Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Heydər Əliyev adına tam orta məktəb

 

Uğurlu təhsillə gələcəyə doğru

Böyütmək üçün şəkili seçinMəktəb! Tarixin bütün zamanlarında insanların ömür yoluna işıq saçan məbəd, cəmiyyətin hərtərəfli inkişaf və tərəqqisinin başlandığı ünvan. Məktəb gənclərin fidan arzularının ilk çiçək açdığı nur bağçası, övladının gələcəyini müəllimlərə əmanət etmiş ata-anaların ümidgahı, "Ata yurdu", "Ana dili", "Gözəl Azərbaycan" kəlmələrini uşaq dünyasında əbədiləşdirən müqəddəs məkandır. 

İnsan həyatı o zaman mənalı olur ki, o xalqın xoşbəxtliyinə, ölkənin işıqlı gələcəyinə həsr edilir. Geniş dünyagörüşünə, dərin elmə və mədəni səviyyəyə malik olmadan isə bu mümkün deyil. Təhsilli gənclər öz ölkəsinə, xalqına faydalı olmağı, fədakar xidmətlər göstərməyi qarşılarına məqsəd qoyurlar. Gələcəkdə müstəqil Azərbaycanın qurucularının, xalqımızın ümummilli liderinin layiqli davamçılarının yetişdirildiyi Heydər Əliyev adına tam orta məktəb də həyata hazırladığı belə gənclərlə ölkəmizin təhsil məkanında öz yeri olan qabaqcıl təhsil ocaqlarından biridir.

Ulu öndərin adını daşıyan məktəbdə fəaliyyət göstərmək qürurverici olduğu qədər də məsuliyyətlidir. Çünki bu təhsil ocağının qarşısında ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının reallığa çevrilməsində öncül olmaq, əldə etdiyi nəticələrlə digərlərinə nümunə göstərmək vəzifəsi qoyulmuşdur. Heydər Əliyev adına tam orta məktəb uğurlu nəticələri ilə həmişə ön sıralarda olmuşdur. Bunu hər il olduğu kimi, bu il də məktəbin məzunlarının ürəkaçan nəticələri əsasında deyə bilirik.

Heydər Əliyev adına tam orta məktəbin uğurlarının əsasında bu təhsil ocağında təhsilə kompleks yanaşılması, pedaqoji kollektivin müasir təhsil sistemi qarşısında qoyulmuş tələbləri dərindən mənimsəməsi durur. Göstərilən qayğıya cavab olaraq müəllimlər keçilən dərslərin keyfiyyətinə diqqətlə yanaşır, şagirdlərin fənləri yeni tədris metodları əsasında mənimsəmələrinə çalışırlar. Müəllimlərimiz daim öz biliklərini artırmağı bir vəzifə kimi görür, pedaqoji və metodik təcrübələrinin genişlənməsinə səy göstərirlər. Məktəbin müəllimləri xarici ölkələrdə keçirilən kurslarda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi seminarlarda iştirak edir, məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər məktəblərinə göndərilir. Tədris prosesində ən yeni texnologiyalarla dərslər keçilməsi şagirdlərin gələcək müstəqil fəaliyyətlərində müasir dövrün tələblərinə daha tez uyğunlaşmasına indidən zəmin yaradır.

Müstəqil Azərbaycanın gələcəyi gənclərdir. Gələcəyimiz olan gənclərdə dövlətə, xalqa, milli dəyərlərə olan sevgi və ehtiramı formalaşdırmaq isə hər birimizin borcudur. Bu mühüm məsələdə ümummilli liderin adını daşıyan məktəbin də üzərinə böyük vəzifə düşür. Təkcə məktəbimizdə təhsil alan şagirdlərin deyil, bütövlükdə, gənc nəslin bu ruhda tərbiyə olunması müstəqil Azərbaycanın uğurlu gələcəyinə yönəlmiş vacib dövlətçilik xidmətidir. Bu mənada ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətləri arasında görmək və buna nail olmağın yalnız elm və təhsildən keçdiyini yaxşı dərk edirik. Görkəmli dövlət xadimi Heydər Əliyevin irsini bütün incəlikləri ilə gənclərə aşılamaq, onun kimi yaşamaq, onun kimi mübariz olub xalqına əzmlə xidmət etməyi öyrətmək bu gün ən ümdə vəzifəmizdir. Muxtar respublikamızın ictimai işlərində fəal iştirak edən məktəbin kollektivi ulu öndərin siyasi fəaliyyətinin, azərbaycançılıq ideyalarının fəal təbliğatçısı kimi üzərinə düşən vəzifəni yaxşı bilir. Bu, Naxçıvan Muxtar Respublikasının qabaqcıl təhsil ocağı kimi Heydər Əliyev adına tam orta məktəbin, bütövlükdə, cəmiyyətimiz qarşısında yerinə yetirdiyi ən böyük missiyadır.

Hər bir müəllimin, hər bir təhsil ocağının uğurlu fəaliyyəti ali məktəblərə qəbulun səviyyəsi, yetirdiyi intellektli gənclərlə ölçülür. Artıq bir neçə ildir ki, ölkəmizin ən qabaqcıl təhsil müəssisələri arasında yer tutan məktəbimizin məzunları bu il ali məktəblərə keçirilmiş qəbul imtahanlarında da yüksək nəticələr göstərmişlər. Bu il məktəbdən məzun olmuş 45 nəfərdən 43-nün ölkəmizin və Türkiyə Respublikasının nüfuzlu ali məktəblərinə qəbul olunması bütün kollektivi sevindirmişdir. Bu məzunlardan 10 nəfərinin 500-dən, 3 nəfərinin isə 600 baldan yuxarı nəticə göstərməsini xüsusilə qeyd etmək lazımdır.

Hər il olduğu kimi, bu il də məktəbimizin uğurları yüksək qiymətləndirilmişdir. 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrlə bu il avqustun 20-də keçirilən görüşdə Heydər Əliyev adına tam orta məktəbin 10 nəfər məzunu iştirak etmişdir. Bu görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin gənclərə xitabən dediyi "Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməli, daim azərbaycanlı olmağınızla fəxr etməlisiniz" sözləri ölkəmizdə insan resurslarının formalaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə muxtar respublikamızda verilən önəmin dərin mənalı ifadəsi və uğurlu təhsillə gələcəyə doğru addımlamağın yoludur. Çünki bu yol ulu öndər Heydər Əliyevin nümunəsində Azərbaycan naminə fədakarlıqla çalışmağın yoludur. 

Şəlalə CABBAROVA,
Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov