Oktyabrın
23-də Bakı Dövlət Universitetində (BDU)
"İnformasiya-Kommunikasiya texnologiyalarının tətbiqi -
AİCT 2013" VII Beynəlxalq konfrans öz işinə başlayıb.
AICT 2013 Konfransı informasiya-kommunikasiya
texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi
ideyaları və müxtəlif mövzuları müzakirə etmək məqsədilə
iş adamları, tədqiqatçılar, alimlər və sahə üzrə
peşəkarları bir araya gətirmək üçün bir forumdur. Qeyd
edək, ki "AICT 2013" 7-ci Beynəlxalq konfransı Bakı,
Daşkənd və Tbilisi şəhərlərində keçirilən əvvəlki
konfransların davamıdır. Budəfəki konfrans Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi,
Qafqaz Universiteti, BDU, Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialı, AMEA İnformasiya
Texnologiyaları İnstitutu, Azərbaycan Texniki
Universiteti ilə birgə təşkil olunur.
Konfransı açan rektor, akademik Abel Məhərrəmov qeyd
edib ki, yüksək texnologiyalar əsri adlandırılan XXI
əsrdə postsənaye ölkələrinin iqtisadiyyat və
infrastrukturunun səviyyəsinin universal ölçüsünün İKT
olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu amil hökumətin
ardıcıl siyasəti nəticəsində telekommunikasiya,
teleradio yayımı, internet-infrastruktur və ümumilikdə
İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan
üçün də artıq uzun illərdir əhəmiyyət kəsb edir. Diqqətə
çatdırılıb ki, hələ 1990-cı illərdə ümummilli lider
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə İKT
sektorunu tənzimləyən ilk qanunlar qəbul edilib, mobil
rabitənin təşəkkülü üçün əlverişli şərait yaradılıb,
ilkin internet-infrastruktur və s. formalaşdırılıb.
Təsadüfi deyil ki, 2013-cü il Prezident İlham Əliyev
tərəfindən "İKT ili" elan olunub. Ölkəmizdə bu sahədə
bir çox vacib addımlar atılıb və əhəmiyyətli qərarlar
verilib, İKT sahəsinin inkişafında böyük rol oynayan
işlər görülüb. Ölkəmizin süni peykinin orbitə
çıxarılması bu sırada müstəsna yer tutan xüsusi
əlamətdar hadisədir və son illərdə Azərbaycanın müasir,
inkişaf etmiş, ən yeni və qabaqcıl texnologiyalara
yiyələnən ölkə kimi imicinin daha da möhkəmlənməsində bu
peykin müstəsna rolu vardır. İKT-yə hər zaman xüsusi
önəm verən ölkə Prezidenti cənab İlham Əliyev qeyd
etmişdir ki, "İKT sahəsində Azərbaycan, doğrudan da, son
illər ərzində böyük uğurlar əldə edib. Bu, həm biznes,
həm də zəka, intellekt sahəsidir. Eyni zamanda,
innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən
bir sahədir. Biz bu imkanlardan daha geniş şəkildə
istifadə etməliyik".
Daha sonra akademik Abel Məhərrəmov qeyd edib ki,
Azərbaycanın İKT sektorunda dinamik inkişaf müşahidə
edilir, yaxın gələcəkdə bu sahə energetika ilə yanaşı
ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri ola
bilər. Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə
keçid strategiyası qəbul etmiş birinci və yeganə
dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli
strategiyanı qəbul edən azsaylı ölkələrdən biridir.
Akademik Abel Məhərrəmov vurğulayıb ki, İnternet
istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB
ölkələri arasında liderdir və ümumdünya orta
göstəricisini 2 dəfə üstələyir.
Konfransda 26 ölkədən dəvət edilmiş nümayəndələrin 105
məruzəsi, o cümlədən Azərbaycanın müvafiq elm və təhsil
müəssisələrinin nümayəndələri tərəfindən təqdim edilmiş
məruzələr dinləniləcəkdir.
BDU-nun Mətbuat və informasiya şöbəsi |