Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

Rusiya səfiri Vladimir Doroxin Rusiyaya səfərdən qayıtmış azərbaycanlı məktəblilərlə görüşmüşdür

 

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində səfir Vladimir Doroxin Rusiyaya tədris-təhsil səfərindən qayıtmış bir qrup məktəbli ilə görüşmüşdür.

Bu qrupa Rusiya səfirliyi və "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilmiş Rusiya tarixi və mədəniyyəti üzrə olimpiadaların və yaradıcılıq müsabiqələrinin, habelə respublika rus dili və ədəbiyyatı olimpiadasının qalibləri və onları müşayiət edən müəllimlər daxil idi.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Azərbaycandan olan 46 məktəblinin iştirak etdiyi səfər Rusiya Xarici İşlər Nazirliyinin və "Rossotrudniçestvo" agentliyinin "Salam, Rusiya!" adlı illik layihəsi çərçivəsində təşkil olunmuşdur.

Uşaqlar Rusiya şəhərlərinə səfərləri barədə böyük həvəslə danışaraq bildirmişlər ki, onlar Moskva, Yaroslavl, Kostroma və Pereyaslavl-Zalesski şəhərlərində olmuşlar. Məktəblilər səfir V.Doroxinə hörmət əlaməti olaraq səfərin yekunlarına əsasən tərtib etdikləri fotoalbomu ona hədiyyə etmişlər. Səfirlə söhbət çox səmimi və maraqlı olmuşdur. Diplomat ən sadə və həyati məsələlərlə maraqlanmışdır: bu, kimlər üçün Rusiyaya ilk səfər olmuşdur? Moskva, Kostroma, Yaroslavl və Pereyaslavl-Zalesski şəhərlərində gördüklərindən uşaqların yadında ən çox qalan nə olmuşdur? Doğmaları və dostları üçün nə hədiyyə gətirə bilmişlər, səfər müddətində axşamlar asudə vaxtlarını necə keçirirdilər və s.

Bakı şəhərindəki 160 nömrəli klassik gimnaziyanın 9-cu sinif şagirdi Nikita Arxangelski fəxrlə söyləmişdir ki, onlar "Rusiya və Azərbaycan: Əbədi dostluq" adlı tamaşa hazırlamış və bu tamaşanı başqa ölkələrdən olan yaşıdlarına göstərmişlər. Sumqayıt şəhərindəki 11 nömrəli məktəbin 8-ci sinif şagirdi Təhminə Əsgərova səfər müddətində Rusiya və Azərbaycan haqqında özünün yazdığı şeirləri oxumuşdur.

V.Doroxin məktəblilərin təhsildə uğurları və gələcək üçün planları ilə də maraqlanmışdır. O qeyd etmişdir ki, Azərbaycanda rus dilinin öyrənilməsi, Rusiya səfirliyi və "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil edilən olimpiada və müsabiqələrdə iştirak Rusiya xalqlarının mədəniyyəti ilə tanış olmaq və son nəticədə Rusiya tədris müəssisələrində təhsil almaq üçün geniş imkanlar yaradır.

Səfir uşaqları Rusiyaya səfər zamanı müşayiət etmiş müəllimlər Südabə Abbasova, İrina Zvereva, Yuliya Semyonova və Lyubov Yakuninanın peşəkar işini qeyd etmiş və onlara təşəkkürnamələr təqdim etmişdir. Azərbaycanlı məktəblilərin Rusiyaya səfərinin bütün təşkilati məsələlərini öz üzərinə götürmüş "Labirint" məhdud məsuliyyətli cəmiyyətin (Moskva şəhəri) kollektivinin işi də təşəkkür məktubu ilə qeyd edilmişdir.

Görüşdə "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov iştirak etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov