. Bildirildi ki, mənzillərin hamısı müasir tələblər səviyyəsində təmir edilmişdir. Binada 84 ikiotaqlı, 68 üçotaqlı, 4 dördotaqlı mənzil vardır. Ən kiçik mənzilin sahəsi 65, ən böyüyünün isə 120 kvadratmetrdir.

Daha sonra Prezident İlham Əliyev AzərTAc-ın əməkdaşı Vüqar Seyidovun mənzilində yaradılan şəraitlə tanış oldu. Binadakı mənzillərin hamısı sürətli İnternet, İPTV və fərdi isitmə sistemləri ilə təchiz olunmuşdur.

Sonra Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək növbəti binanın təməlqoyma mərasimində iştirak etdi. Bu bina 17 mərtəbəli və 3 bloklu olacaqdır. Burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə veriləcəkdir. Bina bütün zəruri infrastrukturla təmin ediləcəkdir.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, müstəqillik illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli mətbuatın beynəlxalq standartlara uyğun inkişafına başlanıldı. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanıldı. 2003-cü ildən bəri bu proses yeni inkişaf mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında silsilə və kompleks tədbirlər həyata keçirildi. 2010-cu ildə ölkə jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində daha bir mühüm tədbir reallaşdırıldı. Mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı. Ötən müddətdə həmin vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu və bütün mənzillər yüksək səviyyədə təmir edildi. Ümumilikdə isə binanın tikintisinə və ətraf ərazidə abadlıq işlərinin aparılmasına 22 milyon manatdan artıq vəsait sərf olunmuşdur.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov