Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2013 - №30

 

"Qızıl medala yarım balım çatmadı"

 

Xəbər verdiyimiz kimi, bu il iyulun 15-dən 24-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 45-ci Beynəlxalq Kimya Olimpiadası keçirilmişdir.

Dünyanın 75 ölkəsindən 300 nəfərədək məktəblinin iştirak etdiyi bu mötəbər bilik yarışmasında ölkəmizi 4 nəfərlik komanda təmsil etmişdir. Komandamız olimpiadadan 2 medalla qayıtmışdır. Şirvan Özəl Türk Liseyinin şagirdi Balaqardaş Bəşirov gümüş, Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdi Sona Quluzadə isə bürünc medal almışlar. Aşağıda Balaqardaşın olimpiada ilə bağlı təəssüratını təqdim edirik.

 

Balaqardaş Bəşirov 1996-cı il avqustun 19-da Salyanda anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Salyan şəhər Aşıq Pənah adına 1 nömrəli orta məktəbin I sinfində başlamışdır. 7-ci sinifdən, yəni 2008-ci ildən təhsilini Bakı Özəl Türk Liseyinin Şirvan filialında davam etdirmişdir. Bu il liseydən məzun olmuşdur.

 

Balaqardaş olimpiada təəssüratlarını bizimlə belə paylaşdı:

- Moskvaya ilk qədəmlərimizi qoyduğumuz anda yağış başladı. Bu artıq Moskva havasının bizim üçün çox da uyğun olmayacağını göstərirdi. Sonra bizi avtobusla Moskva Dövlət Universitetinə (MDU-ya) apardılar, orda qeydiyyatdan keçdik. Yoldakı tıxaclar üzündən otelə gec çatmağımız bizi qarşıda çətin günlərin gözlədiyini xəbər verirdi. Növbəti gün açılış mərasimi idi. Etiraf etməliyəm ki, mərasim çox gözəl keçdi. Mərasimdə MDU-nun rektoru, akademik Viktor Sadovniçi, Rusiya Federasiyası təhsil və elm nazirinin müavini V.Kaqanov və başqaları bizi salamlayıb uğurlar arzuladılar. İyulun 18-də olimpiadanın ilk praktik turu keçirildi. Praktik imtahana gedərkən uzun yol keçməyimiz bizə psixoloji təsir etmişdi, amma bu nəticələrimizdə özünü göstərmədi. Praktik tur asan olsa da, vaxt limiti mənim 3 sualdan sonuncusunu bitirə bilməməyimlə nəticələndi. Özü də bu təkcə mənim başıma gəlməmişdi. Olimpiada iştirakçılarından soruşduqlarımın hamısı sonuncu tapşırıqları tam bitirməmişdi. Buna baxmayaraq praktik tur ümumən yaxşı oldu. Lakin eyni sözləri tam olaraq nəzəri tur üçün deyə bilmərəm. Çünki bu tur, məncə, daha yaxşı ola bilərdi. Bir şeyi qeyd etməliyəm ki, həyəcan hissinin olmaması imtahanda özümü rahat hiss edib sualları daha yaxşı həll etməyimə imkan verdi. Amma diqqətsizlik işi korladı. Nəticə olaraq qızıl medalı 0,6 balla əldən verdim və gümüş medal aldım.

Olimpiada imtahanlarındakı nəticələrindən o qədər də razı qalmayan Balaqardaşa bu mötəbər bilik yarışmasının imtahanlarından kənar proqramı xoş təsir bağışlamışdır. O, bu barədə belə dedi:

- Son imtahana (nəzəri) kimi olan gəzintilərimiz əsasən muzey tipli idi. Belə ki, məşhur "Qızıl meydan"da Kremldə olduq. Mən daha çox Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan komandalarından olan iştirakçılarla söhbət edərək vaxtımı keçirirdim. Bu günlər ərzində ən çox yadımda qalan türkmənistanlı qardaşlarla birlikdə keçirdiyimiz iftar sürəsi oldu. Bundan əlavə, özümüzün təşkil etdiyimiz futbol matçı da əyləncəli oldu. İmtahanlar bitdikdən sonrakı gün oyun günü idi. Amma insan sayının çox olması və adambaşına təxminən 10 dəqiqəlik vaxt verilməsi səbəbindən boş vaxtımız çox qalırdı. Mən bu vaxtın daha əyləncəli olması üçün rəhbərimiz tərəfindən bizə hədiyyə edilən 1000 parçalıq Puzzle-ı bitirmək üçün lobbidə digər iştirakçılarla birlikdə çalışdım. Çox əyləncəli alındı və günün sonunda bitirdikdən sonra bizim haqqımızda məqalə yazıldı. Son gündə bizi aqua-parka aparacaqdılar. Mən artıq uzun yoldan yorulduğum üçün oteldə qaldım. Oteldə velosiped servisi vardı. Neçə illər idi ki, velosiped sürmürdüm. Buna görə məhz elə günümü belə keçirməyi qərara aldım. Yeni zelandiyalı iştirakçı Cindy-nin mənə qoşulması maraqlı oldu. Günün qalan hissəsini də oteldə qalmış iştirakçılarla oyun oynamaqla keçirdim.

Ümumi olaraq 9 günlük olimpiadanın sadəcə 10 saatı imtahan idi. Amma bizim olimpiadaya getməkdə məqsədimiz elə bu 10 saatdır. Ümid edirəm ki, müəllimlərimiz tərəfindən bizim üzərimizdə çəkilən zəhmətin, az da olsa, bir qismini ödəmişik.

Olimpiadadan ayrılarkən vidadaşmaq nə qədər çətin olsa da, olimpiada ilə bizi dost saxlayan elə bu son vidalaşma mərasimidir.

Bizim üçün maraqlı bağlanış mərasimi təşkil olunmuşdu. Mərasimdə olimpiadanın təşkilatçıları qalibləri təbrik etdilər, maraqlı konsert proqramı nümayiş olundu.

Sonda onu da qeyd edək ki, bu il Moskvada keçirilmiş 45-ci Beynəlxalq Kimya Olimpiadasında əldə etdiyi gümüş medal Balaqardaşın yeganə mükafatı deyildir. Onun son illər belə mükafatları çox olmuşdur. Belə ki, Balaqardaş 2010-cu ildə Nigeriyada keçirilən Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (İJSO) bürünc,  2011-ci ildə Cənubi Afrika Respublikasında keçirilən Beynəlxalq Təbiət Elmləri Olimpiadasında (İJSO) gümüş medal almışdır. O həm də ənənəvi keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının bürünc və gümüş mükafatçısıdır. Bürünc medalı 2012-ci ildə Qazaxıstanda keçirilən BMO-da, gümüş medalı isə bu ilin aprelində keçirilən olimpiadada almışdır.

İstedadlı gənc ötənilki Beynəlxalq Kimya Olimpiadasında da uğurla iştirak edərək ABŞ-da keçirilən bu mötəbər yarışmadan bürünc medalla qayıtmışdır.

B.Bəşirovun ən böyük uğuru isə 2012-ci ildə Nigeriyada keçirilən III Beynəlxalq Fənn Olimpiadasında (İSO) olmuşdur. Həmin bilik yarışmasından o, qızıl medal almışdır.

 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov