Naxçıvan Özəl Universitetində Dövlət Müstəqilliyi Günü
münasibətilə "Müstəqil Azərbaycan 22" mövzusunda
konfrans keçirildi. Universitetin tədris və elmi işlər
üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent
İbrahim Kazımbəyli konfransı açaraq xalqların və
millətlərin taleyində, formalaşmasında, dünyadakı
yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin,
dahi siyasətçilərin və müdrik dövlət başçılarının
müstəsna rolu olduğunu diqqətə çatdırdı.
Bildirildi ki, bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi
nadir dühalar isə özləri bütöv bir salnamə, tarix
yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik
rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq
qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi
şəxsiyyətlərin tarixin gedişində həlledici rol
oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli
nümunələrdəndir. XX-XXI əsrlərin qovuşuğunda
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq
müstəqil bir dövlət kimi formalaşması ümummilli lider
Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik
siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin
təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi
dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik
strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.
Konfransda vurğulandı ki, Heydər Əliyevin siyasi,
iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində
həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də
Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Hər bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi var. 1993-cü ilin iyun günlərində
Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində,
nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin
özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda
məhz öz tarixi müdrikliyinə söykəndi və son dərəcə
düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi xadim,
ümummilli lider Heydər Əliyevi respublika rəhbərliyinə
dəvət etdi. Beləliklə də 20 il bundan öncə ulu öndər
Heydər Əliyevin titanik siyasi kursu ətrafında sıx
birləşən və milli qurtuluşa, dövlət müstəqilliyinin
xilasına nail olan Azərbaycan xalqı bununla onu böyük
gələcəyə, sosial firavanlığa, xoşbəxt gələcəyə aparan
davamlı inkişaf yoluna səfərbər oldu.
Qeyd olundu ki, artıq dövlət müstəqilliyinin bərpasının
22-ci ilini yaşayan Azərbaycanın bu dövrdə əldə etdiyi
dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq
nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı
inkişafının təmin olunması, xalqın rifah halının
mütəmadi olaraq yüksəlməsi və digər tarixi nailiyyətlər
silsiləsi məhz ümummilli lider Heydər Əliyevin xalqın
çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışından
başlanır.
Sonra universitetin humanitar elmlər kafedrasının
müdiri, dosent Elbrus İsayevin "Azərbaycanın dövlət
müstəqilliyi xalqımızın böyük tarixi nailiyyətidir",
humanitar elmlər kafedrasının müəllimləri, fəlsəfə üzrə
fəlsəfə doktoru Səbuhi İbrahimovun "Müstəqil
Azərbaycanın dövlət quruculuğunda milli mənəvi və bəşəri
ideyalar", Rövşən İsmayılxanlının "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin hüquqi əsasları",
tarix ixtisası üzrə III kurs tələbəsi Nəsib Mustafayevin
"Müstəqil Azərbaycanda dövlət gənclər siyasəti"
mövzularında məruzələri dinlənildi. Məruzələrdə Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı kimi Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi
xəttin bütün konturları ilə Azərbaycanın dövlət
müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və
sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə
xidmət etdiyi vurğulandı.
Sonda tələbələr vətənimizə həsr edilmiş şeirləri bədii
qiraət etdi, müstəqilliyimizi əks etdirən slayd nümayiş
etdirildi.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri |