Şəmkir
rayonu Kür qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimi
də "Skype" vasitəsi ilə tədbirə qoşulub
Sentyabrın 9-10 tarixlərində Moskvada Rusiyanın Elm və
Təhsil Nazirliyi və Müasir Təlim Texnologiyaları
Mərkəzinin birgə təşəbbüsü ilə "Xarici ölkələrdə
rusdilli məktəblər" mövzusunda beynəlxalq elmi-praktik
konfrans keçirilib.
Tədbirdə Rusiyanın bir sıra vilayətlərindən və müxtəlif
respublikalardan ümumilikdə 300-dən çox təhsil işçisi,
həmçinin Almaniya və Azərbaycandan dəvət edilmiş xarici
ekspertlər iştirak ediblər.
Konfransın gedişi onlayn olaraq
centersot.net/videoconferences.html saytında canlı
yayımlanıb. Müzakirələrdə daha geniş iştirak üçün isə
Facebook sosial şəbəkəsində (facebook.com/centersot)
xüsusi səhifə yaradılmışdı.
Tədbirdə Müasir Təlim Texnologiyaları Mərkəzinin
rəhbəri Sergey Bulanov və digərləri çıxış edərək
konfransa dəvət olunan Azərbaycan və Almaniyadan gələn
müəllimlərin müzakirələrini maraqla dinlədiklərini,
ölkəmizdəki tolerantlığı ayrıca qeyd ediblər.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin
əlaqələndirmə Qrupunun məsləhətçisi, respublikanın
əməkdar müəllimi Almaz Həsrət məruzə ilə çıxış edib. O,
Azərbaycanda olan rusdilli məktəblər, rus dilində təhsil
alan şagirdlər və onların sayı barədə məlumat verib, rus
dilini tədris edən müəllimlərin iş fəaliyyəti və onların
təkmilləşməsi üçün dövlət tərəfindən daim təşkil olunan
treninq və kurslar haqqında danışıb. Almaz Həsrət
çıxışında onu da vurğulayıb ki, Azərbaycan həmişə
tolerant ölkə olub. Məhz buna görə də ölkəmizdə bütün
sahələrdə olduğu kimi, təhsil sahəsində də digər xarici
dillərin öyrənilməsinə diqqət və qayğı göstərilir.
Məruzəçi bu dillər arasında rus dilinin xüsusi yeri
olduğunu bildirib.
Konfransın ən maraqlı hissəsi isə onlayn olaraq
Azərbaycanın Şəmkir rayonu Kür qəsəbə 2 nömrəli tam orta
məktəbindən rus dili və ədəbiyyatı müəllimi Ruhiyyə
Rəfiyevanın "Skype" vasitəsi ilə tədbirə qoşulması olub.
R.Rəfiyeva dərs dediyi şagirdlərlə birlikdə
məktəblərində rus dilinin tədrisindən söz açıblar. Sonra
azərbaycanlı məktəblilər öz fikirlərini rus dilində
sərbəst şəkildə bildirərək şeir və mahnılar ifa
ediblər. Onlar həmçinin doğma təhsil ocaqlarının
şagirdləri ilə Rusiyada oxuyan məktəblilər arasında
əlaqələrin yaradılması təklifini irəli sürüblər.
Şagirdlərimizin fəallığı, yüksək səviyyədə çıxışları
konfrans iştirakçılarının çox xoşuna gəlib.
Konfransda daha sonra Almaniya və Rusiyanın təhsil
işçilərinin fikirləri dinlənilib. Azərbaycandan olan
müəllimlər - Yaqut Əzimzadənin (Milli Konservatoriyanın
tərkibində Respublika İncəsənət Gimnaziyasının ibtidai
sinif müəllimi), Laçın Nəbiyevanın (Bakıdakı 8 nömrəli
tam orta məktəbin rus bölməsi üzrə ibtidai sinif
müəllimi) çıxışları, eyni zamanda tədbirə Azərbaycandan
onlayn olaraq qoşulan müəllimlərimizin, xüsusilə də
Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət
Gimnaziyasının direktoru Mahizər Şabanbəyovanın mövzu
ilə bağlı fikir və mülahizələri tədbir iştirakçıları
tərəfindən müsbət dəyərləndirilib.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən
konfransın sonunda belə tədbirlərin bir sıra xarici
ölkələrdə davamlı olaraq təşkil edilməsi, həmçinin
rusdilli məktəblərin xaricdə vəziyyəti ilə bağlı
dəstəkləyici tədbirlərin həyata keçirilməsi üçün Rusiya
Elm və Təhsil Nazirliyi tərəfindən xarici ölkələrdə
rusdilli məktəblərdə tədrisin yaxşılaşdırılması üçün
tədbirlər planının hazırlanması və reallaşdırılması
təklifi qəbul olunub.
Samirə KƏRİMOVA |