Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Oktyabr 2013 - №41

 

Təhsil müəssisələrində müstəqillik günü qeyd olunub

 

Müəllim ömrünü haqlı olaraq şama bənzədirlər. O şam  əridikcə yüzlərlə, minlərlə ürəkdə, beyində bilik və savad şöləsi yandırır. Müəllim  müqəddəs yol yolçusudur, o,  bu günümüzü və gələcəyimizi düşünür, mənalı ömründən  şagirdlərinə təmənnasız pay verir. Müəllim vətəninə, xalqına, ailəsinə, bütövlükdə cəmiyyətə layiq  olan vətəndaş yetişdirir. O müəllim xoşbəxtdir ki, öz ecazkar varlığı ilə şagird yaddaşına əbədi həkk olunur.

Bu gün dövlət tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğı  müəllimlərin yaradıcılıq imkanlarını genişləndirib. İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim çalışır.  Onlardan biri də  Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səmayə Hüseynovadır.

Səmayə Ağanəzər qızı Hüseynova 1953-cü ildə  oktyabrın 17-də Siyəzəndə anadan olub. 1960-cı ildə öz ənənələri olan, yüksək təhsil nəticələri ilə  nəinki rayonda, eyni zamanda regionda tanınan Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub. Məktəb illərində gələcəkdə  tarixçi ixtisasına yiyələnməyi  qarşısına məqsəd qoyub  və bu arzu ilə də o, 1970-ci ildə orta məktəbi bitirərək həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub. Ali məktəbdə fəallığı ilə seçilən S.Hüseynova müəllimlərinin və tələbə yoldaşlarının rəğbətini qazanıb, dəfələrlə rektorluğun və dekanlığın təşəkkürlərini alıb.

1974-cü ildə  ali təhsilini başa vuraraq  pedaqoji fəaliyyətə başlayan  Səmayə Hüseynova  bir neçə il Siyəzən şəhər 2 nömrəli əsas məktəbdə ixtisası üzrə müəllim işləyib. Pedaqoji işə sonsuz  məhəbbəti və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, 1979-cu ildə həmin məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. Təşkilatçılıq bacarığı, məsələlərə çevik yanaşma və obyektiv qiymət vermək qabiliyyəti dəyərləndirilərək o, 1989-cu ildə rəhbər orqanlarda (keçmiş rayon partiya komitəsində) işə dəvət olunub. Və burada iki il çalışıb. Ona dəfələrlə  müxtəlif vəzifələr təklif olunsa da  məktəbdə işləməyi, şagirdlərə tarixi, xüsusilə Azərbaycan tarixini öyrətməyi üstün tutub.

Səmayə müəllim 1991-ci ildən Siyəzən şəhərində ilk təhsil ocağı olan 3 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışır. Bu illər ərzində həm özünə, həm də müəllimlərə və şagirdlərə tələbkarlıqla yanaşaraq təlimin və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ardıcıl iş aparır. Müxtəlif mövzulara həsr olunmuş elmi-təcrübi konfranslarda, seminarlarda, şura iclaslarında çıxışları daim maraqla qarşılanıb. O, rayon ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin dayaq məntəqəsinin rəhbəri olaraq təhsil sahəsində  aparılan islahatlara, yeni təhsil proqramı (kurikulum) ilə işin əsas  xüsusiyyətlərinə  həsr olunan  "dəyirmi masa"lar təşkil edib, fikir mübadiləsi  aparıb. Müəllimlərin yaxın dostu və məsləhətçisi olan Səmayə müəllim eyni zamanda bir neçə ildir ki, AMİ-nin Sumqayıt filialının Siyəzəndə təşkil etdiyi aylıq kurslarda təlimçi-müəllim  kimi tarix fənninin tədrisinin müasir problemlərini həmkarlarına çatdırır. Respublika Təhsil Şurasının üzvüdür. Səmayə müəllim bacarıqlı pedaqoq olmaqla yanaşı, həm də səmimi bir insandır. Azərbaycan müəllimlərinin XI və XII, Azərbaycan qadınlarının II, III və IV qurultaylarının nümayəndəsi olan Səmayə müəllim 2007-ci ili həyatının ən uğurlu və unudulmaz ili  hesab edir. Həmin il Beynəlxalq Müəllimlər Günü ərəfəsində  möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Səmayə Hüseynova  bu fəxri adın həm şərəfli, həm də məsuliyyətli olduğunu söyləyir və daha əzmlə, yorulmadan pedaqoji fəaliyyətini davam etdirəcəyini deyir.

Səmayə müəllimi yubiley münasibətilə təbrik edir, ona cansağlığı, çətin və məsuliyyətli, eyni zamanda şərəfli pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. 

Cəfər BAĞIROV,

Siyəzən Rayon Təhsil Şöbəsi metodkabinetinin direktoru,
respublikanın əməkdar müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov