Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Oktyabr 2013 - №38

 

Qalib gəlməyim məktəbimizin digər müəllimlərini də müsabiqəyə qoşulmağa sövq edib

 

O kimdir - şərəfli ömür yaşayır?

O kimdir - əsəri gənclik və gələcəkdir?

O kimdir - təhsil prosesinin əsas simasıdır?

O, müəllimdir.

Bu meyarlar peşəmi seçdiyim gündən etibarən atdığım hər addımda məni önə istiqamətləndirən və yönəldən bir mayak olub.

Mən, Məmmədova Kəmalə Cahangir qızı 1979-cu ildə Fizuli rayonunda anadan olmuşam. Fizuli rayonunun işğalından sonra orta təhsilimi 250 nömrəli tam orta məktəbdə davam etdirmişəm.

2000-ci ildə BDU-nun filologiya fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişəm. Əmək fəaliyyətinə 250 nömrəli tam orta məktəbdə başlamışam. 17 il bundan əvvəl məzunu olduğum məktəbin hazırda Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.

Müəllim necə olmalıdır?

Müəllimin qarşısında hansı vəzifələr və tələblər durur?

Mən bir müəllim kimi bu tələblərin öhdəsindən gələ bilirəmmi?

Mənim bir müəllim kimi fəaliyyətimi necə qiymətləndirmək olar?

Bu sualları özümə hər gün verirəm. Suallarıma cavab tapa bilmədiyim gün özümü qiymətləndirmirəm. O an mənim sükunət anımdı.

Bu gün bir müəllim kimi mənim tədqiqat obyektlərim təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası, dövlət proqramları və digər normativ sənədlərlə yanaşı, milli və xarici təhsil resurslarıdır.

Müəllim yaradıcı, tədqiqatçı, fasilitator, psixoloq, novator, innovativ olmalıdır. Bu gün müəllimin qarşısında çox böyük vəzifə və tələblər durur. O, kurslarda, treninqlərdə, seminarlarda, konfranslarda, layihələrdə,  KİV-də fəal iştirak etməlidir. Mükəmməl  İKT  bacarığına malik olmaq, istedadlı şagirdlərlə işi və təlim-tərbiyəni düzgün qurmaq, mütəmadi olaraq nümunəvi dərslər təşkil etmək, qəbul göstəricilərinə və valideyn-müəllim münasibətlərinə xüsusi yer ayırmaq, məktəbin ictimai həyatında və sinifdənxaric-məktəbdənkənar tədbirlərin təşkilində fəal olmaq, həmkarlarla təcrübə mübadiləsi - qarşılıqlı əməkdaşlığı önə çəkmək və digər vacib göstəricilərə malik olmaq, mütəmadi olaraq təhsil islahatları sahəsində dövlət siyasətini əks etdirən sənədləri izləmək, fənn kurikulumları və fəal təlim üsulları ilə işləmək, gündəlik pedaqoji fəaliyyəti planlaşdırmaq bu günün müəlliminin əsas meyarları olmalıdır.

Mən ötən dərs ilinin əvvəlində bu meyar və öhdəlikləri gündəlik fəaliyyətimin ana xəttinə çevirdikdən sonra "Ən yaxşı müəllim" müsabiqəsinə qatılmağa qərar verdim. Müsabiqə 3 mərhələni əhatə edirdi. I mərhələdə (sənədlərin qiymətləndirilməsi) - 2,5, II mərhələdə (pedaqoji qabiliyyət) - 9,5, III mərhələdə (özünü təqdimetmə) - 9.8, ümumilikdə 21,8 bal topladım. Müsabiqənin bütün mərhələləri şəffaf, yüksək səviyyədə keçdi.

Müsabiqədə müəllimə qoyulan tələblər  iş stajının,  əlavə təhsilin, təcrübə mübadiləsi və ölkəxarici treninqlərdə  iştirakın,  təlimçi kimi fəaliyyətin, pedaqoji mühazirələr  və  elmi-təcrübi konfranslarda  çıxışların, kütləvi informasiya vasitələrində nəşrlərin,  şagird nailiyyətlərinin, müəllim  təltiflərinin, qabaqcıl təcrübənin, İKT bacarıqlarının, pedaqoji  fəaliyyətin qiymətləndirilməsinin və müəllim üçün zəruri olan digər göstəricilərin olması idi.

Mən Nizami rayonu 250 nömrəli tam orta məktəbdən ilk müəlliməm ki,  bu müsabiqəyə qoşulmuşdum və bu gün fəxrlə deyə bilərəm ki, qaliblərdən biriyəm. Bu gün mənim qalibiyyətim məktəbimizin digər müəllimlərinin də müsabiqəyə qoşulmasına stimul verir. Mən hörmətli Prezidentimiz İlham Əliyevə biz müəllimlərə göstərdiyi yüksək diqqət və qayğıya görə öz dərin minnətdarlığımı bildirirəm. Təhsil naziri Mikayıl Cabbarov başda olmaqla, bu müsabiqənin bütün təşkilatçılarına da obyektiv və şəffaf seçim mühiti yaratdıqlarına görə təşəkkür edir və onları verdikləri qiymətə layiq olacağıma əmin edirəm.  

Kəmalə MƏMMƏDOVA,
Bakıdakı 250 nömrəli tam orta məktəbin müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov