Sentyabrın
16-sı - yeni tədris ilinin başlandığı gün Bakı
şəhərindəki Fikrət Tağıyev adına 72 nömrəli
məktəb-liseydə də qələbəlik idi. Bu gün hamıdan çox
sevinən isə məktəbə ilk addımlarını atan körpələr,
onların valideynləri idi. Axı dəcəl uşaqlıq vərdişlərini
arxada qoyaraq elmin sirlərinə yiyələnmək üçün təhsil
ocaqlarına üz tutan şagirdləri sevimli, mehriban sinif
müəllimləri gözləyirdi. Məktəbin 1 "B" sinif müəllimi
Zəhra Abbasovanın ilk dərsində olduq. Onun peşəkarlığı
və uşaqlarla səbrlə davranmağı diqqətimizi cəlb etdi.
Öyrəndik ki, Zəhra müəllim 30 ildən artıqdır
sevib-seçdiyi sənətinə bağlanıb, 20 ildir 72 nömrəli
məktəb-liseydə çalışır.
Uşaqları yeni dərs ilinin başlanması münasibətilə təbrik
edən sinif müəllimi bildirdi ki, dövlətimiz bu gün
təhsilin inkişafına hərtərəfli qayğı göstərir. Yeni dərs
ilində məktəbin ibtidai siniflər olan korpusu əsaslı
təmir edilmişdir. Sinif otaqları müxtəlif inventarlarla
təchiz olunmuşdur. Məktəbimizin də təhsil sahəsində
uğurları böyükdür. Məzunlarımızdan bir çoxu qəbul
imtahanlarında 600-dən yuxarı bal toplamışdır.
İlk zəng çalınır və dərs başlayır. Uşaqlar Vətənə, anaya
aid şeirlər söylədilər. Şagirdlərə istənilən mövzuda
rəsm çəkmək tapşırıldı. 27 şagirdin hər biri öz
dünyagörüşünə uyğun fərqli şəkillər çəkməyə başladı.
Həsən Yusifov, Aylin Qurbanova, Vasif Məmmədov və
başqalarının çəkdikləri şəkillərdə uşaq fantaziyasının
müxtəlif aspektləri əks olunmuşdu. Şəkillərin
əksəriyyətində sabaha, qurub-yaratmağa inam olan Günəş
şəkli üstünlük təşkil edirdi.
Dərs başa çatdıqdan sonra Z.Abbasova tapşırıqlarını
verib uşaqları evə buraxdı. Onları hələ qarşıda
neçə-neçə maraqlı anlar, yeni dostlar və tanışlıqlar
gözləyir. Şagirdlərdən isə bir şey tələb olunur:
müəllimlərin dediklərinə diqqətlə qulaq asıb, verilən
tapşırıqları vaxtında yerinə yetirmək, Vətənə, torpağa
bağlı ruhda tərbiyə olunmaq. Yalnız bu yolla müstəqil
dövlətimizin qurucuları sırasında yer almaq mümkündür.
İnanırıq ki, bu gün məktəbdə ilk kövrək addımlarını atan
şagirdlərin sırasından gələcəyin peşəkar zabitləri,
həkimləri, müəllimləri və digər peşə sahibləri çıxacaq.
Samirə DADAŞOVA |