Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Ay 2013 - №40

 

Beynəlxalq təhsil xəbərləri

 

Uşaqlara hansı yaşda xarici dili öyrətməli?

Alimlər tərəfindən aparılmış tədqiqatlar nəticəsində kiçikyaşlı uşaqların xarici dili öyrənməli olduğu ən optimal yaş müəyyən olunub. Amerika və Böyük Britaniya  neyro-fizioloqlarının birgə apardığı araşdırmalar nəticəsində məlum olub ki,  azyaşlılar  2-4 yaşda xarici dili daha yaxşı mənimsəyirlər. Alimlər hesab edirlər ki, bu dövrdə uşaqların beyni daha dinamik inkişaf edir.   

Tədqiqatlarda yaşı 1-6 olan 108 sağlam uşaq iştirak edib. Elmi araşdırma gedişində mütəxəssislər azyaşlı  iştirakçıların beynini tədqiq ediblər. Onları insanın doğum günündən formalaşmağa başlayan  əsəb tellərinin mielin örtüklərinin inkişafı maraqlandırıb. Mielin maddəsi örtüyü izolyator kimi iştirak edərək əsəb hüceyrələri arasında informasiyaların ötürülmə sürətini artırır. 

Müəyyən olunub ki, mielinin paylanması 4 yaşda tam başa çatır. Beləliklə də yeni informasiyaların daha çevik qəbul olunması inkişafın ən erkən dövrünə təsadüf edir.  Alimlərə görə, məhz bu faktor 4 yaşa qədər olan uşaqların yeni dili daha tez və daha asan mənimsəməsi səbəbini izah edir.


Amerikalı abituriyentlər kolleclərə daxil olmağa hazır deyil

Amerikalı abituriyentlərin əksəriyyəti kolleclərə daxil olmağa hazır deyil. Bu barədə Amerika Kollecləri Şurasının açıqlamasında qeyd olunur. "Universitet xəbərləri" jurnalının məlumatına görə, Birləşmiş Ştatlarda 2013-cü ildə  SAT (Scholastic Aptitude Test) imtahanlarını vermiş məktəblilərin  yalnız 50 faizi   ali təhsil sahəsində  uğur qazana bilər. Ötən il isə bu rəqəm 43 faiz təşkil edib. SAT testlərində iştirak etmiş məktəblilər 2400 mümkün baldan yalnız 1550 bal toplaya biliblər.  


Harvard Universitetinin alimləri 1 milyondan artıq məktəbli barədə toplanmış məlumatları təhlil ediblər

 Alimlər sübut ediblər ki, orta məktəb müəllimləri ilk təhsil illərində öz şagirdlərinin gələcəkdə uğurlu karyera qurmalarına təsir göstərirlər. 

Orta məktəbdə yaxşı müəllimlərdən dərs almış şagirdlər ali məktəblərdə də yaxşı davamiyyət və təhsil göstəriciləri nümayiş etdirirlər.  Harvard Universitetinin alimləri tərəfindən aparılmış tədqiqatlar göstərib ki, orta məktəb dövründə heç olmasa bir yaxşı müəllimdən dərs almış 9-13 yaşlı uşaqlar pis müəllim əlinə düşmüş yaşıdlarından fərqli olaraq çox böyük ehtimalla ali məktəblərə daxil ola və gələcəkdə uğurlu karyera qura bilərlər. 

Alimlər 1 milyondan artıq məktəbli barədə toplanmış məlumatları təhlil ediblər.  Harvard Universitetinin iqtisadiyyat professoru Qeri Çemberlen hesab edir ki, yaxşı müəllimlər yaxşı şagirdlər tərbiyə edirlər. Onun sözlərinə görə, bu fakt nə qədər aydın olsa da, onu elmi cəhətdən sübut etmək o qədər də asan deyil.    Q.Çemberlen Amerika şəhərlərindən birində  (şəhərin və iştirakçıların adları məxfi saxlanılır) 800 məktəbə aid məlumatları təhlil edib. Məlumatlarda şagirdlərin IV-VIII siniflərdə yerinə yetirdikləri test tapşırıqlarının nəticələri, kolleclərdə dərsə davamiyyətin vəziyyəti  və məzunların 28 yaşda gəlirləri əksini tapıb. 

Məlumatları təhlil edən tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, şagirdlərin təhsil uğurları onun yetkinlik yaşında gəlirlərini müəyyən edir. Q.Çemberlen bir məktəb çərçivəsində eyni müəllimlərin dərs dediyi müxtəlif sinifləri müqayisə etməyə imkan verən alqoritm hazırlayıb. Məlum olub ki, bəzi müəllimlər daim kolleclərə daxil olacaq tələbələr hazırlayır.  Yaxşı pedaqoqlardan dərs alan şagirdlərin dərsə davamiyyəti və təhsil uğurları yüksək olub. Bu isə daha çox  standart testlərdə əksini tapmayan tədris keyfiyyətləri ilə izah olunur; müəllimlər öz yetirmələrinə onları uğura aparan həyati bacarıqlar və vərdişlər aşılayırlar.  Yaxşı müəllimin verdiyi təhsil də gələcəkdə məzunların illik gəlirlərinin artmasına yol açır. 


Kanada universitetləri tələbələri yeni və innovativ vasitələrlə əmək bazarına hazırlayır

Kanada universitetləri gənclər üçün  gələcək karyera qurmalarında ciddi mərhələdir. Bu barədə Kanada Universitetləri və Kollecləri Assosiasiyasının bəyanatında qeyd olunur. Bildirilir ki, universitetlər bugünkü tələbələri əmək bazarına yeni və innovativ vasitələrlə hazırlayır. Universitet rəhbərliyi və tələbələr əmək bazarının tələblərinə cavab verən təhsilin vacibliyini etiraf edirlər. Tələbələr öz karyeralarını qurmaqda  eksperimental tədrisə xüsusi əhəmiyyət verirlər. Ölkədə təhsil alan tələbələrin tam yarısı üçün əmək təcrübəsi akademik tədris planlarına daxildir.

Ölkənin məşğulluq idarəsi bildirir ki, ali təhsil bu gün işsizlikdən xilas olmağın ən yaxşı təminatıdır.   2010-2011-ci illər ərzində yaşı 25-dən 64-ə qədər olan bakalavrların 3,7 faizini işsizlər  təşkil edib. Artıq tələbələr daha çox onları işlə təmin edə biləcək fənlərə meyil edirlər.

Tələbələr əsasən  biznes, hüquq, səhiyyə və mühəndislik peşələri ilə bağlı olan fənlərə üstünlük verirlər. Məşğulluq idarəsi qeyd edir ki, hazırda işəgötürənlər gənclərin ali təhsilli olmalarına diqqət yetirir. Məzunların əməkhaqları da əldə olunmuş ixtisaslardan asılıdır. Müəyyən olunmuşdur ki, biologiya və biotibbi elmlər üzrə ali təhsilə malik məzunlar ildə 60 min dollar qazanırlar. Beləliklə də Kanadada əmək bazarının özü məktəb məzunlarını ali təhsil almağa yönləndirir. Hazırda ölkədə 1,2 milyon tələbə var.


Rusiyada keyfiyyətsiz təhsil verən ali məktəblər bağlanacaq

Bu barədə Rusiyanın təhsil və elm naziri Dmitri Livanov açıqlama verib. Onun sözlərinə görə, ali məktəblərin fəaliyyətinin monitorinqinin nəticələrinə müvafiq olaraq keyfiyyətsiz təhsil verən universitetlər akkreditasiyadan məhrum olunacaq. "Uzun illərdir ki, bir sıra üzdəniraq ali məktəblər və onların filialları dövlət akkreditasiyaları almaqda davam edirlər. Artıq buna son qoyulacaq",- deyə nazir  Dövlət Dumasındakı çıxışında  bildirib.  D.Livanov əlavə edib ki, Təhsil və Elm Nazirliyinin hər hansı ali məktəbi və ya onun filialını bağlamaq, eləcə də tələbə sayını azaltmaq məqsədi yoxdur. "Əsas məqsəd gəncləri səmərəsiz, faydasız, bəzən də hətta saxta təhsildən qorumaqdır".

Qeyd edək ki, nazirlik 2012-ci ildə ali məktəblərin ilk monitorinqini keçirib. Monitorinqdə 541 dövlət ali məktəbi və onların 994 filialı iştirak edib. Nəticədə 30 universitet və onların 262 filialının qeyri-səmərəsiz olduğu bildirilib  və ya yenidən qurulması tövsiyə olunub.   Bu il keçirilən monitorinqdə əsas yenilik dövlət  ali məktəbləri ilə yanaşı özəl universitetlərin də bu prosesə cəlb olunmasıdır. 


İstedadlı məktəblilərin məlumat bazası yaradılır

Rusiya məktəblilərinin Olimpiada Şurası  istedadlı şagirdlərin portfolio bazasını yaradır. "Uçitelskaya qazeta"nın yazdığına görə,  bazada müxtəlif fənn olimpiadalarının qalibləri və onların uğurları əksini tapacaq.  Rusiya Rektorlar Birliyinin mətbuat xidməti qeyd edir ki, portfolioda həm də istedadlı uşaqlara və onların inkişaf etməsinə dəstək göstərməyə hazır olan hərbi-sənaye kompleksləri barədə məlumatlar toplanacaq.  Layihə çərçivəsində "Olimpiada portfoliosu - peşəkar start" İnternet saytın yaradılması da nəzərdə tutulub. Portalda Rusiyada ilk dəfə olaraq ən yaxşı olimpiada iştirakçılarının, gənc istedadları dəstəkləməyə hazır olan  işəgötürənlərin portfolio bazası yerləşdiriləcək.

Xarici mətbuat materialları əsasında hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov