Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ifadə olunmuşdur

 

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl filialın professor-müəllim heyəti və tələbələr Milli Parka gəlmiş, burada ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə tər çiçək dəstələri düzmüşlər.

 Yeni dərs ilinin başlanmasına və Bilik Gününə həsr olunmuş təntənəli tədbir Azərbaycan Respublikasının  Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra filialın direktoru,  professor Orucəli Rzayev çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə yaradılmış bu təhsil müəssisəsi az bir zaman kəsiyində diqqətəlayiq nəticələrə nail olmuşdur. 1000 nəfərədək məzunu olan filialda bu il 2 əlavə yeni ixtisas açılmış, qəbul planı 100 nəfərdən 150-yə qaldırılmış, tələbələr müxtəlif mövzularda keçirilən konfrans və müsabiqələrin qalibi olmuş,  məzunların bəziləri magistraturaya qəbul olunmuşdur. Hazırda filial üçün yüksək standartlara cavab verən yeni tədris binası tikilir. Bütün bu nailiyyətləri ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təhsilə göstərdiyi  diqqət və qayğının təzahürü kimi qiymətləndirən natiq valideynlərə və tələbələrə öz ürək sözlərini çatdırmış, ləyaqətli gənc nəslin tərbiyəsində professor-müəllim heyətinə uğurlar arzulamışdır.

Sonra "Koroğlu" uvertürasının sədaları altında  filialın bayrağı qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələr tərəfindən meydana gətirilmişdir.

Sonra iki övladı bir vaxtda Zaqatala filialına qəbul olunmuş valideyn,  Balakən şəhər sakini İlqar Hüseynov belə xoşbəxtliyin yalnız bizim ölkədə yaşayan insanlara nəsib olduğunu  söyləyərək dövlət  başçısına minnətdarlığını ifadə etmişdir.

II kurs tələbəsi Rəqidə Məmmədovanın ifasında səslənən C.Novruzun sözlərinə bəstələnmiş "Tələbəlik illəri" mahnısı tədbirə toplaşanlara şirin duyğular bəxş etmiş, ürəklərdə xoş ovqat yaratmışdır.

Zaqatala Rayon Veteranlar Şurasının sədri Ənvər Kərimovun çıxışı maraqla qarşılanmışdır. Ağsaqqal nəsihəti, ziyalı sözü görüş iştirakçılarının uzun zaman yaddaşından silinməyəcəkdir.

Yüksək bal toplayan Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Əsbət Səxavət qızı fərəhinin və qürurunun  həddi-hüdudu olmadığını dilə gətirərək bu günü həyatının ən xoşbəxt anı kimi qiymətləndirmişdir. Söz  vermişdir ki, müstəqil ölkənin layiqli vətəndaşı adını daşımaq üçün elmin sirlərinə daha dərindən yiyələnməyə səy göstərəcəkdir.

Pedaqoji fakültənin dekanı Xəzəngül Babayeva bayram sevincinin təəssüratlarını tədbirə toplaşanlarla bölüşərək təlim-tərbiyənin uğurla və səmərəli aparılacağına hər kəsi əmin etmişdir.

Filialın direktoru, professor O.Rzayev yüksək balla qəbul olunmuş tələbələrin böyük bir qrupuna tələbə bileti vermiş və  ümummilli lider Heydər Əliyevə  həsr olunmuş "Şəxsiyyətin qüdrəti" kitablarını təqdim etmişdir. 

Fərid ƏZİMOV,
AMİ Zaqatala filialı pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov