Sentyabrın
16-da Bakıdakı Heydər Əliyev adına liseydə Bilik Günü
münasibətilə tədbir keçirilmişdir. Tədbirdə liseyin
müəllim-şagird kollektivi ilə yanaşı valideynlər, KİV
nümayəndələri
iştirak etmişlər. Öncə Azərbaycan Respublikasının Dövlət
himninin sədaları altında Dövlət bayrağı səhnəyə
gətirilmişdir.
Tədbiri giriş sözü ilə liseyin direktoru, əməkdar
müəllim Fikrət Xəlilov açaraq iştirakçıları yeni dərs
ilinin başlanması münasibətilə təbrik etmişdir.
Bildirilmişdir ki, respublikamızda əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları bu
gün ümummilli liderin layiqli davamçısı ölkə Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin
uğurlarının ilbəil daha da artdığını nəzərə çatdıran
F.Xəlilov qeyd etmişdir ki, hər il olduğu kimi,
2012-2013-cü tədris ilində də liseyin şagirdləri fənn
olimpiadalarının şəhər və respublika turlarında,
müxtəlif müsabiqə və yarışlarda uğurlu nəticələr əldə
edərək liseyin adını şərəflə daşımışlar. Ötən tədris
ilinin yekununda liseyin şagirdlərindən 9 nəfəri qızıl
medal almış və həmin şagirdlər qəbul imtahanlarında
yüksək nəticələr əldə edərək nüfuzlu ali təhsil
müəssisələrinə daxil olmuşlar. Liseyin məzunlarının
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
keçirilən qəbul imtahanlarındakı uğurlarından söz açan
F.Xəlilov nəzərə çatdırmışdır ki, 117 nəfər ali
məktəblərə qəbul olunmuşdur ki, onlardan 6-sı 650-dən,
15-i 600-dən, 19-u isə 500-dən çox bal toplamışlar.
Liseyin şagirdlərinin əldə etdiyi uğurlarda pedaqoji
kollektivin böyük əməyi olduğunu qeyd edən direktor
bildirmişdir ki, ötən tədris ilində Təhsil Nazirliyi
tərəfindən liseyin müəllimlərindən 6 nəfəri "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə,
7 nəfəri isə fəxri fərmanla təltif olunmuşdur. F.Xəlilov
liseyə ilk dəfə qədəm qoyan birinciləri təbrik edərək
onlara təhsil aldıqları liseyin adını şərəflə daşımağı
və gələcəkdə ölkəmiz üçün layiqli vətəndaş - bacarıqlı
mütəxəssis olmağı tövsiyə etmişdir.
Tədbirdə çıxış edən valideynlər ümummilli lider Heydər
Əliyevin adını daşıyan liseyin respublikamızda ən
nüfuzlu təhsil ocaqlarından biri olduğunu və
övladlarının həmin liseydə təhsil alacaqları üçün qürur
hissi keçirdiklərini bildirmişlər.
Tədbirin sonunda birincilərin ifasında müxtəlif şeirlər,
mahnılar səsləndirilmiş və təntənəli şəkildə yeni tədris
ilinin ilk zəngi çalınmışdır.
Niyazi RƏHİMOV |