Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 Avqsut 2013 - №29

 

700 bal toplamış məzunlar

 

2013-2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə bu il iyulun 28-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu barədə yaydığı məlumatda qeyd olunur ki, IV ixtisas qrupu üzrə sənəd vermiş 11796 abituriyentdən 11123-ü imtahanda iştirak etmişdir. Müsabiqə şərtlərinə əsasən ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi bal 10-dan az olmayan abituriyentlər (dövlət sifarişli ixtisaslar üzrə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar) IV ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edə bilərlər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının müsabiqəsində ümumi balı 75-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə qəbul imtahanında 403 nəfər 600-dən yuxarı, 973 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

İmtahanda 2 nəfər maksimum nəticə (700 bal) göstərmişdir. Aşağıda onları oxucularımıza təqdim edirik. 


Müslümov Osman Məmmədhüseyn oğlu  

1996-cı il iyulun 7-də Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakıdakı 98 nömrəli tam orta məktəbin I sinfinə gedəndə Osmanın ağlına belə gəlməzdi ki, 11 il keçəcək və o, doğma təhsil ocağını "əla" qiymətlərlə bitirərək ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayıb respublikanın istedadı, biliyi ilə seçilən gənclərindən biri olacaq, hamı tərəfindən tanınacaqdır. Osman Müslümov orta təhsil illərində çalışqanlığı, özünə qarşı tələbkarlığı, dərslərinə hazırlığı ilə məktəbdə seçilib-sayılan şagirdlərdən biri olmuşdur. İstedadlı yeniyetmə doğmalarının, təhsil aldığı məktəbin, onu əhatə edən yaxınlarının və dostlarının etimadını doğruldaraq yüksək bilik nümayiş etdirmişdir.

Ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum - 700 bal toplamış Osman bu sevincli hadisəni bizimlə paylaşaraq  bunları söylədi: "Sınaq imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam. Ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayacağıma nədənsə inanmırdım. Amma daxilimdəki bir hiss mənim yüksək nəticə göstərəcəyimi deyirdi. Sevinirəm ki, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərdən biri də məhz mən oldum. Əlbəttə, əldə etdiyim bu uğur eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Mənim üzərimdə əməyi olan müəllimlərimdən Xalidə Ağayevaya, Ülviyyə Abdullayevaya, Sevil Vəliyevaya və digərlərinə minnətdarlığımı bildirirəm. Ən böyük arzum respublikanın tanınmış həkimlərindən biri olmaq, xalqımızın sağlamlığının keşiyində durmaqdır".

Osmanın uğuruna ən çox sevinənlər isə valideynləri ilə yanaşı,  onun təhsil aldığı 98 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim kollektividir.

Məktəbin direktoru Nazim Səfərov və təlim-tərbiyə işləri üzrə direktor müavini Flora Hüseynova bu yeniyetmənin olduqca tərbiyəli, yüksək biliyə malik olduğunu söylədilər. Bizimlə söhbət zamanı qeyd etdilər ki, onlar Osmanı təhsil aldığı 11 il ərzində savadlı, hazırlıqlı, nümunəvi  bir şagird kimi tanıyıblar və onun gələcəyinə inanıblar. Əldə etdiyi bu yüksək nəticə ilə öz doğma məktəbinə başuçalığı gətirən Osman Müslümovla hamı fəxr edir. 


Paşazadə Aytən Vaqif qızı 

1996-cı il fevralın 17-də  Mingəçevir şəhərində ziyalı ailəsində anadan olmuşdur.  2002-ci ildə Mingəçevir  şəhər 7 nömrəli tam orta məktəbdə I sinfə qəbul edilmiş, bu il həmin təhsil ocağından məzun olmuşdur.

Oxuduğu müddətdə dərs əlaçısı kimi tanınmış, məktəbin  ictimai həyatında yaxından iştirak etmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Rüstəmova məzunlarını belə səciyyələndirir:

"A.Paşazadə yüksək potensiala malik şagird idi. Keçirilən bütün müsabiqələrdə, fənn olimpiadalarında yüksək nəticələr göstərir, mükafata layiq yerlər tuturdu. Bir neçə dəfə olimpiadanın şəhər mərhələsinin qalibi olmuşdur. O, TQDK-nın keçirdiyi sınaq imtahanlarında da bizim etimadımızı doğruldaraq yüksək bal toplayırdı. Qəbul imtahanında göstərdiyi ən yüksək nəticə ilə - 700 balla isə o, biz müəllimlərini, eləcə də valideynlərini hədsiz sevindirmişdir. Fürsətdən istifadə edib qəzetiniz vasitəsi ilə Aytənin valideynlərinə gözaydınlığı verir, Aytənə isə gələcək həyatında və təhsilində uğurlar arzulayırıq".

Aytən bizimlə söhbətində imtahan öncəsi 700 bal toplayacağına əmin olduğunu bildirdi. Dedi ki, düzdür, müəyyən tərəddüdlərim olsa da, əminliym çox idi.

Qəbul imtahanının təşkili və gedişindən razı qaldığını deyən Aytən imtahanın çox obyektiv və şəffaf keçirildiyi, imtahan zamanı elə də çox həyəcanlanmadığını söylədi.

A.Paşazadənin arzusu dövlət hesabına xaricdə tibb təhsili almaqdır və bunun üçün Təhsil Nazirliyinə müraciət etməyi nəzərdə tutub. Hədəfi Böyük Britaniya, Almaniya və ya Türkiyə universitetlərinin birində oxumaqdır.

Böyük arzulara gedən yolun astanasında olan Aytəni qəbul imtahanında ən yüksək bal toplaması və tələbə olmaq şansı qazanması münasibəti ilə təbrik edir, ona gələcək təhsilində uğurlar arzulayırıq. 

Hazırladılar: Yusif ƏLİYEV, Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov