Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

Uşaqlar hərbi vətənpərvərlik təmayüllü istirahət düşərgəsində dincəlirlər

 

Böyütmək üçün şəkili seçinYeniyetmə və gənclərin asudə vaxtlarının, eyni zamanda istirahətlərinin səmərəli və mənalı təşkili Səbail Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqətdə saxlanılır. Belə ki, ilk növbədə rayondakı aztəminatlı, imkansız ailələrdən olan uşaqlar üçün "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında pulsuz 3 D həcmli uşaq filmlərinə baxışlar təşkil olunmuş, 1200-dən artıq uşaq bu seanslarda iştirak etmişdir. Bundan başqa, Uşaq-Gənclər İdman Məktəbinin, yaradıcılıq mərkəzlərinin imkanlarından və bazalarından istifadə olunmaqla idman yarışları, müxtəlif müsabiqə və intellektual oyunlar keçirilir, yeniyetmələrin rayondakı muzey və teatrlara ekskursiyaları təşkil olunur. Bu istiqamətdə keçirilən növbəti tədbirlərdən biri də yeniyetmələr üçün ənənəvi olaraq  Quba rayonunda "Şahinlər" hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin yaradılmasıdır. 

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, DİN Daxili Qoşunlar Komandanlığı, "Çağ" Öyrətim İşlətmələri və  "Azercell" şirkətlərinin birgə layihəsi əsasında rayonun Qarabağ müharibəsi veteranları  və əlillərinin, aztəminatlı ailələrin övladları, həmçinin  "SOS - Azərbaycan" uşaq kəndində və müxtəlif uşaq evlərində tərbiyə alan ümumilikdə 200 uşaq bu günlərdə Quba şəhərinin ən mənzərəli yerində yerləşən  Bakı Özəl Türk Liseyinin Quba filialının ərazisində artıq 8-ci dəfə təşkil olunmuş hərbi vətənpərvərlik təmayüllü "Şahinlər" adlı yay düşərgəsinə yola salınmışdır.

Uşaqların düşərgəyə yola salınması münasibəti ilə təşkil olunan tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlanmışdır. "Sahil bağı"nda keçirilən yolasalma mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Azərbaycan dövlətçiliyinə sədaqət, vətənə məhəbbət  ruhunda tərbiyə olunması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışmışdır. Asif Əsgərov məktəblilərə şən və yaddaqalan istirahət arzulayaraq onu da qeyd etmişdir ki, düşərgənin fəaliyyəti rayon icra hakimiyyəti və digər təşkilatçıların daim diqqət mərkəzində olacaq və burada uşaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır.

Məlumat üçün bildirək ki, düşərgənin hərbi vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra təşkilati işlər həyata keçirilmişdir. Belə ki, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Daxili Qoşunların Quba şəhərindəki "N" saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları, Daxili Qoşunlar, onun yaranması, vəzifələri, döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı ilə bağlı, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova, "Şahinlər" düşərgəsinin əvvəlki illərinə həsr olunan stendlər quraşdırılmışdır.

Uşaqlar üçün təşkil olunmuş düşərgə  Daxili Qoşunlar Komandanlığı və Bakı Özəl Türk Liseyinin Quba filialı tərəfindən tələb olunan bütün ləvazimatlarla təmin olunmuşdur.

Düşərgədə uşaqların istirahətinin daha maraqlı və yaddaqalan olması üçün ötən illərdə olduğu kimi bu il də məşğələlər hərbi nizamnaməyə uyğun tərzdə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə müəllimləri və gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə yanaşı, Daxili Qoşunlar tərəfindən xüsusi olaraq düşərgəyə təhkim olunmuş zabit və çavuşlar tərəfindən  keçiriləcəkdir.

Bundan başqa, yay istirahəti dövründə şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanışlığı da nəzərdə tutulmuşdur.

Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən  "Vətən sevgisi" dərsləri çərçivəsində "Azərbaycanın tarixi və siyasi  coğrafiyası", "Azərbaycanın bu günü və gələcəyi", "Müasir Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah əsəridir", həmçinin yeniyetmələrin hərbi  vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan ordusu: nizam-intizam hərbiçilərə xas olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında məşğələlərin keçirilməsi və hərbiçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimlərinin də təşkil olunması planlaşdırılmışdır.

Qeyd edək ki, Qubaya yola düşməzdən əvvəl gənc "şahinlər" ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzmüşlər.

Yolasalma mərasimində DİN Daxili Qoşunlar Komandanlığının, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin təmsilçiləri, düşərgəyə yollanan yeniyetmələr və onların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov