Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 Avqust 2013 - №31

 

Səbailli məktəblilər Qubadakı yay istirahətindən qayıtmışlar

 

Böyüməkdə olan gənc nəslin yay istirahətinin mənalı və səmərəli təşkili, onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən birgə həyata keçirilən layihəyə yekun vurulmuş və layihə çərçivəsində təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır.

Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin, rayonun aztəminatlı ailələrinin övladları, əsas etibarı ilə aztəminatlı ailələrin məskunlaşdığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və rayonun orta məktəblərində təhsil alan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan 200 nəfər uşaq üçün Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz "Şahinlər" düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmışdır.

Səbail Rayon İcra Hakimiyyəti və Daxili Qoşunlar tərəfindən hər cür şəraitin yaradıldığı düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmiş, həyətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 8-ci dəfə təşkil olunan "Şahinlər" düşərgəsinin tarixinə həsr olunmuş stendlər  asılmışdır. Düşərgədə  məşğələlərin hərbi nizamnaməyə uyğun keçirilməsi uşaqların istirahətini daha  da maraqlı  və yaddaqalan etmişdir.

Uşaqların Qubanın görməli yerlərinə, tarixi guşələrinə, soyqırım qurbanlarının məzarlığına  gəzintiləri təşkil olunmuş, istirahətin bir günü Daxili Qoşunların nümayəndələri tərəfindən hərbi-səhra məşğələləri keçirilmiş, gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilmişdir. Məktəblilər təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərində iştirak etmişlər.

Düşərgədə vətənimizin, xalqımızın tarixi ilə bağlı müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi çərçivəsində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında məşğələlər, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunmuşdur.  

Düşərgənin təntənəli bağlanış mərasimində iştirak edən təşkilatların nümayəndələri - Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  və digər qonaqlar uşaqların istirahəti üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları, öz fəaliyyətləri ilə fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.

Yeniyetmələr  qonaqlar qarşısında istirahət dövründə öyrəndiklərini nümayiş etdirmişlər.  Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə istirahət edən uşaqlar da öz  məharətlərini göstərmişlər. 

Maraqlı istirahətdən sonra Bakıya qayıdan  məktəblilər, onların valideynləri təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.  

H.ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov