Məlum olduğu kimi, ötən tədris ilində ilk dəfə olaraq
orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə
buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun
dövlət attestasiyasının nəticələrinə görə attestatın
verilməsi qərara alınmışdır. Bu il buraxılış
imtahanlarında "2" qiyməti almış 128 məzun qəbul
imtahanlarında uğurlu nəticələr göstərərək ali
məktəblərə qəbul olunmuşdur. Onların arasında I ixtisas
qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas
qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış
abituriyentlər də vardır.
Bu bir daha nümayiş etdirir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə qəbul olunmuş müvafiq qərar hər bir məzun
üçün ali məktəblərə qəbul prosesində bərabər imkanların
yaradılması baxımından düzgün qərar olmuşdur. Ali
məktəblərlə yanaşı, həmin şəxslərin orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq
şanslarının olduğunu da nəzərə alsaq, bununla da həmin
gənclərin sosial həyata aktiv şəkildə qoşulmaq imkanları
xeyli artmış olur.
Təhsil Nazirliyi, həmçinin ötən dərs ilində qızıl və
gümüş medallarla təltif olunmuş şəxslərin qəbul
imtahanlarında göstərdiyi nəticələrinin də təhlilini
aparmışdır.
Belə ki, 248 medalçıdan
3 nəfəri (1%) 700 bal
145 nəfəri (58%) 600-699 bal
49 nəfəri (20%) 500-599 bal
22 nəfəri (9%) 400-499 bal
12 nəfəri (5%) 200-399 bal
1 nəfəri 140 bal toplamışdır.
16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və
Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına
layiq görülmüşdür.
Beləliklə, bu il medallara layiq görülmüş məzunların
mütləq əksəriyyəti öz bilik səviyyəsini təsdiqləmişlər.
Növbəti illərdə məktəb proqramı ilə qəbul imtahanlarının
məzmun və metodologiyalarının uyğunlaşdırılması
istiqamətində aparılan işlərin yekunlaşması ilə
təhsilalanların biliklərinin qiymətləndirilməsi
prosesində keyfiyyətin yüksək səviyyəyə çatdırılmasının
şahidi olacağıq. Təhsil Nazirliyi bu sahədə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası ilə sıx əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərdiyini nəzərə çatdırır və
təhsilin keyfiyyətinin artırılmasına nail olacağına
əminliyini ifadə edir.
Aktuallığına görə qızıl və gümüş medalçılarla bağlı
məsələlərin kütləvi informasiya vasitələrinin diqqətində
saxlanılması Təhsil Nazirliyi tərəfindən təbii
qarşılanır. Eyni zamanda, bu mövzunu işıqlandırarkən
yüksək nəticə göstərmiş abituriyentlərin uğurlarına da
diqqət yetirilməsinin zəruriliyini yaddan çıxarmamağı
tövsiyə edirik. |