Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Sumqayıt Dövlət Universitetinin tələbələri Türkiyədə istehsalat təcrübəsi keçiblər

 

Böyütmək üçün şəkili seçinSumqayıt Dövlət Universiteti, "Azərikimya" İstehsalat Birliyi və Petkim Petrokimya Holdinq A.Ş. tərəfindən imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna müvafiq olaraq, SDU-nun kimya və biologiya fakültəsinin kimya mühəndisliyi, ekologiya mühəndisliyi, kimya müəllimliyi və kimya ixtisaslarında  təhsil  alan  bir  qrup  tələbəsi  avqustun 12-dən sentyabrın 6-na kimi  Türkiyə  Cümhuriyyətinin İzmir şəhərində Petkim Petrokimya Holdinq A.Ş.-də istehsalat təcrübəsi keçib.

SDU-nun mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, dünyanın ən müasir kimya müəssisələrindən biri olan Petkim Petrokimya Holdinq A.Ş.-də təşkil olunan istehsalat təcrübəsi tələbələrin həm universitetdə aldıqları nəzəri biliklərin təcrübə yolu ilə daha da möhkəmləndirilməsi, həm də müasir qloballaşma dövründə dünyagörüşlərinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edib.

Petkim Petrokimya Holdinq A.Ş.-də istehsalat təcrübəsi olduqca yüksək səviyyədə təşkil olunub. Təcrübənin ilk iki günü ərzində müəssisənin yüksək ixtisaslı mütəxəssisləri İnsan qaynaqları və Petkim Akademiyasında tələbələrə müəssisə, onun strukturu, 16 əsas və 7 yardımçı fabriki, bu fabriklərdə istehsal olunan məhsullar və onların fiziki-kimyəvi xarakteristikaları, təhlükəsizlik texnikası tədbirləri və müəssisənin iş rejimi barədə ətraflı məlumatlar veriblər. İstehsalat təcrübəsinin üçüncü günündən başlayaraq tələbələr təcrübələrini ixtisasları üzrə müəssisənin bir sıra fabriklərində davam etdiriblər.

Təcrübə müddətində Petkim Petrokimya Holdinq A.Ş.-nin rəhbərliyində  çalışan azərbaycanlı mütəxəssislərlə tələbələrimizin görüşlərinin və həmin mütəxəssislərin faydalı məsləhətlərinin də gənclərin gələcək həyatlarında önəmli iz buraxacağı şübhəsizdir.

Petkim Petrokimya Holdinq A.Ş.-də tələbələrin asudə vaxtının səmərəli keçməsi üçün də yüksək səviyyədə hazırlıq təşkil olunub. Şənbə və bazar günləri İzmir şəhərinin və Türkiyənin Efes, Quşadası, Berqama, Cunda adası, Məryəm ana ziyarətgahı kimi tarixi və istirahət yerlərinə təşkil olunmuş səyahətlər tələbələrin marağına səbəb olub.

İstehsalat təcrübəsinin son günündə Petkim Akademiyasında təşkil olunmuş yığıncaqda tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub. Gələcəkdə qardaş Türkiyədə keçiriləcək istehsalat təcrübələrinin digər ixtisaslar üzrə təhsil alan tələbələrə də şamil edilməsi və tələbələrin sayının artırılması nəzərdə tutulur.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov