Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Oktyabr 2013 - №39

 

"Məktəbli avtobusları" orta təhsil müəssisələrinə niyə lazımdır?

 

Mütəxəssislərin fikrincə bu, tədrisin keyfiyyətinə müsbət təsir edə bilər. 

Məktəbin xüsusi  nəqliyyatının mövcud olmasının təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillər sırasında əsas yerlərdən birini tutduğu və belə bir mövzunun ictimai müzakirələrdən kənarda qaldığını nəzərə alaraq problemə toxunulmasını vacib hesab etdik. Məktəb həyatı uşağa təsir edən ən mühüm sosiallaşdırma institutlarından biridir və bu təsir ailənin, məktəbdənkənar mühitin və digər sosial mühitlərin təsiri ilə tamamlanır.  

Sosiallaşma prosesini pozan amillər əsasən məktəbin qeyri-müvəffəq faktorlarının təsiri və şəraiti ilə bağlı olur ki, bunun da əsasında rahatlıq və komfort tələbatı dayanır. Müasir avadanlıq, ən yeni informasiya texnologiyaları və yüksək ixtisaslı kadrlarla təmin olunmuş müasir Azərbaycan məktəblərində bu tələbatı tamamlayacaq yenilik məktəbli nəqliyyatına ehtiyac olan orta təhsil müəssisələrinə bu işdə lazımi köməyin göstərilməsidir. Ölkəmizdə bəzi özəl məktəblərin avtobusları var, lakin bu geniş vüsət almayıb. "Məktəbli avtobusları"nı bələdiyyələrin imkanları hesabına təşkil etmək məqsədəuyğun olardı. Bu ideya yeni deyil, bir çox dövlətlər artıq bu imkandan geniş istifadə edirlər və bu cür tətbiqolunmalar təhsil sahəsində kompleks islahatlar həyata keçirilərkən sosial sifarişin bir hissəsi hesab edilir.

Məktəbli nəqliyyatının yaradılması ideyası mühərrikin ixtirası və avtomobil sənayesinin inkişafı ilə eyni dövrə təsadüf etdiyindən bunu inkişaf etmiş ölkələr üçün yenilik hesab etmək olmaz, baxmayaraq ki, Hindistan, Banqladeş, Kolumbiya, Estoniya və s. kimi inkişaf etməkdə olan dövlətlər artıq çoxdan bu praktikadan istifadə edirlər. Məsələn, belə avtobuslar Avstraliyanın bəzi əyalətləri üçün yararlı deyil. Çünki burada dərslər distant formada keçilir ki, bu da şagirdlərə və valideynlərə olduqca böyük torpaq sahələri olan fermer ailələrinin evləri də bir-birindən kifayət dərəcədə uzaqda yerləşdiyindən bu gün əlverişlidir.

Məktəbli nəqliyyatının tarixinə gəldikdə isə "Ford" konsernində çalışan A.L.Lusi ilk dəfə belə bir ideya irəli sürüb ki, nə üçün zavodlar uşaqları məktəbə aparıb gətirən xüsusi təyinatlı avtobuslar ("school bus") istehsal etməsinlər. Beləliklə, 1927-ci ildə ilk dəfə uşaqların daşınması üçün xüsusi nəqliyyat növü meydana gəlir. Hazırda bu cür "school bus"lar ABŞ-da, Kanadada, Böyük Britaniyada, Fransada, Almaniyada, Yaponiyada və Avstraliyada geniş yayılıb. Rusiyada 1999-cu ildən etibarən "məktəb avtobusları" istifadədir. Xüsusi təyinatlı belə nəqliyyatlar təhlükəsizlik baxımından da olduqca əlverişlidir. Təhlükəsizlik kəmərləri, aşağı sürət, xüsusi xəbərdarlıq siqnalları ilə təchiz olunma bu cür avtobuslar nəqliyyatın ən sürətli hərəkəti müşahidə olunan yollarda da üstünlüklər yaradır. Məsələn, bir çox ölkələrin müvafiq qanunvericiliyində göstərilir ki, "məktəb avtobusları"na yaxınlaşanda və ya yanından keçəndə sürət həddi mütləq aşağı salınmalıdır. Məhz buna görə də "məktəbli avtobusları" ən az qəzaya uğrayan nəqliyyat hesab edilir. Qeyd edək ki, biz heç də məktəb üçün nəzərdə tutulmuş xüsusi təyinatlı avtobusların istifadəyə verilməsinin vacibliyini vurğulamırıq. İstənilən iritutumlu bir nəqliyyat vasitəsinin məktəbin istifadəsinə verilməsi mümkündür. Bu nəqliyyatın maliyyələşdirməsinə şərait yaradılmasını və bunun üçün müvafiq strukturların xidmətindən faydalanmağa nail olmaq lazımdır.

Hər şeydən əvvəl, məktəbli avtobuslarının istifadəyə verilməsi valideynlərin vaxtına və puluna qənaət etmək deməkdir. Müəllifin şəxsi müşahidələrinin və valideynlərlə olan söhbətlərin ümumi nəticəsinə əsaslanaraq qeyd edə bilərik ki, müxtəlif sosial statuslara malik valideynlər birmənalı olaraq bu sistemin tətbiqinin tərəfdarıdır. Nəqliyyatda sərnişin sıxlığını nəzərə alaraq, məktəblilərin, xüsusilə ibtidai sinif şagirdlərinin müasir məktəbdə əldə etdiyi bilik və bacarıqlara çevik reaksiyası və bundan doğan zehni gərginliyə, üstəlik uzun yol qət etmək məcburiyyəti səbəbindən fiziki yorğunluq da əlavə olunur ki, bu da dərslərdə geriləməyə və mövzuların istənilən səviyyədə mənimsənilməməsinə gətirib çıxaran səbəblərdəndir. Rayon, şəhər və qəsəbə məktəblərində isə vəziyyət daha fərqlidir. Çünki bir inzibati vahidin ərazisində bir və ya iki məktəbin fəaliyyət göstərməsi yaxın və uzaq məsafədən asılı olmayaraq ətraf yaşayış məntəqələrində yaşayan əhaliyə övladlarını nisbətən yaxın məktəb axtarmağa seçim imkanı vermir. Qış aylarında isə vəziyyət daha acınacaqlı olur. Bütün sadalanan səbəblərə görə, övladını istər şəxsi nəqliyyat vasitəsində aparıb-gətirən imkanlı valideynlər, istərsə də buna imkanı çatmadığı üçün ictimai nəqliyyatdan istifadə edən imkansız valideynlər də "məktəbli avtobusları"nın istifadəyə verilməsini ailə büdcələri üçün olduqca əlverişli hesab edirlər. Digər tərəfdən, vahid məktəbli formasına keçidlə əlaqədar olaraq sosial statusundan asılı olmadan təhsil müəssisələrində ibtidai və yuxarı sinif şagirdlərinin sosial-iqtisadi fərqlərinin məktəbin xaricində qalmasını təqdir ediriksə, şübhəsiz ki, sinifdən kənarda da bir qism valideynlərin öz uşaqlarını xüsusi sürücülərin idarə etdiyi bahalı avtomobillərdə aparılıb-gətirməsini məqbul hesab etməməliyik.

Məsələnin psixoloji tərəfini də nəzərdən qaçırmamaq gərəkdir ki, bu da kiçik yaşlardan etibarən məktəbdənkənar ünsiyyətin formalaşması ilə bağlıdır. Məlumdur ki, məktəblilərin daim birlikdə məktəbə gəlib-getmələri qarşılıqlı səmimiyyət və kollektiv əhvali-ruhiyyənin yaranmasına və davamlı olmasına güclü təsir göstərir ki, bu da dərs zamanı məktəblilərdə psixoloji üstünlük yaradır, xüsusilə ona görə ki, bəzi məktəblilər dərs danışarkən, məsələ həll edərkən, yaxud interaktiv təlim zamanı müstəqil fikir yürüdərkən yoldaşlarının gülüş obyektinə çevrilə bilmək fobiyası onlarda çəkingənlik yaradır ki, bu da gələcəkdə özünəqapanma ilə müşahidə olunur və hətta daha ağır psixoloji zədələrə gətirib çıxarır. Bu fakt təcrübəli pedaqoqlara çoxdan məlumdur. Yəqin ki, hər kəs məktəb illərindən xatırlayar ki, siniflərində mütləq bir (neçə) şagird dərslərə mütəmadi olaraq gecikməklə tanınsın, müəllimin danlağına məruz qalsın, bəzən hətta tənəffüs zənginə qədər sinfə daxil olmağa utansın. Bu qayda ilə davam edərsə, həmin şagird haqqında "tənbəldir", "gecikir, bu tədbirə gələ bilməyəcək", "o çatdıra bilməyəcək, dəvət etməyək" kimi ittihamlarla üzləşəcək. Sözsüz ki, bu cür hallar gələcəkdə şagirdin xatirələrində xoş olmayan izlər buraxır və bir şəxsiyyət kimi formalaşma prosesində özünəinam hissini zəiflədən amilə çevrilir. Başqa sözlə, məktəbdənkənar ünsiyyətin sürətlə yox, əksinə, ilbəil tədricən yuxarı siniflərdə inkişaf etməsi şagirdlərin əksəriyyətində müşahidə olunan "yovuşmazlıq" hallarının ifrat artmasına və komplekslərin yaranmasına təsirsiz ötüşmür. Bu da cəmiyyətdə birliyin, kollektiv münasibətlərin zəifləməsinə, "yıxılan dostum deyilsə, mənim nə işimə", "bizdən biri deyil, nə işimə", "hər kəs özü üçün" kimi eqoist düşüncə tərzinin yaranmasına gətirib çıxarır ki, bu da birbaşa vətənpərvərlik tərbiyəsini zəiflədən və əzmkarlıq ruhunu boğan stereotiplərin inkişafına təkan verir.

Fikrimizcə, bu təşəbbüs həyata keçirilsə, tədrisin keyfiyyətindən başqa, eyni zamanda şagirdlərin dərsə davamiyyətinə, ən əsası dünyagörüşünə, psixologiyasına və sağlam düşüncə, kollektiv şəraitində mehriban ünsiyyət tərzinin kök atmasına mütləq öz müsbət təsirini göstərər. 

Nurlan MƏMMƏDOV,
Bakı Slavyan Universitetinin
doktorantı

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov