Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Şərur rayonunun Xanlıqlar kənd tam orta məktəbinin yeni binasının açılışı olub

 

Böyütmək üçün şəkili seçin Oktyabrın 21-də Xanlıqlar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Xanlıqlar kənd tam orta məktəbinin direktoru Nürəddin Niftəliyev demişdir ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının inşası mühüm yer tutur. Xanlıqlar kənd tam orta məktəbi üçün müasir binanın tikilməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. Əsaslı şəkildə yenidən qurulan məktəb müasir avadanlıqlarla təchiz olunub. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xanlıqlar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir, ölkəmizdə yeni məktəb binaları tikilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəlməsinə, hər il ali məktəblərə qəbul olunan məzunların sayının artmasına səbəb olmuşdur".

Böyütmək üçün şəkili seçinAli Məclisin sədri məktəbin nəticələrinin uğurlu olduğunu bildirərək demişdir ki, ötən tədris ilində məktəbin 4 məzunu ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Ali məktəbə qəbul olan məzunlardan biri yüksək bal toplamışdır. Bütün bunlar isə şagird-müəllim münasibətlərinin düzgün qurulmasının, tələbkarlığın olmasının nəticəsidir. Məktəbin pedaqoji kollektivi bundan sonra da təhsil uğurlarının daha da artırılması istiqamətində səylə çalışmalıdırlar.

Ali Məclisin sədri demişdir: "Bu gün istifadəyə verilən yeni məktəb binası Xanlıqlar kəndində uşaqların yaxşı təhsil almasına, kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə hesablanmışdırsa, gələcəkdə buranı bitirən məzunlar ölkəmizin inkişafında yaxından iştirak edərək dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edəcəklər. Ona görə də məktəbə ölkənin gələcəyinə xidmət edən bir sahə kimi baxılmalı, məktəb işinə, təhsilin səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilməlidir".

Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin icrasında məktəbin kollektivinə uğurlar arzulayıb, rəmzi açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 396 şagird yerlikdir. Təhsil ocağında 22 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 2 kompüter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.

Məktəb kitabxanasına yeni ədəbiyyatlar və dərsliklər verilib, kitab fondu zənginləşdirilib, kimya, biologiya və fizika fənlərinin normal tədrisi üçün ayrıca laboratoriyalar yaradılıb.

Kompüter otaqlarında 38 kompüter quraşdırılıb və İnternetə qoşulub. Məktəbdə hər 6 şagirdə bir kompüter düşür. Sinif otaqlarında quraşdırılan 4 elektron lövhə isə interaktiv tədrisin daha səmərəli aparılmasına şərait yaradacaqdır.

Hərbi kabinetdə və idman zalında yaradılan şərait isə ilkin hərbi hazırlıq, eləcə də fiziki tərbiyə dərslərinin yüksək səviyyədə keçilməsinə imkan verəcəkdir.

Məktəbin həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov