Təhsil
naziri Mikayıl CABBAROV: "Azərbaycanın təhsil sisteminin
və təhsil infrastrukturunun inkişaf səviyyəsinin
dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə
çatdırılması əsas məqsədlərdəndir"
Yeni
dərs ili ərəfəsində təhsil prosesi, onun keyfiyyət
göstəriciləri, həllini gözləyən problemlər və qarşıda
duran hədəflər ictimaiyyətin aktual müzakirə predmetinə
çevrilmişdir. 5 ay öncə dövlət başçısı tərəfindən bu
sahədə ciddi dəyişikliklərə rəvac verilməsinin və
aparılan kadr əvəzlənməsinin məntiqi nəticəsindən
danışmaq zaman baxımından hələ tez olsa da, təhsil
sektorunda ciddi islahatların başlanması və bu sahədə
ilkin uğurların əldə olunması danılmaz faktdır. Öz
sabahımızdan - gələcək nəslin təhsilindən ciddi
narahatlıq keçirən vətəndaşlara indi tam aydındır ki,
təhsil sahəsində vəziyyət, sadə dillə desək, artıq
əvvəlki kimi olmayacaq. Bu istiqamətdə ciddi dönüşün
yaranmasını şərtləndirən əsas məsələ odur ki,
valideynlərin, həmçinin şagird və tələbələrin uzun
illərdir problem və nöqsan kimi səciyyələndirdiyi
məqamlar indi yeni təhsil nazirinin öz dilindən də
səslənir, daha gizlədilmir, təkzib olunmur və onların
aradan qaldırılması fəaliyyət prioriteti kimi elan
edilib.
Elə təhsil naziri Mikayıl Cabbarovla söhbətimizdə də
məhz bu problemlərə nəzər saldıq. Yazılı mediaya ilk
geniş müsahibəsində Mikayıl Cabbarov təhsil naziri kimi
fəaliyyət göstərdiyi müddət ərzində görülmüş işlərdən,
qarşıda duran problemlərdən və onların həlli ilə bağlı
həyata keçirilən tədbirlərdən danışdı.
Hər bir məzun üçün bərabər imkanların yaradılması ilə
bağlı qərar özünü doğrultdu
- Mikayıl müəllim, yeni dərs ili Sizin bir nazir kimi
rəhbərliyiniz altında ölkənin təhsil ictimaiyyətinin
qeyd edəcəyi ilk tədris ilidir. Ölkənin çoxminli təhsil
işçiləri və təhsilalanları üçün nazirin bu münasibətlə
bağlı fikirləri olduqca maraqlıdır...
- Bilirsiniz ki, dərs ilinin ilk günü - Bilik Günü
ölkədə ən geniş qeyd olunan, demək olar ki, bütün ölkə
əhalisinin bayram kimi qəbul etdiyi günlərdəndir. Bu
münasibətlə bütün xalqımızı, təhsil ictimaiyyətini,
müəllim və şagirdləri, tələbələri, xüsusilə də məktəbə
ilk dəfə qədəm qoyan uşaqları təbrik edirəm.
Təhsilverənlərə və təhsilalanlara, ümumilikdə ölkənin
bütün pedaqoji ictimaiyyətinə yeni - 2013/2014-cü dərs
ilində uğurlar arzulayıram.
Onu da qeyd edim ki, ümumtəhsil məktəblərində ilk dərs
saatı vətənpərvərlik mövzusuna həsr ediləcək.
Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin günbəgün
möhkəmlənməsi üçün savadlı, vətənpərvər gənclərin
yetişdirilməsində hamı fəallıq göstərməli, həm ailədə,
həm də məktəbdə uşaqlara vətənə məhəbbət hissi
aşılanmalıdır. Ölkəmizin yeni cəmiyyət quruculuğunda ən
ümdə məsələlərdən biri gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın
daha da artırılması və geniş dünyagörüşün
formalaşdırılmasıdır.
- Yeri gəlmişkən, bir zəruri məqama da aydınlıq gətirək.
Təhsildə keyfiyyət göstəricilərindən biri də məhz təhsil
infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki
bazasının möhkəmləndirilməsidir. Bu istiqamətdə son
dövrlərdə daha genişmiqyaslı tədbirlər həyata keçirilib.
Yeni dərs ilini bu sahədə hansı yeniliklərlə
qarşılayırıq?
- Öncə qeyd edim ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər
ölkədə çoxsaylı uğurlara imza atılmışdır. Hazırda
ölkəmiz sürətlə inkişaf edir, müasirləşir. Dövlətimizin
və xalqımızın qədimliyi ilə müasirliyinin gözəl bir
sintezi əmələ gəlib. İstər Azərbaycanın iqtisadi sahədə
olan uğurları, istər regionlarımızın inkişafı baxımından
əldə edilən nailiyyətlər, istər beynəlxalq səviyyədə
dövlətimizin nüfuzunun artması, təbii olaraq, bizim üçün
də çox yüksək bir standart müəyyənləşdirir.
Azərbaycan Respublikasının təhsil sisteminin və təhsil
infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı
təhsil sistemləri səviyyəsinə çatdırılması əsas
məqsədlərdən biridir.
Ölkədə son illər ərzində minlərlə tədris ocağı yenidən
tikilib və yaxud əsaslı şəkildə təmir edilərək bərpa
olunub. Bütün məktəblərdə kompüterləşdirmə proqramı,
informasiya texnologiyalarının tətbiqi məsələləri fəal
şəkildə yerinə yetirilib. Ancaq bütün bunlara
baxmayaraq, Azərbaycanın bir çox bölgələrində,
regionlarında, ucqar kəndlərində, hətta Bakının özündə
əsaslı təmirə ehtiyacı olan təhsil ocaqlarımız hələ də
mövcuddur. Demək olar ki, bu məsələnin böyük bir hissəsi
həll olunub. Bu il də həmin istiqamətdə xeyli iş
görülüb.
Cari ildə Bakı şəhəri və respublikanın regionlarında 144
yeni məktəb binası və 13 mövcud məktəbdə əlavə tədris
korpusları tikilib, 115 məktəbdə əsaslı təmir işləri
həyata keçirilib. 2011-2013-cü illəri əhatə edən "Bakı
şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair" Dövlət Proqramında tikintisi və əsaslı təmiri
nəzərdə tutulmayan, lakin təmir işlərinin aparılmasına
ehtiyacı olan 164 ümumtəhsil müəssisəsində Təhsil
Nazirliyi tərəfindən yay aylarında cari təmir işləri
aparılıb.
Amma maddi-texniki baza dedikdə, biz bu məsələni təkcə
binalarla, tikililərlə məhdudlaşdıra bilmərik. Məncə, bu
məsələyə bir az geniş baxılmalıdır. Təhsil müəssisələri
müasir və yüksək keyfiyyətli tədris avadanlıqları ilə
təmin edilməli, eyni zamanda, informasiya
texnologiyalarının imkanlarından istifadə daha geniş
yayılmalıdır.
- Cənab nazir, bu il orta məktəbləri bitirən şagirdlərin
hamısına attestat verilməsi ilə bağlı qəbul olunmuş
qərar ictimaiyyətdə rəğbətlə qarşılandı. Bu addım hansı
zərurətdən irəli gəldi?
- İlk növbədə bu, bir daha nümayiş etdirdi ki, cənab
İlham Əliyev hər bir Azərbaycan vətəndaşının
Prezidentidir, hər bir məzun üçün bərabər imkanlar
yaradılmasının tərəfdarıdır. Bu qərar nəticəsində
məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta
ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında
iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq
imkanları yaranmış oldu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may
2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat
və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri
tənzimləyən qanunvericilik aktlarına müvafiq
dəyişikliklər edildi. Qəbul edilmiş qərar əsasında illik
qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri
buraxılış imtahanlarına buraxıldılar. Onlar həmçinin
buraxılış imtahanında alınan qiymətlərdən asılı
olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks
etdirən şəhadətnamə almaq hüququna malik oldular.
11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik
qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış
imtahanlarına buraxıldılar. Bu kateqoriya məzunların
attestat qiyməti 10-cu və 11-ci siniflər üzrə illik
qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin
yuvarlaq orta qiymətidir.
2012/2013-cü tədris ilinin yekunlarına görə, ölkə üzrə
ümumtəhsil məktəblərinin XI siniflərini 84769 şagird
bitirmişdir. Onların 84121 nəfəri buraxılış
imtahanlarına buraxılmış və attestat almışlar. Bu,
məzunların ümumi sayının 99,3 faizini təşkil edir.
Bu il buraxılış imtahanlarında "2" qiyməti almış 128
məzun qəbul imtahanlarında uğurlu nəticələr göstərərək
ali məktəblərə qəbul olunub. Onların arasında I ixtisas
qrupu üzrə 350, II ixtisas qrupu üzrə 301, III ixtisas
qrupu üzrə 559, IV ixtisas qrupu üzrə 330 bal toplamış
abituriyentlər də vardır.
Təhsilin keyfiyyəti müəllimlərin peşəkarlıq
səviyyəsindən bilavasitə asılıdır
- Göründüyü kimi, orta məktəb buraxılışı ilə bağlı ilkin
islahatlarınızın artıq real uğurları var. Orta məktəbə
qəbul prosesində tələb olunan yaş məsələsinə də nəzər
salmağınız oxucularımız üçün maraqlı olardı. Dünya
təcrübəsinə nəzər saldıqda görürük ki, bəzən uşaqlar
hətta 5 yaşında da məktəbə gedirlər. Məlum olduğu kimi,
Avropa ölkələrində məktəbəqədər təhsil yüksək inkişaf
etmişdir. Həmin ölkələrdə uşaqlar əsasən 3-4 yaşında
ibtidai təhsilə hazırlıq proqramlarına cəlb olunurlar.
Azərbaycanda bu proses necə tənzimlənəcək?
- Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I
sinfə qəbulu ilə əlaqədar Təhsil Nazirliyinin 17 iyul
2013-cü il tarixli əmri ilə qaydalar təsdiq edilib.
Həmin qaydalara görə, vaxtından əvvəl I sinfə qəbul hər
il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan
uşaqlara şamil olunur.
Burada söhbət yalnız uşağın I sinif üzrə proqram
materiallarını mənimsəməsindən getmir. Başlıca məsələ
uşağın idraki inkişafında, sabit fiziki duruma, çevik
təfəkkürə, psixoloji dayanıqlığa, məntiqi mühakimə
qabiliyyətinə malik olmasındadır. Proqram materialını
mənimsəyən hər uşağa xüsusi istedadlı uşaq demək mümkün
deyil. Ola bilər ki, hər hansı bir uşaq 5 yaşında məktəb
təliminə hazır olsun. Belə faktlar, əlbəttə, vardır.
Lakin bu keyfiyyət, ümumilikdə, az faiz uşaqlara nəsib
olur. Bu, bir çox hallarda məktəbəqədər təhsil
şəbəkəsinin əhatə dairəsindən və keyfiyyətindən asılı
məsələdir. 3-4 yaşından uşağın ibtidai təhsilə hazırlıq
proqramlarına cəlb olunması məsələsinə gəlincə, bunun
üçün xüsusi tədris proqramları hazırlanmalıdır.
Bəzi mütəxəssislər hesab edirlər ki, uşağın qayğısız
uşaqlıq həyatını, sərbəstliyini əlindən almaq olmaz.
Ətraf aləmlə, təbiətlə, həmyaşıdları ilə ünsiyyət uşağın
inkişafında, dünyagörüşünün formalaşmasında mühüm
əhəmiyyətə malikdir.
Bütün bunları nəzərə alaraq valideynlərə məsləhətim
budur ki, bəzi zahiri əlamətlərinə görə uşaqlarını
ehtiyac olmadan parta arxasında oturtmağa cəhd
göstərməsinlər.
- Bu gün təhsilin keyfiyyətinin artırılması prioritet
məsələlərdən biridir. Bu baxımdan neçə vaxtdır ki,
müzakirə olunan məsələ - müəllimlərin attestasiyasının
keçirilməsi gözlənilirmi? Müəllimlərin nüfuzunun
yüksəldilməsi ilə bağlı digər tədbirlərin görülməsi də
nəzərdə tutulurmu?
- Əslində sizin bu sualınız cəmiyyətdə daha səriştəli
müəllimlərə ehtiyacın artdığını göstərir. Bu gün ölkə
üzrə 4515 ümumtəhsil məktəbində 150 mindən artıq
pedaqoji işçi çalışır.
Təhsilin keyfiyyəti müəllimlərin peşəkarlıq
səviyyəsindən bilavasitə asılıdır. Bu mənada
müəllimlərin attestasiyası məsələsi cəmiyyətdə xeyli
müddətdir davam edən müzakirə mövzusudur. Beynəlxalq
təcrübədə müəllimlərin karyera inkişafı və maddi
həvəsləndirmə məqsədilə onların fəaliyyətinin
attestasiyası həyata keçirilir. Bu məsələ "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə
tutulub və müvafiq normativ-hüquqi baza yarandıqdan
sonra tətbiq ediləcək.
Müəllimlərin əksəriyyəti xüsusi bir missiya
daşıyıcısıdır. Biz düşünmürük ki, müəllimlərin müəllim
olmaq istəyinin yeganə səbəbi məhz maddi təminatla,
məvaciblə bağlıdır. Eyni zamanda mən bunu da vurğulamaq
istəyirəm ki, müəllimlərin məvacibi, həyat səviyyəsi,
rifahı məsələsi bu gün bizi qane edən səviyyədə deyil.
Amma çox mühüm və əhəmiyyətli məsələ odur ki, bu necə
həyata keçirilməlidir. Bunun düzgün mexanizmi nədir, bu
gün bütün müəllimlərin əməkhaqqının, məvaciblərinin,
sosial təminatlarının avtomatik şəkildə artırılması kimi
yanaşma bizim təhsilimizin keyfiyyətinə, müəllimlərin və
müəllim olmaq istəyən insanların stimullaşdırılmasına
düzgün bir yanaşmadırmı? Yoxsa biz burada daha kreativ,
dünya təcrübəsinə daha uyğun bir yanaşma seçməliyik? Bu
gün bütün bu məsələlər səmərəli formada müzakirə olunur.
Təbii olaraq müvafiq qərarların qəbul olunması üçün
məsələni hərtərəfli araşdırmalıyıq.
Valideynlərin məktəbin həyatında iştirakı prosesində tam
şəffaflığın tərəfdarıyıq
- Məktəb-valideyn münasibətlərinin daha səmərəli təşkili
istiqamətində müvafiq addımların atılması haqqında
müəyyən fikirlər bildirmisiniz. Bu istiqamətdə hansı
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?
- İlk növbədə qeyd edim ki, hər bir şəxsin
formalaşmasında ailə və valideynlər mühüm rol oynayır.
Bəzi valideynlər bir çox hallarda övladlarının təhsil
almasını yalnız məktəbin problemi, dövlətin vəzifəsi
kimi görür. Əslində bu məsələdə valideynlər də
üzərlərinə düşən vəzifələri düzgün
dəyərləndirməlidirlər.
Bu gün məktəblərimizdə valideyn komitələri, valideyn
assosiasiyaları adlı qurumlar var. Həmin qurumlar, yaxud
valideynlər bu və ya digər məqsədlər üçün dövlət
büdcəsində nəzərdə tutulmayan, misal üçün, mədəni
tədbirlərin qrup şəklində keçirilməsi, şagirdlərin asudə
vaxtlarının təşkili və digər bu kimi tədbirlər keçirə
bilərlər. Məlumdur ki, bu gün məktəblərin mühafizəsi
üçün maliyyə vəsaiti ayrılmır. Valideyn komitələri
həmçinin bu istiqamətdə də fəaliyyət göstərə bilərlər, -
təbii ki, könüllü şəkildə həyata keçirilən təşəbbüslər
olarsa.
Vətəndaş cəmiyyətinin və valideynlərin məktəbin
həyatında iştirakı prosesini biz məhdudlaşdırmaq
niyyətində deyilik. Amma bu yanaşmadan heç bir şəkildə
sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu
məsələlərdə də tam şəffaflığın tərəfdarıyıq.
Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının
idarəolunması prosesində iştirakı artmalıdır. Valideyn
komitələri təhsil müəssisələri ilə valideynlər arasında
əsas körpüyə çevrilməlidir. Bir neçə müstəqil valideyn
komitəsinin fəaliyyət göstərdiyi məktəblərin direktoru
ilə görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə
müstəqil valideyn komitələrinin işi daha şəffaf və
səmərəli şəkildə təşkil olunmuşdur.
Valideyn komitələrinin gördüyü işlərin şəffaf
hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə
asılmalıdır. Məktəb direktorları və müəllimlər valideyn
komitələrinin maliyyə məsələlərinə müdaxilə edə
bilməzlər. Valideyn komitələrini valideynlər özləri
müstəqil şəkildə idarə etməlidirlər.
Qeyd etdiyimiz kimi, valideyn komitələrinin
fəaliyyətindən heç bir halda sui-istifadə halları
olmamalıdır. Valideynlər biləndə ki onların məktəbə
könüllü yardımı övladı üçün daha yaxşı tədris şəraitinin
yaradılmasına sərf edilir, o zaman məktəblə daha yaxın
təmasda olmağa səy göstərirlər.
Xaricdə təhsil proqramı dünyada mövcud olan nadir
layihələrdəndir
- Cənab nazir, xaricdə təhsil üzrə Dövlət Proqramı
Azərbaycan gənclərinin dünyanın nüfuzlu
universitetlərində ali təhsil alması baxımından çox
böyük əhəmiyyətə malikdir. Bu il dövlət proqramına qəbul
prosesinə nə kimi yeniliklər tətbiq olundu?
- Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16
aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmizin
peşəkar mütəxəssis potensialının gücləndirilməsi
istiqamətində ən önəmli təşəbbüslərdən biridir. Proqram
gənc kadrların xaricdə təhsilinə böyük məbləğdə vəsait
yatırılması yönündə dünyada mövcud olan nadir
layihələrdəndir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı
gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa
göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu
öndər ölkəmizin müstəqillik illərində də xaricdə ali
təhsil alan gənclərə xüsusi diqqət göstərirdi. Bu
siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməkdədir. Neft
kapitalının insan kapitalına çevrilməsi strategiyası
Azərbaycanda dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Gəncliyin müasir tələblər
səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın
firavan gələcəyinin daha etibarlı təminatına zəmin
yaradır.
Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə istər bir nazir
kimi, istərsə də vətəndaş kimi fəxr edirəm. Düşünürəm
ki, bu proqram cənab Prezidentin hər bir azərbaycanlı
üçün bərabər təhsil imkanları yaratmasının daha bir
təzahürüdür. Təyinatımın ilk günündən söz vermişəm və bu
gün də bunu vurğulayıram ki, xaricdə təhsil alan hər bir
azərbaycanlı tələbənin qayğıları, ehtiyacları bizim
diqqət mərkəzimizdə olacaqdır. Həmkarlarımızla birlikdə
bunun üçün əlimizdən gələni edəcəyik.
Dövlət proqramı çərçivəsində 2007-2012-ci illərdə
ümumilikdə 1825 nəfər azərbaycanlı tələbə xarici
ölkələrin nüfuzlu ali məktəblərində oxumağa
göndərilmişdir.
Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti
yanında Təhsil üzrə Komissiya tərəfindən 2013/2014-cü
tədris ilində xarici ölkələrin ali təhsil
müəssisələrində dövlət proqramı çərçivəsində təhsil
almaq üçün sənəd vermiş namizədlərdən 315 nəfər barədə
müsbət qərar qəbul olunmuşdur. Hazırda bu proses davam
etməkdədir.
Ötən illərdən fərqli olaraq, dövlət proqramına sənəd
vermiş namizədlərin ilkin seçimi üçün Təhsil
Nazirliyində təşkil edilən müsahibəni aparacaq komissiya
fəaliyyət göstərir. Komissiyanın tərkibində Təhsil
Nazirliyinin əməkdaşları ilə yanaşı, Səhiyyə Nazirliyi
(tibb ixtisası istiqaməti üzrə müraciət edənlərlə),
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik
Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi
baxımından) nümayəndələri də təmsil olunur. Bu amil
seçimlərin şəffaf aparılmasına və daha layiqli
namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Əminik
ki, xaricdə təhsil alan tələbələr Azərbaycanı layiqincə
təmsil edəcək və təhsillərini uğurla başa vurub Vətənə
qayıtdıqdan sonra yüksək səviyyəli mütəxəssis kimi
respublikamızın inkişaf prosesinə layiqli töhfə
verəcəklər.
- Cənab nazir, ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinə müəllimlərin işə qəbulu prosesi artıq
başa çatıb. Bu prosesin yekunu ilə bağlı nə deyə
bilərsiniz?
Əvvəlcə bildirim ki, bu il vakant yerlərin sayı 3286,
müraciətlərin sayı isə 18782 olmuşdur. Müəllimlərin işə
qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə
ümumilikdə 1474 nəfər işə qəbul olunub.
Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin
işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid
balı aşağı salınmamışdır. İşə qəbul olunacaq
müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək
olması müsabiqənin əsas meyarı kimi qəbul olunmuşdur.
Təhsil müəssisələrində boş qalan vakant yerlərə aid dərs
yükünün digər müvafiq fənn müəllimləri arasında
bölünməsi və ya əvəzçilik qaydasında uyğun ixtisas
müəllimlərinə verilməsi nəzərdə tutulub.
Orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır
olan Azərbaycan vətəndaşını formalaşdırmaqdır
- Kurikulumun tətbiqi, dərsliklərin hazırlanması və
yerlərə çatdırılması ilə bağlı vəziyyət necədir?
- Ümumiyyətlə, hər hansı bir köklü dəyişikliklərin
tətbiqindən öncə bu məsələ ciddi araşdırılmalıdır. Biz
bu məsələni araşdırırıq və bu məsələ ətrafındakı
müzakirələrdə fikir müxtəlifliyi var. Qəbul olunacaq
qərar daha çox şagirdin maraqlarına cavab verəcək.
Müasir dövrdə biz müəyyən səviyyə və biliklərə malik
şagird hazırlamalıyıq.
Əhəmiyyətli məqam ondan ibarətdir ki, orta təhsilə və
məktəbə ali təhsil üçün hazırlıq funksiyasını yerinə
yetirən bir qurum kimi baxmamalıyıq. Hesab edirik ki,
orta təhsilin məqsədi tam şəkildə müstəqil həyata hazır
olan Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaqdır.
Dərsliklərin hazırlanmasına gəldikdə, qeyd etməliyəm ki,
Təhsil Nazirliyində dərsliklərin çapı və yerlərə
çatdırılması məsələsi ilə əlaqədar yaradılmış işçi qrupu
üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Belə ki, 2013/2014-cü dərs ili üçün II, IV, VI, VIII, IX
və XI siniflər üçün 139 adda 4011000 nüsxə dərslik və
müəllim üçün metodik vəsait hazırlanmış, çap edilmiş və
yerlərə çatdırılmışdır.
VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında
hazırlanıb. IX sinfin "Alman dili" dərsliyi də yeni
dərslikdir. Digər dərsliklər isə əvvəlki nəşrlər
üzərində redaktə işi aparılmaqla çap olunub.
TQDK tərəfindən monitorinqi aparılmış II, IV və VII
sinif dərsliklərində redaktə və korrektə işləri
aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap
olunarkən monitorinqin nəticələri nəzərə alınacaq.
Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün
13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik
vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə
hazırlanıb nəşr edilib və orta ixtisas təhsili
müəssisələrinə paylanıb.
- Təhsildə son illərdə mövcud olan problemlərdən
danışarkən peşə-ixtisas yönümü sahəsindəki vəziyyət
diqqəti daha çox cəlb edir. Burada hansı dəyişikliklər
nəzərdə tutulur? İlk peşə-ixtisas təhsilinin ölkə
iqtisadiyyatının tələbatına uyğunlaşdırılması
istiqamətində nə kimi tədbirlər həyata keçiriləcək?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin həyata keçirdiyi siyasət sayəsində ilk
peşə-ixtisas təhsilinin statusunun artırılması
istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul
edilib. Ölkə iqtisadiyyatının sürətli inkişafı
prosesinin uğurla davam etdirilməsi ixtisaslı kadrlara
olan tələbatı daha da artırıb.
Peşə təhsili sisteminin əhatə dairəsinin
genişləndirilməsi və kadr hazırlığı prosesinin
keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi
Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına
başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə
təhsili komplekslərinin yaradılması nəzərdə tutulub. Bu
il ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişaf
prioritetlərinə uyğun olaraq 5 pilot layihə
reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk
dəfə məzunlara beynəlxalq ixtisas dərəcəsi veriləcək.
Növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili
müəssisələrində çalışan müəllimlərin attestasiyasına
başlamağı nəzərdə tutmuşuq. Həmçinin regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq
ehtiyac duyulan bir sıra yeni ixtisasların açılmasını
planlaşdırırıq.
İlk peşə-ixtisas təhsili müəssisələri rəqabətə hazır
olmalı və mövcud qanunvericilik çərçivəsində
maddi-texniki bazalarının gücləndirilməsi işinə əlavə
təkan verməlidirlər. Bu baxımdan kommersiya fəaliyyəti
ilə məşğul olmaqla əlavə qazanc əldə etmək daha səmərəli
üsullardandır.
Ümumiyyətlə, bu istiqamətdə aparılan islahatların əsas
məqsədi peşə məktəblərinin müasir tələblər səviyyəsində
inkişafına nail olmaqdan ibarətdir. Həyata keçirilən
pilot layihələrin nəticələrinin digər peşə məktəblərində
bir model kimi tətbiq olunması nəzərdə tutulub.
- Mikayıl müəllim, sonda Sizin fəaliyyət prioritetinizi
də bilmək maraqlı olardı: bu gün yeni inkişaf
mərhələsinə qədəm qoyan, mütərəqqi islahatlar dövrünün
astanasında olan təhsil sistemimizin qarşısında duran
əsas məqsəd və vəzifələr nədən ibarətdir?
- Təhsil sistemi müstəqil Azərbaycanın milli dəyərlərini
mənimsəmiş Azərbaycan vətəndaşı formalaşdırmalı,
qloballaşan və müasir dünyada rəqabətədavamlı, peşəkar
kompetensiyalara və biliklərə malik olan bir insan
yetişdirməlidir. Təhsilimiz bir tərəfdən milli olmalı,
yəni xalqımızın adət-ənənələrinə sadiq vətəndaşın
formalaşdırılmasına xidmət etməli, digər tərəfdən müasir
dünyanın olduqca sərt tələblərinə cavab verən yüksək
səviyyəli mütəxəssis yetişdirməyə qadir olmalıdır.
Əminəm ki, birgə səylə bu məqsədə çatacağıq.
"Azərbaycan" qəzeti,
15 sentyabr 2013-cü il |