Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

Vətənpərvərlik hissi ana dilinə sevgidən qaynaqlanır

 

Şagirdlərdə nitq mədəniyyətini necə inkişaf etdirməli?

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, milli dövlətçiliyimizin başlıca rəmzlərindən biridir. Ana dilimiz həm də milli məfkurəmizin, şüurumuzun və milli-mədəni dəyərlərimizin yaşamasını və inkişafını təmin edən qüdrətli bir vasitədir. Hər bir azərbaycanlı öz ana dilini sevir və onun dövlət dili kimi işlənməsindən böyük fəxarət hissi keçirir. Dilə məhəbbət həm də doğma vətənə, xalqa məhəbbətin, bağlılığın təzahürüdür.  Bu mənada dilə sevgi eyni zamanda vətənpərvərlik duyğusunun təcəssümüdür.

Ana dilinə məhəbbətin əsasında isə onu dərindən bilmək, mükəmməl nitq mədəniyyətinə yiyələnmək durur. Bu mədəniyyət, məlum olduğu kimi, ilk növbədə, məktəbdə formalaşdırılmalıdır.Təsadüfi deyil ki, son illər ölkəmizin ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatlarında şagirdlərin idraki, ilk növbədə təhlil, tətbiq və dəyərləndirmə bacarıqlarının, nitq və ünsiyyət mədəniyyətinin formalaşdırılması əsas hədəflərdən biri kimi götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda da qeyd olunmuşdur ki, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması dövrün əsas tələblərindən biri olaraq qalır. Bu baxımdan Dövlət Proqramının əsas vəzifələrindən biri dil və nitq mədəniyyətinin yüksəldilməsidir.

Fikrimizcə, bu gün şagirdlərdə dilimizə hörmət, nitq mədəniyyətinin aşılanması, özünü ifadə edə bilmək qabiliyyətinin inkişaf etdirilməsi ixtisasından asılı olmayaraq bütün müəllimlər üçün həm başlıca vəzifə, həm də şərəf işi olmalıdır. Lakin bu işdə əsas ağırlıq ibtidai sinif və Azərbaycan dili-ədəbiyyat müəllimlərinin üzərinə düşür.

Bütün bunları nəzərə alaraq mən şagirdlərdə dilimizə məhəbbət hissinin artırılmasına, onların nitq və ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirəm.

Məlum olduğu kimi, uşağın nitqinin inkişafı üç istiqamətdə gedir. Birinci istiqamət uşağın söz ehtiyatının get-gedə zənginləşməsi, yeni sözlər öyrənib bu sözlərdən istifadə etməsini təşkil edir.

İkinci istiqamət nitqin fonetik cəhətdən inkişaf etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək bacarığının inkişaf etdirilməsidir. Bu bir tərəfdən səsləri düzgün eşitmək, digər tərəfdən isə düz tələffüz etməkdə ifadə olunur.

Üçüncü istiqamət isə uşağın nitqinin getdikcə təkmilləşdirilməsini əhatə edir.

Məktəbə daxil olmaqla uşağın nitqində böyük dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində I sinif şagirdinin təxminən 3500-4000 söz ehtiyatı olursa, IV sinifdə söz ehtiyatı artaraq 5000 sözə çatır. Bütün bunlar, əlbəttə, aparılan tədris, təlim-tərbiyə işləri nəticəsində baş verir. Uşağın yaxşı, sərbəst, zəngin, ifadəli nitqə yiyələnməsi üçün müəllim bu istiqamətlərin üçünə də ciddi diqqət yetirməlidir. Lakin təcrübədə bəzən bunun əksinə rast gəlinir. Belə ki, müəllimlər çox vaxt uşaqlarla söz ehtiyatını artırması istiqamətində iş aparır, onlarda nitqin məzmunluluğuna, anlaşıqlı, rəvan, ifadəli olmasına o qədər də fikir vermirlər. Bu isə məsələyə birtərəfli yanaşma olub uşaqlarda nitqin inkişafına o qədər də müsbət təsir göstərmir. Uşağın nitqini inkişaf etdirmək üçün hər şeydən əvvəl onlara səsləri və sözləri düzgün tələffüz etmək bacarığı aşılamaq lazımdır. Bu, düzgün nitqin əsas əlamətlərindən biridir. Səsləri və sözləri düzgün ifadə etməyən adamın söz ehtiyatı nə qədər zəngin olsa da və o, qrammatik cəhətdən nə qədər mükəmməl danışsa da nitqi aydın olmayacaqdır. Nitqin aydınlığı düzgün nitqə verilən əsas tələblərdən olduğu üçün müəllim hələ kiçik yaşlardan uşaqlarda nitqin fonetik cəhətini, səsləri və sözləri düzgün tələffüz etmək vərdişlərini inkişaf etdirməlidir. Ona görə də şagirdlərdə nitqin inkişafı üzrə iş apararkən bu cəhətə xüsusi diqqət yetirirəm. Təbii ki, hər bir uşağın öz fərdi xüsusiyyətləri olduğu kimi, ailədən gələn irsi qabiliyyətləri və qavraması da burada əsas rol oynayır.

Ünsiyyət mədəniyyəti başlıca olaraq nitq əsasında yaranıb formalaşır. Eyni zamanda ünsiyyət mədəniyyətinin inkişafı bilavasitə uşaqlarda dil və intellektin formalaşması ilə paralel gedir və biri digərinin inkişafını şərtləndirir. Təcrübə göstərir ki, uşaqlarla ünsiyyətdə yetərli dərəcədə sərbəstliyə önəm verilərsə, bu zaman uşaqların özünü ifadə etməsi kifayət qədər qabarıq şəkildə büruzə verir.

Nitqin fonetik cəhəti inkişaf etdirilərkən üç cəhətə xüsusi fikir verilməlidir. Birincisi, uşaqlar ana dilinin bütün səslərini və sözlərini düzgün tələffüz etməyi öyrənməlidirlər. Bunun üçün bir sıra yollar vardır. Bu yollardan birincisi uşaqlara tərkibində tələffüzü çətin olan sözləri seçmək və təkrar etdirməkdən ibarətdir. Nitqin fonetik cəhətini inkişaf etdirməkdə önəmli məsələlərdən biri də uşağın tələffüz ediləcək səsləri düzgün eşidə bilməsidir. Uşaq bir-birinə yaxın olan səsləri, sözləri fərqləndirməyi və aydın qavramağı bacarmalıdır.

Nitqin inkişafı istiqamətində aparılan belə işlər gələcəkdə məktəblilərin şifahi və yazılı nitqinin formalaşmasına müsbət təsir göstərir, onlar savadlı nitqə yiyələnirlər.

Şagirdlərin nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərən cəhətlərdən biri də verilən hər hansı bir tapşırığın onlar tərəfindən şifahi olaraq ifadə olunmasıdır. Bu zaman şagirdlərdə nitqin ardıcıllığı, məntiqliyi formalaşır. Ədəbi əsərlərin təhlili, hər hansı bir hadisənin, əhvalatın məntiqi ardıcıllıqla təsvir olunması da şagirdlərdə, xüsusən yuxarı siniflərdə, nitq mədəniyyətinin formalaşmasına müsbət təsir göstərir.

Dərs zamanı öz fikirlərini ifadə etmək üçün şagirdə verilən sərbəstlik də onların nitq mədəniyyətinin formalaşmasına önəmli təsir göstərir.

Bu zaman şagird öz intellektini ifadə etmək üçün  istənilən formanı seçə bilir. 

Günay HACIYEVA,
Bakıdakı R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov