Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Sentyabr 2013 - №37

 

"Yarışlarda qızıl medal qazananda müəllimlərim məndən də çox sevinirdilər"

 

Müsahibimiz Avropa çempionu, idman ustası Səbirə Əliyevadır

Azərbaycanda idman inkişaf etdikcə idmançılarımız da hər il  beynəlxalq turnirlərdə yüzlərlə medal qazanırlar. Respublikamızda  idman  artıq ictimai həyatın mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi də idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Ötən illər ölkənin idman həyatında bir çox uğurlarla yadda qalmışdır. Azərbaycan mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilmiş, bir çox beynəlxalq turnirlərə ev sahibliyi etmişdir. Ölkəmizdə keçirilmiş böyük idman tədbirlərindən biri də 2012-ci  ilin may ayına təsadüf etdi - Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq Qran-pri turniri keçirildi.

Ötən ilin digər ən əlamətdar idman hadisələrindən biri də paytaxtımızın yeniyetmələr arasında güləş üzrə dünya çempionatına ev sahibliyi etməsi oldu. Avqustun 21-27-də keçirilmiş dünya çempionatına dünyanın 41 ölkəsindən 850-dək idmançı qatılmışdı. Turnirin nəticələri yeniyetmə pəhləvanlarımız üçün uğurlu oldu. Turnirə sərbəst güləşçilərin mübarizəsi ilə start verildi.

Dünya çempionatının növbəti günündə qadın güləşçilər xalça üstünə çıxdılar. Təmsilçimiz Səbirə Əliyeva (70 kq) dünya çempionatının qızıl medalına sahib oldu.  Qadın güləşçilərimiz dünya çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazanaraq ümumi komanda hesabında dördüncü yeri tutdular.

Beləliklə, dünya çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla cəmi 19 medal qazanmış yeniyetmə güləşçilərimiz ümidləri doğrultdular. Keçən il sentyabrın 22-dən oktyabrın 13-dək bütün dünyanın diqqəti yenə də Azərbaycana yönəlmişdi. Azərbaycan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa və Almaniya milli komandalarının qatıldığı FİFA U-17 qadınlararası dünya çempionatı ölkəmizdə keçirildi.

"FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" ölkəmizi dünyada tanıtmaq üçün növbəti fürsət oldu.

Məlumat üçün qeyd edək ki, "DÇ-2012" FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk böyük turnir və Avropada təşkil olunan ilk U-17 qadınlararası dünya çempionatı idi.  Beləliklə, U-17 qadınlararası dünya çempionatını yüksək səviyyədə keçirməklə Azərbaycan bir daha sübut etdi ki, mötəbər idman yarışlarını qəbul etməyə qadirdir.

Ötən il sentyabr ayının 21-23-də Bakıda daha bir beynəlxalq idman yarışı keçirildi. Paytaxtımız ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinə ev sahibliyi etdi.

Avropa çempionu Səbirə Əliyevanın idman bioqrafiyasından

Böyütmək üçün şəkili seçin2012-ci ilin avqust ayının 21-27-də Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirildi. 41 ölkədən 850 idmançının iştirak etdiyi dünya çempionatının dördüncü günü 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırdılar. Çempionatda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Səbirə Əliyeva ilk görüşünü Mariya Yeroşkinaya (Rusiya) qarşı keçirdi. Hər iki hissədə qalib gələn güləşçimiz 1/4 finala yüksəldi.

Bakıda yeniyetmələr arasında güləş üzrə dünya çempionatı keçirilərkən Azərbaycan idmançısı Səbirə Əliyeva 70 kq çəki dərəcəsində yarımfinalda Macarıstan güləşçisi Yeva Mariya Nemetə qalib gələrək finala çıxdı, finalda İsveç güləşçisi Moa Lena Maria Nigreni məğlub edərək dünya çempionu oldu.

Səbirə Əliyeva 1/8 finalda macar idmançısı Zsanet Nemethdən (8:1) üstün olub. 1/4 finalda güləşçimiz serbiyalı Una Svetlana Tubanı da tam üstünlüklə (7:0) məğlub edib. Yarımfinalda o, yapon Rino Abe ilə gərgin keçən qarşılaşmada məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Veronika Pavlyuk üzərində təmiz qələbə (5:0) qazanıb.

2013-cü il iyul ayının 5-də Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı keçirildi. 72 kiloqram çəki dərəcəsində 1/4 finaldan mübarizəyə qoşulmuş gənc güləşçimiz Səbirə Əliyeva Ukrayna təmsilçisi Lyudmila Tiçinanı (9:1) məğlub edərək yarımfinala vəsiqə qazandı. Polşa güləşçisi Anna Urbanoviçlə görüşən təmsilçimiz rəqibi üzərində tam üstünlüklə qələbə qazanaraq finala yüksəldi. Cəmi bir dəqiqə səkkiz saniyə davam edən həlledici final  görüşündə rəqibi - macar güləşçisi Zsanet Nemeth üzərində  tam üstünlüklə (5:0) qələbə qazanan Səbirə Əliyeva Avropa çempionu oldu və qızıl medal qazandı.

Yarışları 2 qızıl medalla tamamlayan gənc qızlarımız ümumilikdə komanda hesabında  4-cü pillədə qərarlaşmışlar. Azərbaycanın gənc qızlardan ibarət komandası Avropa çempionatında 2 qızıl medal qazanan yeganə komandadır. Digər komandaların hər birinin aktivində isə cəmi 1 qızıl medalı var. Azərbaycan güləşçisi Səbirə Əliyeva dünya çempionatının 1/4 final mərhələsinə yüksəldi.

 

- Səbirə xanım, uşaqlığınıza qısa səyahət edək...

- Xəzərin sahilində, Buzovna qəsəbəsində böyümüşəm. Sentyabrın 25-də  18 yaşım tamam oldu. Atam Əliyev Allahverdinin nəsli-kökü buzovnalıdır. Anam isə milliyyətcə rusdur.

Buzovnadakı 125 nömrəli orta məktəbin məzunlarındanam. Həlledici yarışlara hazırlaşdığımdan məşqlərdən imkan tapıb ali məktəbə sənəd verə bilmədim. Arzum İdman Akademiyasında təhsil almaqdır. İnşallah, inanıram ki, gələn tədris ilində imtahanlara hazırlaşıb tələbə adını qazanacağam.

Böyütmək üçün şəkili seçinAilədə altı uşaq - üç bacı, üç qardaş idik. Məndən böyük iki bacım var. İranə  Memarlıq və İnşaat Kollecinin məzunudur, Gülanə isə Bakı Dövlət Universitetində təhsil alır. Qardaşımın birini - Daşqını xəstəlik 17 yaşında bizdən ayırdı. Dadaşla İsa isə məndən kiçikdirlər.

- İdmana özünüz üz tutdunuz, yoxsa?

- İdmana gəlişim həm öz istəyimlə, həm də atama görə oldu. Atam çox arzulayırdı ki, mən idmançı olum. Əvvəllər maraq xatirinə məşğul olurdum.  2010-cu ildən isə həyatımı həmişəlik idmana bağlamağı qət etdim və peşəkar idmana üz tutdum. O vaxt doqquzuncu sinfə yenicə keçmişdim. Başladım sərbəst güləşlə məşğul olmağa. İdman taleyim uğurla başladı. Elə həmin il, yəni 2010-cu ildə yeniyetmələr arasında keçirilən çempionatda qalib oldum. Mən onda Uşaq-Gənclər İdman Məktəbini təmsil edirdim. Bu ildən sərbəst güləş üzrə qadınlararası milli yığma komandamızda məşq edirəm. 2012-ci il avqustun 24-də mən yeniyetmələr arasında Bakıda keçirilən dünya çempionatının qalibi  oldum. Həmin çempionatda birinci yeri tutub diplom və medal qazandım.

2013-cü il iyulun 5-də Makedoniyanın Skopye şəhərində gənclər arasında keçirilən Avropa çempionatında qalib oldum və qızıl medal qazandım. Bu yaxınlarda 13-18 avqust tarixlərində isə Bolqarıstanın Sofiya şəhərində keçirilən çempionatda isə bürünc medalın sahibi oldum.

- Beynəlxalq yarışlarda ədalətsizliklə qarşılaşdığınız hallar olurmu?

- Bəzən olur. Ancaq   texniki baxımdan yanaşdıqda  öz səhvlərim də olur. Əvvəlcədən rəqibimə düzgun yanaşmalıyam.

- İdmançıların həyatında məşqçilərin yeri?

- Şəxsi məşqçim olimpiya dərəcəli hakim,  "Qızıl fit" sahibi, "Şöhrət" ordenli Hicran Şərifovdur. O, iki ildir ki, mənimlə məşğul olur. Yığma komandada isə baş məşqçimiz Həsrət Məmmədyarov və məşqçimiz Arif Fərmanovdur. Məşqçilər bizə çox şey öyrədirlər. Onlar güləşməyin, döyüşməyin fəndlərini öyrətməklə yanaşı, həm də mənəvi-psixoloji cəhətdən də bizi qələbəyə  hazırlayırlar. Başa salırlar ki, özümüzü necə aparmalıyıq, insanlarla necə davranmalıyıq. Təbii ki, yarışlar zamanı daha çox məşqçilərimin tövsiyələri qulağımda səslənir.

- İdmandan başqa daha hansı məşğuliyyətiniz var?

- İdmandan başqa heç nəyə vaxt sərf etmirəm. Ancaq idman karyeram barədə düşünürəm. İstəyirəm həyatda böyük nailiyyətlərim olsun, arzularımın hamısını həyata keçirim, sonra ailə həyatı barədə düşünərəm. Sözsüz ki, insan həyatında ailənin də rolu çox önəmlidir.

Ailədə ən çox söhbətim anamla tutur, amma peşəmlə bağlı hər sözümü, hər fikrimi atamla bölüşürəm.

Anam əslən Leninqraddandır. İyirmi üç il əvvəl Bakıya istirahətə gəliblərmiş. Bir təsadüf nəticəsində atamla rastlaşıblar... anam o qalan qalıb Bakıda. Buranı özünə Vətən seçib.

Anam bizim hamımızın Azərbaycan bölməsində oxumağımızı istədi ki, özü də bizim vasitəmizlə qüsursuz danışmağı öyrənsin. İndi sərbəst danışır. Anamın ən böyük arzusu məni həkim peşəsində görmək idi. Amma mən atamın sözünü yerə sala bilməzdim axı... İndi qələbələrim artdıqca ailəm də, anam da, hətta qohum-qonşularım da sevinir.

- Orta məktəbin son zəngindən çox keçməyib...

- Məktəbdən ən çox yadımda qalan odur ki, 11-ci sinifdə oxuyanda hərdən dərslərə gecikirdim. Özüm yaşayırdım Buzovnada, məşqə gedirdim şəhərə, sonra yenə qayıdırdım Buzovnadakı məktəbə. Hər gecikəndə müəllimlərim məni danlayırdılar. Ancaq mən yarışlarda qızıl medal qazananda müəllimlərim məndən də çox sevinirdilər. İndi idmana o qədər bağlıyam ki, bir gün məşq etməyəndə düşünürəm ki,  nə isə itirdim. Sanki idmanla nəfəs alıram.

- Yarışda qalib gəlməyin ən vacib şərti...

- Ən vacib şərt  odur ki, iradəli olmaq lazımdır. Qələbəyə aparan yolda  tədbirli olmaq, tələsməmək tələb olunur. Rejimə, qidalanmaya  ciddi fikir vermək lazımdır. Özünü cəmiyyət içində necə aparmaq, davranış qaydalarına əməl etmək də idmançı üçün vacib şərtlərdəndir.

- Özünüzü necə xarakterizə edərdiniz?

- Təbiətən çox sadəyəm. Daş-qaşa, bər-bəzəyə meyilli deyiləm. İdmançının onsuz da vaxt qıtlığı hər zaman var. Düşünürəm ki, kənar nəyəsə sərf etdiyim vaxtımı məşqə həsr edərəm. Məktəb illərimdə hətta sinif yoldaşlarımın ad günlərinə və yaxud hər hansı bir məşqdən kənar tədbirlərə də vaxt ayırıb getməmişəm.

- Orta məktəbdə tədris edilən fənlərdən sevdiyiniz hansı idi?

- Hər zaman ədəbiyyatı, klassiklərimizi sevmişəm. Uşaq vaxtlarımdan şeir oxumağın, qəzəl əzbərləməyin həvəskarıyam. Hərdən öz-özümə düşünürəm ki, idmançı olmasaydım, yəqin ki, şair olardım. Hətta bir-iki dəfə şeir yazmağa cəhd də etmişəm.

Anam rus olduğundan təbii ki, rusca da bilirəm. Rus yazıçıları barədə məlumatlıyam. Amma Azəri qızı olduğuma görə, məni Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti, Azərbaycan musiqisi həmişə daha çox çəkir özünə. Öz xalqıma, öz vətənimə daha çox bağlıyam. Nizami Gəncəvinin, Mirzə Ələkbər Sabirin əsərlərini dönə-dönə oxuyuram.

- İdealınız kimdir?

- Deyirlər həyatda ideal insan  yoxdur.  Amma mən bu fikirlə razı deyiləm. Mənim ailəm mənim idealımdır. İdman isə mənim yaşam tərzimdir. İdmanı seçməkdə heç də peşman deyiləm. Peşəkar idmançılardan  Avropa çempionu Sona Əhmədli həm insani, həm də idmançı keyfiyyətləri ilə çox fərqli bir xanımdır. O, artıq idmanı tərk etsə də, onu özümə örnək sayıram.

- Qarşıda sizi nələr gözləyir?

- Qarşıda həlledici yarışları gözləyirəm. Gənc idmançı sayılsam da, böyüklərlə  məşq etdiyim üçün özümü daha məsuliyyətli hiss edirəm. Bu ilin noyabr ayında Bakıda ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə həsr edilmiş turnir keçiriləcək. Mən də özümü o mötəbər yarışda sınamaq və qələbə qazanmaq istəyirəm.

Dünya çempionatından sonra hələ ki, özümə bir qədər istirahət vermişəm. Çünki idmançı nə qədər ehtiyatlı olsa da, zədələr idmançının bir növ  yol yoldaşıdır. Zədələr qaçılmazdır. İdmançıların əksəriyyəti bel ağrılarından əziyyət çəkirlər. Bu, bir növ peşə xəstəliyi kimi bir şeydir. Məşq  zamanı idmançı nə geyindiyinə fikir verməlidir, xüsusən qadın idmançılar heç bir əlavə aksessuar daşımamalı, ehtiyatlı olmalıdırlar ki, əsl döyüşdə səhvə yol verməsinlər.

- Arzularınız?

- Gələcək arzum 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına qatılmaq, orada vətənimizi layiqincə təmsil etməkdir.

- Ailənizdə idmançı varmı?

- Atamın qohumlarından - əmisi karate ilə, əmisinin oğlanları isə idmanın müxtəlif növləri ilə məşğul olublar. Ancaq peşəkar yox, həvəskar səviyyədə.

- Bu adı sizə kim verib?

- Atam. Səbirə onun anasının adı olub. Dünyasını erkən dəyişib. Atam da öz anasının adını  mənə  verib. Bəlkə də atamın mənə bu qədər bağlanmağının bir səbəbi də anasının adını daşımağımdır.

- Güləşçi olduğunuza görə sizi qınayan çox olub, yoxsa təqdir edən?

- Düzünü desəm, qınayan daha çox idi. Onu da deyim ki, qələbələrim artdıqca, əvvəllər məni qınayanların əksəriyyətindən: "Səbirə, biz səninlə fəxr edirik"  sözlərini də çox eşitdim.  Qələbə hissi o qədər qürurverici bir hissdir ki, onu dadmayan, o hissi yaşamayan kimsə qələbə barədə danışa bilməz. Mən niyə güləşirəm? Qələbə qazanmaq üçün. Qələbə qazanmaq istəyirəm ki, ölkəmi beynəlxalq aləmdə tanıdım.

Bu il iyunun 4-də mənə, hələ 18 yaşı tamam olmayan bir qıza  "İdman ustası" adını verdilər. Bu, mənim üçün çox şərəfli bir addır.

Bu gün bizim torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altındadır. Mən arzu edirəm ki,  rəqiblərimizi döşək üzərində təmiz qələbə ilə məğlub etdiyimiz kimi,  düşmən üzərində də eləcə təmiz  qələbə çalaq. Respublikamızın indiki durumunda hər kəs vətənin azadlığı barədə gücü çatan işi görməlidir. Hətta mən hərbi xidmətə yollanmaq arzusunu da yaşadıram ürəyimdə. Mən idmanı da sırf hamıya sübut etmək üçün  seçdim ki, görsünlər ki, Azərbaycan pəhləvanı aslan kimidir. Güləşmək özü də vuruşmaq deməkdir. Tanımadığım rəqibi məğlub edirəmsə, düşməni də məğlub edə bilərəm. Mən qadınlar arasında ən ağır çəkidə - 72 kiloqram çəki dərəcəsində güləşirəm.

- Bugünkü gəncliyə nə sözünüz var?

- Mən gənclərimizə tövsiyə edərdim ki, asudə vaxtları varsa, onu idmana sərf etsinlər. İdman sağlamlığın rəhnidir. Bu yaxınlarda güləşi olimpiya oyunlarından çıxartmaq istəyirdilər. Yaxşı ki, çıxartmadılar.

Beynəlxalq yarışlarda qələbə qazanan idmançıların şərəfinə Dövlət bayrağı qaldırılır. Təkcə bu detal idmanın necə böyük önəm daşıdığını bir  daha isbata yetirir.  

Hazırladı: Ellada UMUDLU 

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov