Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin
Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı klinikanın rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan
Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə
Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu
nüfuzlu ali təhsil ocağının inkişafına, onun
maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və
qayğısının əyani göstəricisidir. Klinikada tədrislə
yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi
müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi
cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi,
oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər
şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində
müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün
olacaqdır. Tibb ocağı ən müasir avadanlıqla təchiz
edilmişdir.
Azərbaycan
Tibb Universitetinin rektoru, akademik Əhliman
Əmiraslanov dövlətimizin başçısına klinika barədə
məlumat verdi. Bildirildi ki, tibb ocağının inşaat
işləri "Azərinşaat Qranit" MMC tərəfindən həyata
keçirilmişdir. Ümumi ərazisi 45 min kvadratmetr olan
klinikanın binası orijinal memarlıq üslubunda inşa
edilmişdir. On üç mərtəbəli binanın həyətində geniş
abadlıq işləri görülmüşdür.
Azərbaycan Prezidentinə klinikadakı kafedralar və
şöbələr haqqında məlumat verildi. Bildirildi ki, burada
cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə
fəaliyyət göstərir. İl ərzində burada 2 min 800
tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq
doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40
professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru
məşğul olacaqdır.
Diqqətə çatdırıldı ki, klinikada imtahan və kompüter
zalları da müasir avadanlıqla təchiz edilmişdir. Burada
kursların və dövlət imtahanlarının keçirilməsi üçün
kompüterlə təchiz olunmuş zallar da vardır.
Yüksək zövqlə inşa edilən binanın foyesində Heydər
Əliyev guşəsi yaradılmışdır. Guşədə ümummilli liderin
Azərbaycan səhiyyəsinin inkişafı və universitetin
həyatında əvəzedilməz rolu barədə məlumat verilir.
Burada Prezident İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın bu tibb ocağında
keçirilən tədbirlərdə iştiraklarını əks etdirən
fotostend vardır.
Qeyd edildi ki, klinikanın şöbələrində ən müasir tibbi
avadanlıq quraşdırılmışdır. Bu cihazlar müayinə və
müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam
imkan verir. Klinikanın həkim, dərs və kompüter otaqları
bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Burada,
həmçinin ictimai tədbirlərin keçirilməsi üçün xüsusi
akustika və müasir multimedia sistemlərinin
quraşdırıldığı 250 yerlik konfrans zalı da vardır.
Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9
mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq
otağı yaradılmışdır. Klinikanın şöbələrində quraşdırılan
avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır.
Bu cihazlar vasitəsilə qısa müddətə müayinələrin
nəticələrini daha dəqiq əldə etmək mümkündür.
Məlumat verildi ki, klinikanın mərkəzi laboratoriyası
yüksək səviyyədə qurulmuşdur. Ölkənin yeganə universitet
klinikası olan bu bölmədə biokimya, mikrobiologiya,
immunologiya, molekulyar genetika və digər bölmələr
fəaliyyət göstərir. Laboratoriyada dünya
universitetlərinin referens laboratoriyalarında istifadə
olunan tam avtomatlaşdırılmış, ən müasir biokimyəvi,
mikrobioloji, immunoloji, genetik və digər analizatorlar
vardır. Bu isə istənilən laborator müayinələri maksimum
az vaxtda və dəqiq yerinə yetirməyə imkan verir.
Laboratoriyada ölkəmizdə ilk dəfə olaraq Dünya Səhiyyə
Təşkilatının qəbul etdiyi "CLSI" standartlarına uyğun
biokimyəvi və immunoloji analizlər aparılacaqdır.
Pasiyentlər dünyanın istənilən ölkəsindən şəxsi kodları
ilə klinikanın saytına daxil olaraq laborator
analizlərinin nəticələrini əldə edə biləcəklər.
Diqqətə çatdırıldı ki, buradakı avadanlıq tibbi
müayinələrin görüntülərini də yüksək səviyyədə əldə
etməyə imkan verir. Klinikada, həmçinin "Tesla" maqnit
rezonans tomoqrafı, 128 kəsikli kompüter tomoqrafı, iki
yüksək tezlikli rəqəmsal rentgen qurğusu, universal
tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi aparatı
quraşdırılmışdır.
Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reanimasiya zalı, 18
əməliyyatxana yaradılmışdır. Reanimasiya zallarında
Avropa istehsalı olan çoxfunksiyalı elektrik yataqlar,
mərkəzləşdirilmiş qaz sistemləri, monitorlar, süni
tənəffüs cihazları quraşdırılmışdır. Burada
çətinliyindən asılı olmayaraq, reanimasion-intensiv
terapiya xidmətləri xaricdə təhsil almış təcrübəli
reanimatoloqlar tərəfindən icra edilir. Burada
quraşdırılan xüsusi çoxfunksiyalı işıqlandırma sistemi
və kamera vasitəsilə əməliyyat prosesləri dərs
otaqlarına, tədris və konfrans zallarına, həmçinin
xaricdəki yüksək ixtisaslı mütəxəssislərə ötürülə bilir
və tibb müəssisəsinin arxivinə yüklənir.
Klinikanın hər cür lazımi avadanlıq, o cümlədən yumşaq
və bərk inventarla təchiz edilmiş palataları müasir
səviyyədədir. Binanın müxtəlif mərtəbələrində palatalar
fəaliyyət göstərəcəkdir.
Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və
doktorantların təhsili və biliklərini artırmaları üçün
mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq
laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya
standartları səviyyəsində aparmaq üçün MDB məkanında
analoqu olmayan bacarıq laboratoriyalarında anatomik,
funksional və mulyaj simulyantlar quraşdırılmışdır.
Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu
cihazlara kompüterə yüklənmiş məlumatlarla yanaşı,
xəstənin də maqnit rezonans, rentgen, kompüter
tomoqrafiyasından alınan görüntülərini yükləmək olur.
Dünyanın yalnız bəzi aparıcı ölkələrinin tibb
müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və
praktiki biliklərini təkmilləşdirməkdə müstəsna
əhəmiyyətə malikdir. Klinikanın bütün avadanlığı tibb
elminin ən son nailiyyətlərinə cavab verir və yerli
"ARASH Medical" şirkəti tərəfindən quraşdırılmışdır.
Klinikada yaradılan şəraitlə tanış olan Prezident İlham
Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə
kollektivi ilə görüşdü.
***
Görüş iştirakçılarını salamlayan Prezident İlham
ƏLİYEV dedi:
-Bu gün çox əlamətdar bir gündür. Biz Bakı şəhərində
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə
Klinikasının açılışına toplaşmışıq. Bu gözəl hadisə
münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb
Universitetinin bütün professor-müəllim heyətini, bütün
tələbələri təbrik edirəm.
Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi mərkəzin
müxtəlif bölmələri ilə tanış oldum. Bir daha görürəm ki,
Azərbaycanda artıq səhiyyə sahəsində işlər ən yüksək
səviyyədə görülür.
Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl
daşını qoyduq. O vaxt - üç il bundan əvvəl
Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O
vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri
müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının
tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin
ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət
büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb
mərkəzi yaradılmışdır.
Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində
yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin
xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və
funksional cəhətləri ilə seçilən bir klinikadır.
O vaxt belə bir klinikanın yaradılması iki məqsədi
güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb
Universitetində tədris prosesini daha da yüksək
səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda,
bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq
məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni
zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin
yaradılması da təmin edilmişdir. Yəni, burada həm
təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə
birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil
edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl
şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr
üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də
olmalıdır. Çünki Azərbaycan uğurla və sürətlə inkişaf
edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir.
O cümlədən, səhiyyə, təhsil sahələrində qarşıda duran
vəzifələr icra edilir. Son illər ərzində Azərbaycanda
500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər
ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə
diaqnostika mərkəzi yaradılmışdır. Bu gün demək olar ki,
ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq
üçün gözəl imkanlar vardır. Səhiyyənin maddi-texniki
bazası möhkəmlənir, güclənir. Əminəm ki, yaxın bir-iki
il ərzində artıq bütün şəhərlərimizdə ən gözəl
klinikalar yaradılacaqdır.
Təkcə son iki həftə ərzində ölkəmizin bir neçə şəhərində
müasir xəstəxanalar açılmışdır. Deyə bilərəm ki,
bölgələrdə, rayonlarda istifadəyə verilmiş xəstəxanalar
da ən müasir avadanlıqla təchiz edilir və ən yüksək
standartlara malikdir.
Azərbaycan Tibb Universiteti ölkəmizdə həkim kadrların
hazırlanmasında xüsusi rol oynayan ali məktəbdir. Bu ali
məktəbin böyük tarixi, gözəl ənənələri və əminəm ki,
gözəl gələcəyi vardır. Çünki bu gün müstəqil
Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər artır,
səhiyyənin maddi-texniki bazası möhkəmlənir. Belə olan
halda əlbəttə ki, tibbi xidmətin səviyyəsi də
artmalıdır.
Universitetdə çox böyük təcrübəyə, biliklərə malik olan
professor-müəllim heyəti vardır. Əlbəttə ki, sizin
bilikləriniz gənc nəslə ötürülür. Elə etməliyik ki, gənc
nəsil, gənc həkimlər dünyada səhiyyə sahəsində gedən
bütün prosesləri yaxından izləyə bilsinlər. Bunu etmək
üçün burada imkanlar, kompüter otaqları vardır. Əminəm
ki, müxtəlif ali məktəblərlə canlı bağlantı da yaradıla
bilər. Əməliyyatların izlənməsi üçün gözəl şərait
vardır.
Beləliklə, bizim gənc həkimlərimiz dünyada səhiyyə
sahəsində gedən bütün mütərəqqi yenilikləri
bilməlidirlər. Çünki bu gün dünyada səhiyyə elmi çox
sürətlə inkişaf edir. Siz həkimlər bunu hamıdan yaxşı
bilirsiniz. Bu gün vaxtilə müalicəsi mümkün olmayan bir
çox xəstəliklər əgər vaxtında aşkarlanarsa müalicə
edilir. Diaqnostika cihazları, o cümlədən burada
quraşdırılan kompüter tomoqrafları, MRİ, müasir
rentgenlər imkan verir ki, istənilən xəstəlik ilkin
mərhələdə aşkarlansın və düzgün diaqnoz qoyulsun. Artıq
bu cihazların mövcudluğu düzgün diaqnozun qoyulmasında
da mühüm bir addımdır və əlbəttə ki, müalicə də düzgün
aparılmalıdır.
Yəni, dünya səhiyyə elminin uğurlu inkişafı insanların
sağlamlığına bilavasitə bir töhfədir. Biz çalışmalıyıq
ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar
Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır
olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir
avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı,
bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri,
işləri ilə elə etməlidirlər ki, daha da bilikli
olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır
əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki,
biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən
ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları
aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə
imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz
tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna
ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən
yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə
səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni
tibb ocaqlarının yaradılması, müasir avadanlığın
mövcudluğu və həm də həkimlərin peşəkarlığı,
təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib
çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə bağlı fikirlərimi bildirdim.
Bir daha demək istəyirəm, elə etməliyik ki, bizim
gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar.
Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada
ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə
sahəsində də, həmçinin biz o səviyyəni əlbəttə ki, təmin
etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Çünki son
illərdə səhiyyə sahəsində aparılan islahatlar uğurludur,
bununla bərabər hələ çox iş görülməlidir. Ancaq
beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə
Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək
qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə
Təşkilatının Avropa bölməsi Azərbaycanda gedən
islahatları vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə hər bir rayonda
müasir xəstəxanalar, tibb mərkəzləri tikilir. O ki qaldı
Bakıya, son illərdə Bakıda demək olar ki, əsas
elmi-tədqiqat səhiyyə müəssisələrimiz yenidən
qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə böyük
xəstəxana tikilmişdir. Yəni, bu sahədə biz öz ardıcıl
siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz üçün prioritet
məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan
xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər
tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan
sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün
imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın
zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə
fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq
buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük.
Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli
olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər
bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə
müasir dializ mərkəzləri vardır. Ona görə insanların
sağlamlığını təmin edən tibbi xidmət bu gün əlbəttə ki,
daha da yüksək səviyyədədir. İnsan sağlamlığını
şərtləndirən digər amillər Azərbaycanda əlbəttə ki,
vardır. Bu sahəyə diqqət yetirilir. Statistik
göstəricilər, - yəqin ki, həkimlər bunu hamıdan yaxşı
bilirlər, - onu göstərir ki, Azərbaycanda insanların
ömrünün uzunluğu artır, uşaq ölümü azalır. Bu,
səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan Tibb
Universitetinin böyük tarixi, ənənələri, gözəl bu günü,
gözəl gələcəyi vardır. Deyə bilərəm ki, biz həkimlərin
bütün xahişlərini çalışırıq ki, yerinə yetirək. Belə
gözəl klinikalar həm tədris, tibb mərkəzləridir, eyni
zamanda, həkimlərin iş yeridir. Hər yerdə, hər şəhərdə,
hər rayonda həkimlərin iş yeri də bax, belə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, bu gözəl klinikanın
açılışı böyük əlamətdar hadisədir. Mən çox şadam ki, son
illərdə biz sizinlə bərabər bu gözəl hadisələri qeyd
etmişik. Tibb Universitetinin ardıcıllıqla klinikaları
yaradılır. 2002-ci ildə stomatoloji, 2007-ci ildə
onkoloji, 2010-cu ildə terapevtik klinikaları açılmışdır
və indi cərrahiyyə klinikası artıq fəaliyyətə başlayır.
Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən
təbrik edirəm.
***
Azərbaycan Tibb Universitetinin rektoru Əhliman
ƏMİRASLANOV dedi:
-Möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban xanım!
İcazə verin, Tibb Universitetinin professor-müəllim
heyəti, tələbə kollektivi adından Sizi ürəkdən
salamlayım və Tibb Universitetinin bu möhtəşəm, böyük
klinikasına xoş gəlmisiniz deyim.
Bu gün yeni tədris ilinin başlaması ərəfəsində, möhtərəm
Prezident, Sizinlə bir yerdə olmaq bizim üçün çox böyük
qürur mənbəyi və sevincdir. Siz son illərdə artıq üçüncü
dəfədir ki, universitetimizə gəlirsiniz. Bu,
universitetimizə olan hörmətin, etimadın, qayğının
nəticəsidir. İcazə verin, bu etimada, bu qayğıya görə
bir daha Sizə dərin təşəkkürümü və səmimi
minnətdarlığımı bildirim.
Mən ayrıca olaraq qeyd etmək istərdim ki, Azərbaycanda
elmin, səhiyyənin, təhsilin, mədəniyyətin, incəsənətin
böyük hamisi olan, vaxtilə universitetimizdə təhsil
almış Heydər Əliyev Fondunun prezidenti, birinci xanım
Mehriban Əliyeva da bu üç görüşün üçündə də iştirak
edibdir. Mən ona da bütün kollektiv adından dərin
təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tibb
Universiteti fəxr edir ki, - düzdür universitetimizi
bitirməyibdir, - vaxtilə Mehriban xanım bizim
universitetdə təhsil alıbdır.
Möhtərəm cənab Prezident, ulu öndər Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə Tibb Universitetinə
böyük qayğı və diqqətlə yanaşmışdır. Təkcə ikinci dəfə
Azərbaycanda hakimiyyətə gələndən sonra ulu öndər iki
dəfə bizim universitetdə oldu. O ağır, çətin dövrdə
universitetin 11 mərtəbəli möhtəşəm tədris binası və
stomatoloji klinikası ulu öndərin Tibb Universitetinə
çox sanballı bir töhfəsi kimi yaddaşlara həkk olunubdur.
Universitet klinikalarının yaranması ideyası da ulu
öndərə məxsusdur. Ancaq bu ideyanı, bu universitet
klinikalarının yaranmasını Siz reallaşdırdınız və Sizin
sərəncamlarınızla bu gün Tibb Universitetinin üç
klinikası fəaliyyət göstərir. Bayaq mən Sizə məruzə
etdiyim kimi, 2007-ci ildə onkoloji klinika istifadəyə
verildikdən bir qədər sonra Sizə tədris-terapevtik
klinikanın yaradılması ilə bağlı müraciət etdik. Bu gün
burada qeyd etdiyiniz kimi, çox çəkmədi ki, Siz sərəncam
imzaladınız. Onun həm təməl daşının qoyulması, həm də
açılış mərasimlərində Siz Mehriban xanımla bir yerdə
iştirak etdiniz. Universitet kollektivinə töhfələrinizi
verərkən elə oradaca qeyd etdiniz ki, Tibb
Universitetinin daha bir klinikaya böyük ehtiyacı vardır
- cərrahi klinikaya. Siz cərrahi klinikanın tikilməsi
ilə bağlı qərar verdikdən düz beş il sonra biz bu
klinikanın açılışına toplaşmışıq.
Hesab edirəm ki, Tibb Universiteti 83 illik şərəfli
tarixinin bu gün ən yaddaqalan, bəlkə də o tarixə qızıl
hərflərlə həkk oluna biləcək bir gününü, hadisəsini
yaşayır. Çünki bu klinika doğrudan da istər tədris,
istər elmi, istər müalicə-profilaktika,
müalicə-diaqnostika nöqteyi-nəzərindən son dərəcə geniş
imkanlara malik olan, dünyanın bir çox
universitetlərinin klinikaları ilə bir səviyyədə dayana
biləcək bir klinikadır.
Möhtərəm Prezident, böyük məmnuniyyətlə istərdim Sizə
məruzə edim ki, son illər Tibb Universitetində bu
klinikalarda uğurla çalışa biləcək kadr potensialı
yetişibdir və yetişməkdədir. Ona görə, Sizi əmin edirəm
ki, bu klinikanın kadr potensialı ilə bağlı da bir
problemimiz olmayacaqdır. Bu gün tədris-terapevtik
klinikasında dünyanın müxtəlif aparıcı klinikalarından
dəvət olunmuş 10 nəfər korifey sənətkar çalışır. Bu
sənətkarlar həm tədrislə, həm müalicə işləri ilə məşğul
olurlar, bu və ya digər sahənin inkişaf etdirilməsi üçün
bizə son dərəcə kömək edirlər. Bu da Sizin göstərdiyiniz
qayğının nəticəsidir.
Möhtərəm cənab Prezident, bu gün bu klinikanın müxtəlif
şöbələrini gəzərkən, mən bütün bunların hamısını Sizə
məruzə etdikcə, digər klinikalar barəsində danışdıqca
dedim ki, bunların hamısının səbəbi son on ildə baş
vermiş hadisələrdir, ulu öndər Heydər Əliyev siyasətinin
ölkəmizdə uğurlu davamı və bu uğurlu davamın aparıcısı
kimi Sizin xidmətlərinizdir. Bu gün Tibb
Universitetindəki bu möhtəşəm işlər Azərbaycanda görülən
işlərin cüzi bir hissəsidir. Budur Heydər Əliyev
siyasətinin Azərbaycana verdiyi töhfələr. Buna görə
bizim əsasımız vardır bu gün deyək, bir daha vurğulayaq
ki, ulu öndərin siyasəti Azərbaycan xalqını xoşbəxt
günlərə aparan, yeganə və alternativi olmayan bir
siyasətdir. Azərbaycan xalqının mütləq əksəriyyəti kimi,
Tibb Universitetinin professor-müəllim heyəti,
tələbələri Heydər Əliyev siyasətini dəstəkləyir və bu
siyasətin davamlı və daimi olması üçün əlindən gələn
bütün işləri edəcəkdir.
Möhtərəm Prezident, son olaraq icazə verin, bu möhtəşəm
klinikanı Tibb Universitetinə hədiyyə etdiyiniz üçün
professor-müəllim heyəti, tələbə kollektivi adından bir
daha Sizə dərin təşəkkürümü, səmimi minnətdarlığımı
bildirim. Sizi əmin edirik ki, bu klinika Azərbaycan
xalqının sağlamlığının keşiyində möhkəm duracaq, Sizin
qarşıya qoyduğunuz bütün məsələləri yerinə yetirəcəkdir.
Ayrıca olaraq, mən Mehriban xanıma da kollektiv adından
bir daha dərin təşəkkürümü bildirirəm. Sağ olun.
Təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV:
Çox sağ olun!
***
Sonra akademik Adilə NAMAZOVA çıxış edərək dedi:
- Həyatda ən çox sevdiyimiz insan İlham müəllim! Bu,
dördüncü klinikadır ki, Siz bizə bəxş edirsiniz. Siz
bununla bizi xoşbəxt etmisiniz. Doğrudan da çox gözəl
binadır. Mənim xəstəxanada əyləşdiyim otağın pəncərəsi
bu binaya baxır. Bu binanın bünövrəsi qoyulandan
axırıncı daşının rənglənməsinə qədər bütün prosesi
izləmişəm. Biz bu klinikalara və bunların ən müasir
avadanlıqla təmin olunmasına görə Sizə minnətdarıq. Siz
bizə çox gözəl şərait yaratmısınız. Biz hamımız - burada
əyləşənlər və burada olmayanlar təsdiq edə bilərlər ki,
həm özümüz gözəl, komfort şəraitdə işləyirik, həm də
tələbələri, gələcək həkimləri hazırlayırıq. Onlar nəinki
Bakıda, müxtəlif rayonlarda, - indi rayon demək düzgün
deyil, çünki rayon mərkəzlərinin hamısı indi şəhərdir, -
müxtəlif şəhərlərimizdə işləyirlər. Bax, bütün bu
şəraitə görə, biz Sizə minnətdarıq. Mən burada oturan və
burada olmayan əməkdaşlarımız, tələbələrimiz adından
Sizə böyük təşəkkürümü bildirirəm. Sizə möhkəm
cansağlığı, uzun ömür arzulayıram. Biz Sizə çox
minnətdarıq. Minnətdarıq ki, ulu öndərimizin qarşıya
qoyduğu məsələlər həyatda öz reallığını tapır. Buna görə
biz Sizə minnətdarıq.
Möhtərəm Prezident, Siz bizə çox qayğı göstərmisiniz,
bizim həyatımızı çox dəyişdirmisiniz. Mən Sizdən bir
xahiş etmək istəyirəm. Bizim Tibb Universitetində on
pediatrik kafedramız vardır. On altı tibb elmləri
doktoru, professor çalışır. Pediatriya üzrə 50-yə yaxın
dosentimiz vardır. İki yüzdən çox tibb üzrə fəlsəfə
doktoru çalışır. Burada doktorantların, dissertantların
sayını deyib vaxtınızı almaq istəmirəm. Üçüncü ildir ki,
biz rezidentlərlə məşğuluq. Yəni, onları qəbul edib dörd
il müddətində biz Sizin köməkliyinizlə xalqa gözəl,
yüksək səviyyəli həkimlər verəcəyik. Bizim bu
kafedralar, bu işçilər demək olar ki, Bakı şəhərinin
bütün rayonlarına səpələnibdir.
Prezident İlham ƏLİYEV:
Mən başa düşürəm. Siz söhbəti nəyə aparırsınız.
Adilə NAMAZOVA:
Siz bizə belə bir pediatrik klinika bəxş etsəniz, bizi
də, respublikanın uşaqlarını da çox xoşbəxt etmiş
olarsınız. Bilirsiniz ki, respublikamızda əhalinin sayı
artıb, bu gün 9 milyon 400 mindir. İnşallah, gələn
payıza 10 milyon olacaqlar. Deməli, respublikada doğum
çoxalıb. Tək-tək yox, əkiz, üçəm uşaqlar doğulur.
Beləliklə, respublikamızda uşaqların sayı 43-44 faizə
çatıbdır. Onların keşiyində durmaq üçün bizə savadlı
pediatrlar lazımdır.
Siz bilirsiniz ki, atalar, analar, babalar, nənələr
uşaqları nə dərəcədə çox istəyirlər. Biz istəyirik ki,
Sizin köməyinizlə onların qayğısına daha yaxından qalaq,
onları sağlam böyüdək. Mən Sizə söz verirəm ki,
respublikamız üçün çox yaxşı pediatrlar yetişdirəcəyik.
Çünki belə şəraitdə işləmək özü böyük xoşbəxtlikdir.
Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun və bu
işləri daha da yeniləşdirəsiniz, - çünki Siz
novatorsunuz, - bizə də kömək edəsiniz.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Adilə xanım çox gözəl təklif verdi və sonra o
təklifi də gözəl əsaslandırdı. Mən hesab edirəm ki, biz
bu təklifə baxmalıyıq. Hesab edirəm ki, bu təklifə
müsbət cavab verilə bilər. Xahiş edirəm ki, siz yeri
seçin, təklifi rəsmi qaydada göndərin. Pediatrik
klinikanın tikintisinə də müsbət münasibət ola bilər.
Doğrudan da, bu gün Azərbaycanın imkanları böyük
dərəcədə artmışdır. Hətta o vaxt imkanlarımız məhdud
olanda da ulu öndər Heydər Əliyev məhz Tibb
Universitetinin maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün çox vacib addımlar atmışdır,
qərarlar vermişdir. O vaxt dövlət büdcəmiz indikindən 20
dəfə az idi. O vaxt hələ bizim əsas energetika, neft-qaz
layihələrimiz icra edilmirdi. Ona görə, büdcədə kifayət
qədər problemlər var idi. Gəlir mənbələrimiz o qədər də
çox deyildi. Ancaq buna baxmayaraq, hətta o vaxt səhiyyə
məsələlərinin həllinə, Tibb Universitetinin fəaliyyətinə
böyük diqqət verilirdi. Əlbəttə ki, bu gün Azərbaycan
güclü dövlətə çevrilibdir. Son illər ərzində ulu öndərin
siyasətinə sadiq qalaraq biz ölkəmizi böyük dərəcədə
inkişaf etdirə bilmişik. Bu gün dünyada yaşanan
böhranlara baxmayaraq, Azərbaycan öz yolu ilə gedir.
Bölgələrdə olarkən mən bir fikri tez-tez vurğulayıram
ki, bu gün bir çox inkişaf etmiş ölkələrdə tibbi
mərkəzlər tikilmir. Çünki maliyyə böhranı yaşanır.
Azərbaycanda tikilir, özü də təkcə Bakıda deyil, hər
yerdə. Bax, təkcə son 2-3 həftə ərzində Cəlilabadda,
Lənkəranda, Astarada, Yevlaxda, Ağcabədidə, digər
şəhərlərdə yeni gözəl xəstəxanalar açılmışdır. Ona görə,
biz düşünülmüş iqtisadi siyasətimizlə özümüzü siyasi və
iqtisadi cəhətdən dünyada gedən bütün mənfi meyllərdən
qoruya bildik. Bizim büdcəmiz ildən-ilə artır. Büdcəmiz
həm investisiya, həm sosialyönümlüdür. Büdcədə sosial
məsələlərin həlli üçün xüsusi yer vardır. Bu il səhiyyə
məsələlərinin həlli üçün bir milyard manata yaxın vəsait
ayrılmışdır. Ona görə hazırda maliyyə vəziyyətimiz imkan
verir ki, biz bundan sonra da səhiyyə infrastrukturunun
yaradılmasına vəsait ayıraq. Pediatrik klinikanın
tikintisi də güman edirəm ki, gələn ilin investisiya
proqramına salına bilər.
***
Daha sonra tələbə, Prezident təqaüdçüsü Xatın
MƏMMƏDOVA dedi:
- Möhtərəm cənab Prezident, Siz daim elmə, təhsilə,
səhiyyəyə və biz gənclərə xüsusi diqqət və qayğı
göstərirsiniz. Elə həmin diqqət və qayğının nəticəsidir
ki, respublikamızda hər il keçirilən qəbul
imtahanlarında mükəmməl təhsil almış yüzlərlə Azərbaycan
gənci yüksək nəticələr göstərir və Prezident təqaüdünə
layiq görülür. Bu gün mən Azərbaycan Tibb
Universitetinin Prezident təqaüdünə layiq görülmüş bir
tələbəsi kimi əminliklə deyə bilərəm ki,
universitetimizdə təhsil alan hər bir tələbə daim Sizin
biz tələbələrə, təhsilə və səhiyyəyə göstərdiyiniz
diqqət və qayğının şahidi oluruq. Belə ki,
universitetimizin ayrı-ayrı korpuslarında, eləcə də hər
cür müasir tibbi avadanlıqlarla təchiz olunmuş
klinikalarında yaradılmış mükəmməl şərait və
professor-müəllim heyətinin səyi nəticəsində biz
təbabətin ən müxtəlif sahələrində gələcəyin savadlı
kadrları kimi yetişirik. Buna görə də həm öz adımdan,
həm universitetimizin bütün tələbələri adından, həm də
digər təhsil ocaqlarında gələcəyin savadlı kadrı kimi
yetişən hər bir tələbə adından Sizə öz təşəkkürümü və
minnətdarlığımı bildirirəm.
Hörmətli Mehriban xanım, Siz həm Heydər Əliyev Fondunun
rəhbəri, həm YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, həm də respublikamızın birinci xanımı kimi daim
biz gənclərə, elmə, təhsilə, səhiyyəyə qayğı
göstərirsiniz. Azərbaycan xalqının milli mədəni irsinin,
incəsənətinin, milli musiqisinin dünya səviyyəsində
tanınması üçün əlinizdən gələni əsirgəmirsiniz və bunun
üçün çox böyük işlər görürsünüz. Buna görə də Sizə,
hörmətli Mehriban xanım və Sizə, cənab Prezident öz
dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Prezident İlham ƏLİYEV:
Sağ olun, biz hələ gələcəkdə çox görüşəcəyik. Çünki hələ
görüləcək işlər çoxdur, açılışlar da olacaqdır. Bir daha
fürsətdən istifadə edərək sizi ürəkdən təbrik etmək
istəyirəm. Bir daha Azərbaycanın bütün həkimlərinə öz
salamlarımı, hörmətimi bildirmək istəyirəm. Bildiyiniz
kimi, mən həkim ailəsində böyümüşəm. Xoşbəxtlikdən bizim
uşaqlarımız da həkim ailəsində böyüyüblər. Ona görə,
həkim peşəsi bizim üçün çox əzizdir, doğmadır. Sizi bir
daha salamlayıram, öz hörmətimi və məhəbbətimi
bildirirəm. Sizi əmin etmək istəyirəm ki, mən bundan
sonra da səhiyyə məsələlərinin həllinə diqqətimi
əsirgəməyəcəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |