Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Beynəlxalq təhsil xəbərləri

 

Fransa internet-təhsil sisteminə keçir 

 Bir çox yüzilliklər ərzində Avropa təhsilinin flaqmanı hesab olunan Fransa təhsilində inqilabi dəyişiklik baş verməkdədir. Fransa hökumətinin yeni qəbul etdiyi 2017-ci ilə qədər təhsil sahəsinin inkişafı proqramı ölkədə mütərəqqi addım hesab olunur. Proqramda başlıca innovasiya ondan ibarətdir ki, 2017-ci ilə qədər bütün universitetlər öz məşğələlərinin azı 20 faizini onlayn rejimdə aparmalıdır. Fransanın ali təhsil naziri Jenevıyev Fıorazo France Universite Numerique (FUN) adlı layihəsinin təqdimatını keçirib. 

Təhsil ekspertləri bu layihəni alqışlasalar da qeyd ediblər ki, Fransa internet-təhsil sahəsində ciddi surətdə gecikib. Çünki Amerikada  Harvard və Stenford da daxil olmaqla ən nüfuzlu  universitetlərin 80 faizi bütün dünya üzrə azad dinləyicilər və tələbələr üçün pulsuz onlayn-məşğələlər təşkil edirlər. Opinion Way şirkətinin apardığı sorğulara əsasən, tələbələrin yalnız 5 faizi, fransalı müəllimlərin cəmi 18 faizi Massive open online course adlandırılan onlayn-məşğələlərin necə aparılmasına dair bilgiyə malikdir. Təhsilalanların 20 faizi üçün bilikləri onlayn formada əldə etmək abstrakt anlayış hesab olunur.

Rəyi soruşulanların  20 faizi etiraf ediblər ki, onlar sadəcə maraq xatirinə onlayn-məşğələdə iştirak ediblər. Lakin onlayn-təhsilə olan tələbat çox yüksəkdir. Respondentlərin 61 faizi üçün onlayn-təhsil iş və təhsili  eyni vaxtda həyata keçirmək üçün əla imkandır.  Ali təhsil naziri Jenevıyev Fıorazo hazırladığı proqramın həyata keçirilməsinə nail olmaq üçün 12 milyon avro dəyərində milli platforma hazırlamağı nəzərdə tutub.  Nazir ilkin mərhələdə artıq gələn ilin yanvarından 20 kursun tətbiq olunmasını təklif edib. İlk onlayn-təhsil kursları Parisdə, Bordo Universitetində, Politexnik Məktəbdə tətbiq olunacaq. İlk kurslar biologiya, rəqəmsal texnika, səhiyyə, fəlsəfə və fizikanı əhatə edəcək. 

Qeyd edək ki, İspaniya və Böyük Britaniyanın bir sıra universitetləri artıq onlayn-təhsildə ciddi addımlar atıblar. Onlar tamamilə virtual təhsil üsuluna keçə biliblər.  Bu cür universitetlərin məzunları heç vaxt mühazirə zallarında oturmayıblar və əvvəldən distant təhsilə üstünlük veriblər.  Fransalı jurnalistlər qeyd edirlər ki, Fransa bu sahədə geridə qalmamalıdır. Digər ölkələrdə onlayn-sistemdə təhsil alan tələbələrin 70 faizi inkişaf etmiş ölkələrin, Çin, Braziliya, Hindistanın payına düşür. Onlar Fransa ali məktəblərində də çoxluq təşkil edirlər.

 

Rusiyada məktəblilər üçün zərərli informasiyaların siyahısı hazırlanıb 

Bundan sonra məktəblilər üçün zərərli olan informasiyaların siyahısı genişləndirilə bilər.  Şagirdlərə kütləvi informasiya vasitələrinin saytlarına  girmək və axtarış sistemlərindən istifadə etmək qadağan oluna bilər.

"Uçitelskaya qazeta"nın yazdığına görə, bundan əlavə, məktəblilərə avtomobillərə, məşhurlara, daşınmaz əmlak, tikinti, bağlar və  Təhsil və Elm Nazirliyinin uşaqların səhhəti və inkişafı  üçün zərərli hesab etdiyi digər informasiyaları oxumaq da qadağan olunacaq. Zərərli informasiyaların müvafiq  siyahısı artıq nazirlikdə işlənib hazırlanıb və razılaşdırmaq üçün Rabitə və Kommunikasiya Nazirliyinə göndərilib.

Rusiyanın təhsil və elm naziri Dmitri Livanovun imzaladığı müvafiq əmrdə uşaqların inkişafı üçün təhlükə törədən bütün zərərli informasiyaların siyahısı verilib. Əgər layihə təsdiqlənərsə, hava proqnozları, krossvordlar, bəzi  mahnı mətnləri, televiziya verilişləri, bağlar barədə məlumatlar, axtarış sistemləri və KİV-lər şagirdlər üçün qadağan olunmuş mövzular olacaq.   

 

10 yaşlı dahi 

İsveçrəli 10 yaşlı Maksimilian Yaniç bakalavr elmi dərəcəsi üçün riyaziyyatdan imtahan verərək Sürix Universitetinin tələbəsi adını qazanıb. Balaca dahi İsveçrədə məskunlaşmış alman ailəsində anadan olub. Onun valideynləri uzun illər əvvəl  universitetin riyaziyyat fakültəsinə daxil olmaq istəyiblər. Lakin bu, baş tutmayıb. Onların bu arzusunu öz istedadı ilə Sürix Universitetinin rektorunu da təəccübləndirmiş balaca dahi həyata keçirib.

Maksimilianın atası riyaziyyat müəllimidir, anası isə iqtisadçıdır. Valideynləri övladlarının doğrudan da nadir istedad sahibi olduğunu bildiriblər. O, orta məktəbin ilk 3 sinfini birdən keçib və 13 yaşlı uşaqlarla birlikdə kollecdə oxuyur. Maksimilian özünü tamamilə riyaziyyata həsr edib və hər gün atasının rəhbərliyi ilə müxtəlif tapşırıqları həll etməyə çalışır.

Təhsil ocağının rəhbəri Maykl Xenqartnerin sözlərinə görə, Maksimilian çox ağıllıdır və öz yaşına görə bir çox riyazi konsepsiyaları bilir. Rəsmi olaraq Maksimilian orta təhsil barədə sənədi  olmadan universitetə daxil ola bilməz. Buna görə də onu Sürix Universiteti nəzdindəki istedadlı yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş xüsusi  kursa qəbul ediblər.  Maksimilian özünə dost tapmaqda çətinlik çəkdiyini bildirib. Çünki onun kurs yoldaşları ondan çox böyükdürlər. "Mən Arximed (qədim yunan riyaziyyatçısı) barədə müzakirə apara biləcəyim bir şəxs tapa bilmirəm. Onların (kurs yoldaşları nəzərdə tutulur) bir çoxu hətta Qaussu (XIX əsrdə yaşamış məşhur alman riyaziyyatçısı) belə tanımırlar", - deyə 10 yaşlı dahi  şikayətlənib.  

"Uçitelskaya qazeta"nın materialları əsasında hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov