Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı bəşər sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq yer üzünə göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar gündə müsəlmanlar qurban ayinlərini icra etməklə, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və uca Yaradana yaxınlığın sevinc və fərəhini yaşayırlar.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun! 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov