Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Müstəqillik - qürur mənbəyimiz

 

Böyütmək üçün şəkili seçinXalqımızın minilliklərlə ölçülən tarixində yeni səhifə açmış müstəqillik günü oktyabrın 18-də Bakının Xətai rayonundakı 263 nömrəli  tam orta məktəbdə maraqlı bayram tədbiri ilə qeyd olunub. "18 oktyabr Azərbaycanın Müstəqillik Günüdür" adlı tədbir hər bir soydaşımız üçün qürur mənbəyi olan Dövlət bayrağının mərasimin keçirildiyi zala gətirilməsi və Dövlət himninin sədaları altında qaldırılması ilə başlanıb. Sonra səhnədəki ekranda ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən bəhs edən videoçarx nümayiş olunub.

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamənin, Ali Sovetin 18 oktyabr 1991-ci il tarixli sessiyasında  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan, həmin il  dekabrın 25-də keçirilən ümumxalq səsverməsindən ayrı-ayrı fraqmentlər diqqətə çatdırılıb. İştirakçılar, habelə, müstəqilliyimizi möhkəmləndirmək, dönməz və əbədi etmək naminə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında aparılan mübarizənin qısa xronologiyasını izləyiblər.

Sonra səhnə məktəblilərin ixtiyarına verilib. Şagirdlərdən Aynur, Aytən, Nərmin, Tuncay, Nuran, Ebrun və Aytac ulu öndərə həsr olunmuş şeirlər söyləyərək ona bəslədikləri sonsuz sevgini poeziyanın təsirli dili ilə ifadə ediblər. Bu sevgi kiçikyaşlı məktəblilər Həmidə və Nisənin çıxışlarında da öz təsirli ifadəsini tapıb. Aytac, Kənan, İbrahim, Nəzirə, Fatimə, Nuranə, Fidan, Hüseyn və Elmanın ifa etdiyi şeirlərdə isə Azərbaycanımızın füsunkar gözəllikləri vəsf olunub. Rübabənin rəfiqələri ilə birgə oxuduğu könülaçan mahnılar, Ceyhun, Nihad, Rəvan Yasəmən və Orxanın ifa etdikləri rəqslər də tədbirin yaddaqalan və tamaşaçılar tərəfindən alqışlanan nömrələrindən olub. Tədbir iştirakçıları, habelə, İsmayılla Nuranın sazla ifalarını, ölməz sənətkarımız Səməd Vurğunun "Azərbaycan", "Dağlar" şeirlərini özlərinə məxsus şirinliklə təqdim etmələrini də alqışlarla dəyərləndiriblər.

Mərasimdə söz alan məktəbin direktoru Nəsimi Abbasov ibtidai sinif müəllimi Yeganə Ağayevanın şagirdləri ilə birgə hazırladığı tədbiri yüksək qiymətləndirib, onun müstəqillik günündə pedaqojii kollektivə, məktəblilərə, valideynlərə və qonaqlara gözəl töhfə olduğunu bildirib. Direktor belə tədbirlərin şagirdlərin vətənpərvərlik tərbiyəsində, onların dünyagörüşünün genişlənməsində, fikir və düşuncələrini sərbəst ifadəetmə vərdişlərinin inkişaf etdirilməsində əhəmiyyətini vurğulayıb.

Çıxışında məktəbin son illərdəki bəzi uğurlarına da toxunan N.Abbasov bu il ali və orta ixtisas məktəblərinə qəbulda tədris ocaqlarının 76 faizlik nəticə göstərdiyini, 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olduğunu, məktəbin komandasının "Xəmsə" intellektual oyununun rayon turunda fərqləndiyini diqqətə çatdırıb və bu uğurların qazanılmasında müəllimlərin böyük zəhmət payı olduğunu qeyd edib.

Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, yazıçı-publisist Rafiq İmanov şagirdlərin bayram sevincinə qoşularaq tədbir iştirakçılarına ən xoş arzularını bildiriblər.

Tədbirin qonaqlarından olan Şəmkir rayonu Düyərli kənd 1 nömrəli tam orta məktəbin direktoru Vaqif Məmmədov çıxışında şagirdlərin intellektual səviyyəsinin və vətənpərvərlik hissinin yüksək olduğunu, sabah müstəqilliyimizin keşiyində dura biləcək belə nəslin yetişməsindən qürur duyduğunu söyləyib və rəhbərlik etdiyi tədris ocağı ilə  263 nömrəli tam orta məktəb arasında dostluq əlaqələrinin qurulmasını təklif edib. Təklif razılıqla qarşılanıb.

Tədbirin sonunda "Savalan" qəzetinin baş redaktoru Eldar Əliyev ötən tədris ilində təhsildə qazandığı uğurlara görə 263 nömrəli tam orta məktəbin kollektivinə, çoxillik səmərəli fəaliyyətinə və anadan olmasının 65 illiyi münasibəti ilə Şəmkir rayonu Düyərli kənd 1 nömrəli tam orta məktəbin direktoru Vaqif Məmmədova Azərbaycan Gənclər İttifaqının fəxri fərmanlarını təqdim edib. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov